Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Uşaqlar (Valideynlik müavinətləri, uşaqla görüşmək və təmasda olmaq hüquqları)

10.11.2022

Avropa Məhkəməsi bildirmişdir ki, Avropa Konvensiyasının 8-ci maddəsi valideynlik məzuniyyəti hüququnu nəzərdə tutmasa da və ya dövlətin üzərinə valideynlərin ödənişli valideynlik məzuniyyətinə buraxılmasını təmin etmək kimi pozitiv öhdəlik qoymasa da, valideynlərdən birinin uşaqlara qulluq etmək üçün evdə qalmasına imkan yaradan valideynlik məzuniyyəti və bununla əlaqədar müavinətlər ailə həyatının təşviqinə şərait yaradır və təşkili qaydasına labüd surətdə təsir edir; buna görə də valideynlik məzuniyyəti və valideynlik müavinətləri Konvensiyanın 8-ci maddəsinin tətbiq dairəsinə düşür (Konstantin Markin Rusiyaya qarşı [BP], §130; Petroviç Avstriyaya qarşı, §26-29; Di Trizio İsveçrəyə qarşı, §60-62). 
Uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus (o cümlədən beynəlxalq miqyasda) mövcuddur (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], §135; X Latviyaya qarşı [BP], §96). Uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur (Şahin Almaniyaya qarşı [BP], §66). Bununla belə, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], §134). Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir. Buradan belə nəticə çıxır ki, ailə əlaqələri yalnız son dərəcə müstəsna hallarda kəsilə bilər və şəxsi münasibətlərin qorunub saxlanması və məqsədəuyğun hallarda ailə münasibətlərinin "bərpa edilməsi" üçün mümkün olan hər şey edilməlidir (Qnaore Fransaya qarşı, §59).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.