Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prokurorluğunun beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir

12.11.2022

  9-11 noyabr tarixlərində Koreya Respublikasının Seul şəhərində hibrid formatda BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) təşkilatçılığı ilə “İdarəetmə, cinayətkarlıq və ədalət mühakiməsinin statistikası” üzrə 6-cı beynəlxalq konfrans keçirilib.

  BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) nümayəndələrinin, 80-dən artıq ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, İtaliya, Litva, Kanada, Avstraliya, Argentina, Koreya və digər dövlətlərin müvafiq qurumlarının təmsilçilərinin və qabaqcıl təhsil müəssisələrinin mütəxəssislərinin də qatıldığı tədbirdə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi - idarə rəisinin müavini Sahib İsmayılov videokonfrans formasında iştirak edib.

  Tədbirdə idarəçilik, cinayətkarlıq və ədalət mühakiməsi sahəsində statistik təhlillərin təkmilləşdirilməsi yolu ilə müsbət nəticələrin əldə edilməsi, ətraf mühit, korrupsiya, insan alveri kimi transmilli cinayətlərin qarşısının alınmasında real göstəricilərin əldə edilməsi, ən yaxşı təcrübələrin öyrənilməsi, kibercinayətkarlıqla mübarizədə süni intellektin perspektivləri və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

  Konfransda ölkələrin idarəçilik, cinayətkarlıq və ədalət mühakiməsi sahəsində statistik fəaliyyətlərinin təkmilləşdirilməsinin, təhlillərin aparılmasında dolğun məlumatların əldə edilməsinin və qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanmaqla növbəti konfransın önümüzdəki iki il ərzində keçirilməsi qeyd edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.