Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Uşaqlar (Valideynlik hüquqları və dövlət himayəsi - 2)

25.11.2022

  Uşağın tərbiyəsi üçün daha əlverişli mühitə yerləşdirilə bilməsi faktı onun bioloji valideynlərinin himayəsindən məcburi qaydada alınması tədbirinə haqq qazandıra bilməz; valideynlərin Avropa Konvensiyasının 8-ci maddəsi əsasında uşaqla birlikdə ailə həyatından yararlanmaq hüquqlarına bu cür müdaxilənin "zəruri" olduğunu göstərən digər hallar mövcud olmalıdır (K. və T. Finlandiyaya qarşı [BP], §173). Ananın maddi vəziyyətini əsas gətirərək və sonradan bu vəziyyətdə dəyişiklik baş verdiyini nəzərə almadan uşağın ananın himayəsindən alınmasına haqq qazandırıla bilməz (R.M.S. İspaniyaya qarşı, §92).
  Himayəyə vermə barədə qərara müvəqqəti qərar kimi baxılmalı və şərait imkan verən kimi ona xitam verilməlidir, müvəqqəti himayənin icrasına yönələn istənilən tədbirlər nəticə etibarı ilə bioloji valideynlərlə uşağın qovuşması məqsədinə uyğun olmalıdır (Olsson İsveçə qarşı (№1), §81). Səlahiyyətli orqanların praktiki cəhətdən mümkün olan kimi ailənin qovuşmasını asanlaşdıran tədbirlər görməkdən ibarət pozitiv öhdəliyi himayə müddəti başlandıqdan dərhal sonra yaranır və balanslaşdırma apararkən uşağın üstün maraqlarını daim nəzərə almaq vəzifəsinə riayət edilməsi şərti ilə zaman keçdikcə bu öhdəlik daha da güclənir (K. və T. Finlandiyaya qarşı [BP], §178).
  Avropa Konvensiyasının 8-ci maddəsinin tələbinə əsasən, məhkəmələrin qərarları prinsipcə valideynlərlə uşaqlarının görüşməsini asanlaşdırmağa yönəlməlidir ki, onlar ailənin qovuşması məqsədi ilə əlaqələrini yenidən qura bilsinlər və həmin qərarlar səmərəli və ardıcıl şəkildə həyata keçirilməlidir. Qəbul edilmiş qərar faktiki olaraq uşağın bioloji valideynindən birdəfəlik ayrılmasına səbəb olan tərzdə icra edilirsə, valideynlə uşağın görüşməsi barədə qərar öz məntiqi məqsədindən məhrum edilmiş olur.
  Ərizəçilərin vəziyyətində müsbət irəliləyişlərin ola biləcəyinə dair dəlillər nəzərə alınmadan ərizəçilərin uşağının dövlətin himayəsinə verilməsi barədə fövqəladə qərarın qəbul edilməsi və dövlət orqanları tərəfindən ərizəçilərin ailə olaraq qovuşması istiqamətində yetərli addımlar atılmaması ailə həyatına hörmət hüququnun pozuntusunu təşkil edir, amma sonradan uşağın himayəyə verilməsi barədə adi qərarın qəbul edilməsi və ərizəçilərin uşaqla görüşlərinin məhdudlaşdırılması həmin hüququn pozuntusunu təşkil etmir (K. və T. Finlandiyaya qarşı [BP], §170, 174, 179 və 194).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.