Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Uşaqlar (Bioloji ata və uşaq arasında bağlılıq əlaqələri)

04.11.2022

Avropa Məhkəməsi qeyd edir ki, Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş "ailə həyatı" anlayışı yalnız nikaha əsaslanan münasibətlərlə məhdudlaşmır və tərəflərin nikahdankənar münasibətdə olmaqla birgə yaşamasına əsaslanan faktiki "ailə" əlaqələrini də əhatə edə bilər (Kiqan İrlandiyaya qarşı, §44; Kroon və başqaları Niderlanda qarşı, §30). Qərara alınıb ki, bu prinsip bioloji ataların nikahdan kənar doğulmuş uşaqları ilə münasibətlərinə də tətbiq edilir. Bundan əlavə, Avropa Məhkəməsi hesab edir ki, Konvensiyanın 8-ci maddəsi təkcə qurulmuş olan ailə həyatını müdafiə edən maddə kimi şərh edilə bilməz, şəraitin şərtləndirdiyi müvafiq hallarda o, həm də bioloji atanın nikahdan kənar doğulmuş uşağı ilə sonradan yarana biləcək münasibətlərinə də tətbiq edilməlidir (Nyulund Finlandiyaya qarşı (qərardad); Şavdarov Bolqarıstana qarşı, §40).
Ailə həyatının mövcud olması və ya olmaması nikahdan kənar doğulmuş uşaqla onun bioloji atası arasında formalaşa biləcək potensial münasibətlərlə əlaqədardırsa, o halda əhəmiyyətli amillər sırasına bioloji valideynlər arasında münasibətlər və uşaq doğulana qədər və doğulduqdan sonra atanın uşağa münasibətdə maraq və bağlılıq nümayiş etdirməsi daxildir (Nyulund Finlandiyaya qarşı (qərardad)). Sadəcə bioloji qohumluq əlaqəsinin olması, amma sıx şəxsi bağlılıq münasibətlərinin olduğunu göstərən hər hansı əlavə hüquqi və ya faktiki elementlərin mövcud olmaması Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş müdafiənin bu əlaqəyə şamil olunması üçün yetərli deyil (L. Nuderlanda qarşı, §37-40). Digər tərəfdən, ərizəçinin valideynlik hüquqlarına xitam verildikdən sonra uşağın üstün maraqları nəzərə alınmadan ərizəçinin uşağın həyatından tamamilə və avtomatik olaraq çıxarılması ərizəçinin ailə həyatına hörmət hüququnun pozuntusunu təşkil edir (Nazarenko Rusiyaya qarşı, §65-66; Mande Fransaya qarşı, §58).
Uşaqla onun valideynləri arasında elə bir bağlılıq əlaqəsi mövcuddur ki, hətta onun valideynləri daha birgə yaşamasalar belə və ya münasibətlərinə son qoysalar belə, həmin əlaqə "ailə həyatı" təşkil edir (Berrehab Niderlanda qarşı, §21).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.