Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir

25.10.2022

  Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair qarşıya qoyulmuş hədəflərə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. 
  Belə ki, cari ilin 19-21 oktyabr  tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin Hüquq-Mühafizə Orqanları Şəbəkəsinin növbəti 12-ci iclası keçirilmişdir.
  Türkiyə, ABŞ, Belçika, Polşa, Rumıniya və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin  prokuroru Zeynal Zeynalov və Baş İdarənin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı Orxan Qazızadə təmsil etmişlər.
Görüşdə «COVİD-19» pandemiyası və digər fövqəladə hallar fonunda baş vermiş korrupsiya hallarının aşkar edilməsi, araşdırılması və təqib edilməsi zamanı əsas tendensiyalar, çətinliklər, müxtəlif ölkələrdə bu sahədə fəaliyyət göstərən qurumlar arasında qarşılıqlı əməkdaşlıq, iri infrastruktur layihələri və dövlət satınalmalarında korrupsiyanın qarşısının alınması ilə bağlı tədbirlər, korrupsiya hüquqpozmalarının müəyyən edilməsinin müxtəlif mənbələri, həmin qəbildən olan hüquqpozmalara qarşı mübarizədə jurnalistlərin rolu və digər məsələlər barədə ətraflı müzakirələr aparılmışdır.
  Sözügedən müzakirələr zamanı çıxış edən nümayəndələrimiz tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış nəticəyönümlü islahatlar, habelə Azərbaycan Respublikası Prokurorluğunun korrupsiya cinayətlərinin istintaqı sahəsində mövcud təcrübəsi barədə məlumat verilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.