Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluq tərəfindən beynəlxalq əməkdaşlıq sahəsində əlaqələr uğurla inkişaf etdirilir

10.10.2022

  Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onlar tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və əldə edilmiş biliklərin təcrübədə tətbiq edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
  Belə tədbirlərin davamı olaraq, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Yelena Qasımova cari ilin 5-7 oktyabr tarixlərində Çexiyanın Telç şəhərində “Regionlarda Kibertəhlükəsizlik və Dayanıqlılıq üçün Rəqəmsal Tərəfdaşlıq” mövzusunda keçirilmiş konfransda iştirak edib.
  Konfrans Çex Respublikasının Avropa İttifaqı Şurasına sədrliyi ilə əlaqədar Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Çex Respublikasının Xarici İşlər Nazirliyi, Regional İnkişaf Nazirliyi və Milli İnformasiya Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil edilib.
Dörd əsas sessiyadan ibarət tədbir zamanı Avropa ölkələrində kibertəhlükəsizlik sahəsində hazırkı vəziyyət, kiber təhdidlər və kiber hücumlar, onlarla mübarizə üsulları, kibertəhlükəsizlik və kiberdavamlılıq sahəsində potensialın artırılması üzrə təcrübə mübadiləsi, bu sahədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsi və sair məsələlər müzakirə olunub.
  Konfransda Fransa, Çexiya, İsveç, Estoniya, Moldova, Gürcüstan, Azərbaycan, Ukrayna və bir sıra digər ölkələrin dövlət orqanlarının nümayəndələri və bu sahədə mütərəqqi təcrübəyə malik ekspertləri iştirak ediblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.