Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsini şərh etmişdir

13.10.2022

  Konstitusiya Məhkəməsinin Plenumunun 15.09.2022-ci il tarixli qərarına əsasən  Cinayət Məcəlləsinin 125-ci maddəsinin mənasına görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma təqsirin birbaşa və ya dolayı qəsd formasında törədilir;

- Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və “amansız rəftar etmə” qiymətləndirmə tələb edən əlamətlər olduğundan, şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında  səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

  Bundan başqa, qərarda qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayanların şəxsiyyətinin xüsusiyyətləri (şüurun tam formalaşmaması və emosional qeyri-sabitlik) bu kateqoriyadan olan şəxslərə qarşı törədilən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə nəzərdə tutulan əməlin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, yetkinlik yaşına çatmayanlar arasında “bullinq” (zərərçəkmişin bir qrup şəxs tərəfindən təzyiq və aqressiv davranışın hədəfi olması) hallarının, həmçinin internet şəbəkəsində  intihara təhrik, sövq edən oyunların, virtual “ölüm qruplarının” yayılması Cinayət Məcəlləsinin 125-ci maddəsinə yeni tərkibin əlavə edilməsi zərurətini yaradır.  

  Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunverici tərəfindən yetkinlik yaşına çatmayanları özünü öldürməyə təhrik, sövq, təbliğ və ya köməklik etməyə görə daha ağır cinayət məsuliyyətinin müəyyən edilməsi məqsədəmüvafiqdir.

  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.