Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Uşaqlar (Ailə üzvü ilə birlikdə olmaq hüququndan qarşılıqlı istifadə)

28.10.2022

  Valideynlə uşağın birlikdə olmaq hüququndan istifadə etmələri Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş "ailə həyatının" fundamental elementini təşkil edir (valideynlər arasında əlaqələr qırılmış olsa belə) və daxili qanunvericilikdə bu hüquqdan istifadəyə maneə yaradan tədbirlərin nəzərdə tutulması Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqa müdaxiləyə bərabərdir (Monori Rumıniya və Macarıstana qarşı, §70; Zoritsa Yovanoviç Serbiyaya qarşı, §68; Kutsner Almaniyaya qarşı, §58; Elsholts Almaniyaya qarşı [BP], §43; K. və T. Finlandiyaya qarşı [BP], §151). 
  Avropa Məhkəməsi müəyyən etmişdir ki, məhkəmə araşdırması aparılmadan ərizəçinin gizli şəkildə oğurlanması və əsassız olaraq həbsdə saxlanması ailə üzvlərinin birlikdə olmaq hüququndan qarşılıqlı surətdə istifadə etmək imkanından məhrum edilməsi ilə nəticələnib və beləliklə 8-ci maddəni pozmuş olub (Əl-Məsri keçmiş Yuqoslaviya respublikası Makedoniyaya qarşı [BP], §248-250). Avropa Məhkəməsi, həmçinin ərizəçinin bir ildən artıq müddətdə ailəsindən ayrı salınaraq təcrid olunmuş halda saxlanıldığı və onun vəziyyəti barədə ailəsinin heç bir məlumatının olmadığı işdə 8-ci maddənin pozulduğunu müəyyən etmişdir (Nəsr və Qali İtaliyaya qarşı, §305). 
  Həmçinin Avropa Məhkəməsi müəyyən etmişdir ki, dövlətin davamlı olaraq ərizəçiyə oğlunun taleyi barədə doğru məlumat verməməsi ailə üzvü ilə birlikdə olmaq hüququndan qarşılıqlı surətdə istifadə etmək hüququnun və ailə həyatına hörmət hüququnun davamedici pozuntusunu təşkil edir. (Zoritsa Yovanoviç Serbiyaya qarşı, §74-75). 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.