Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq orqanlarının xarici tərəfdaşlarla əməkdaşlığına dair sazişlərin icrası istiqamətində tədbirlər davam etdirilir

24.10.2022

       Cari ilin 20 oktyabr tarixində ölkəmizə işgüzar səfərdə olan İran İslam Respublikasının Baş Təftiş Təşkilatının sədr müavini Əhməd Rəhmaniyanın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ikitərəfli görüş keçirilmişdir.
       Qonaqları salamlayan Baş prokurorun müavini-Baş İdarə rəisi Nazim Rəcəbov onlara ölkəmizdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən sistemli islahatların müxtəlif aspektləri barəsində geniş məlumat vermiş, bu istiqamətdə görülmüş işlər çərçivəsində mütərəqqi hüquqi-institusional yeniliklərdən, vətəndaşlara xidmət sektorunda innovativ həlləri özündə ehtiva edən “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyətindən bəhs etmişdir. Çıxışda həmçinin, antikorrupsiya sahəsində ixtisaslaşmış qurumların fəaliyyətinə də toxunulmuş, prokurorluq orqanlarında aparılmış köklü islahatlar kontekstində Baş İdarənin əldə etdiyi müsbət təcrübələrə dair məlumatlar xarici nümayəndələrin diqqətinə çatdırılmışdır.
  İkinci Qarabağ müharibəsi nəticəsində ölkəmizin əldə etdiyi parlaq qələbəyə də toxunan Nazim Rəcəbov həmçinin əlavə etmişdir ki, işğaldan azad edilən ərazilərin inkişafı, milli iqtisadiyyata sürətli inteqrasiyası, orada ən müasir infrastrukturun qurulması hazırda dövlətimizin başlıca prioritetlərindən biri hesab olmaqla, həmin iqtisadi zonalarda şəffaf və əlverişli investisiya mühiti formalaşdırılmışdır.
Səmimi qəbula görə minnətdarlığını bildirən İran İslam Respublikasının Baş Müfəttişliyi Təşkilatının sədr müavini Əhməd Rəhmaniyan Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatları yüksək dəyərləndirmiş, çoxəsrlik dostluq əlaqələrinə malik olan ölkələrimiz arasındakı bu sıx münasibətlərin cinayətkarlığa qarşı mübarizə baxımından da səmərəli olacağından əminliyini ifadə etmişdir. Eyni zamanda təmsil etdiyi ölkədə korrupsiya cinayətlərinin istintaqı və məhkəmə baxışı ilə əlaqədar tətbiq edilən yeni prosessual qaydalar və bu sahədə aparılan elmi tədqiqat işləri barədə məlumat verən xarici nümayəndə heyətinin rəhbəri tərəflərin əldə etdikləri bu uğurlu nümunələrin qarşılıqlı mübadiləsinin əhəmiyyətini qeyd etmişdir.
  Görüşün davamında 2018-ci ildə iki qurum arasında imzalanmış “Korrupsiyaya qarşı mübarizənin qarşısının alınması haqqında” Anlaşma Memorandumunun icra vəziyyəti müzakirə edilmiş, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi fonunda həmin sənəddə əks olunmuş müddəaların gələcək perespektivləri istiqamətində fikir mübadiləsi aparılmışdır.
  Sonda qonaqlar Baş İdarənin müasir inzibati binasında yaradılmış səmərəli əmək şəraiti ilə tanış olmuş, qurumun informasiya-kommunikasiya və kriminalistik təchizatı, habelə digər elmi-texniki imkanları barədə məlumatlandırılmışlar.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.