Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilmişdir

24.10.2022

  Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq onlarda hüquqi biliklərin artmasına, praktiki bacarıqlarının formalaşmasına töhfə verilməsi, eləcə də prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən ardıcıl tədbirlər davam etməkdədir.
  Bu tədbirlərin davamı olaraq, 22 oktyabr 2022-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən təşkil olunan, dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilmişdir.
  Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli iştirak etmişdir.
  “Şahidi dindirmə prosesi” mövzusunda təşkil edilən təlimdə dinləyici qismində isə Azərbaycan Respublikasının müxtəlif universitetlərinin hüquq fakültələrində təhsil alan tələbələr iştirak etmişlər.
  Təlim zamanı Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Anar Mirkişiyev və  Elm-Tədris Mərkəzinin böyük prokuroru Çingiz Əli-zadə tərəfindən dinləyicilərə mühazirələr oxunmuş və onları maraqlandıran suallar cavablandırılmışdır.
  Təlimin sonunda təlimçilərə təşəkkürnamə təqdim olunmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.