Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Uşaqlar (Bioloji ana və uşaq arasında bağlılıq əlaqələri)

01.11.2022

  Şəxsin bioloji ana olması faktı ona səlahiyyət verir ki, özünün və uşaqlarının maraqlarını müdafiə etmək məqsədi ilə həm özünün, həm də uşaqlarının adından Avropa Məhkəməsinə müraciət etsin (M.D. və başqaları Maltaya qarşı, §27). 
  Avropa Məhkəməsi subay qadını və onun uşağını digər ailələrdən aşağı tutulmalı olmayan ailə forması kimi qiymətləndirir. Dövlət nikaha daxil olmayan ananın və onun uşağının ailə həyatının formalaşması üçün imkan yaratmağa hesablanmış addımları atarkən doğum əlaməti əsasında hər hansı ayrı-seçkiliyə yol verməkdən çəkinməlidir (Marks Belçikaya qarşı, § 31 və 34). 
  Uşağının övladlığa götürülməsinə şüurlu sürətdə razılıq vermiş bioloji valideynin sonradan bu qərarından imtina etməsinə qanunla icazə verilməyə bilər (I.S. Almaniyaya qarşı), lakin belə qərar qəbul etmək üçün valideyn fəaliyyət qabiliyyətinə malik şəxs olmalıdır. Qanunvericilikdə valideynlik hüquqlarının qorunması üçün yetərli müddəalar yoxdursa, o halda uşağın övladlığa verilməsi barədə qərar ananın ailə həyatına hörmət hüququnu pozmuş olur (Çjou İtaliyaya qarşı). Eynilə, uşaq əsassız olaraq himayəyə verilərək anasından ayrı salındıqda və yerli hakimiyyət orqanı məsələnin həlli üçün məhkəməyə müraciət etmədikdə, bioloji ana qızının himayə məsələsinə aid qərarın qəbul edilməsi prosesində lazımi qaydada iştirak etmək və beləliklə maraqlarını müdafiə etmək imkanından məhrum edilmiş olur ki, bu da ailə həyatına hörmət hüququnun pozulması ilə nəticələnir (T.P. və K.M. Birləşmiş Krallığa qarşı [BP], §83).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.