Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Baş Prokurorluğunda Xarici İşlər Nazirliyi ilə birgə brifinq keçirilmişdir

06.10.2022

6 oktyabr tarixində Baş Prokurorluqda erməni silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bugünədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Xarici İşlər Nazirliyi ilə birgə brifinq keçirilmişdir.
Brifinqdə 60-a yaxın ölkənin səfirləri, diplomatik korpusun digər əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, eyni zamanda yerli və xarici media təmsilçiləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev brifinqdə çıxış edərək 1980-ci illərin sonlarından Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilərin, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporunun Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, etnik zəmində təxribatları və terror əməlləri ilə başlamış münaqişənin ölkəmizə qarşı hərbi təcavüzlə nəticələndiyini, 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayan 250 mindən çox azərbaycanlının öz tarixi torpaqlarından qəddarlıqla deportasiya edildiyini, həmçinin bir milyona yaxın soydaşımızın məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, 1988-1994-cü illəri əhatə edən müharibə zamanı ölkəmizin suverenliyinə qarşı təcavüzkar siyasət konkret cinayətlərin törədilməsi ilə müşayiət olunmaqla Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirmiş, Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə iştirakı ilə Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində, Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində və digər yerlərdə dinc əhali amansız şəkildə sistematik etnik təmizləməyə və soyqırımına məruz qalmışlar.
İşğal zamanı yüzlərlə yaşayış məntəqəsi, tarixi, dini, mədəni abidələr talan edilməklə urbisidə yol verilmiş, çoxsaylı ekoloji cinayətlər (ekosid) törədilmiş, minlərlə meşə fondu torpaqları məhv edilmiş, qanunsuz sahibkarlıq fəaliyyətləri həyata keçirilmişdir. 
Qeyd edilmişdir ki, Vətən müharibəsi dövründə də beynəlxalq konvensiyaların tələblərini pozan erməni birləşmələri Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Mingəçevir və digər rayonları mərmi və raketlərlə atəşə tutaraq 10-u uşaq, 28-i qadın olmaqla 93 dinc sakinin öldürülməsi, 454 mülki şəxsin yaralanmasına, minlərlə evin dağıdılaraq mülki təyinatlı obyektlərə ziyan vurulmasına səbəb olan müharibə cinayətlərini törətmişlər.
Bununla yanaşı, hərbi təcavüzün davamı olaraq müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 44 şəxsin həlak olduğu, 213 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilmişdir.
Baş Prokurorluq tərəfindən hər iki Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən yol verilmiş hər bir cinayət faktı üzrə cinayət işləri başlanmaqla təqsirli şəxslərin müəyyən edilərək beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılmışdır.
Bununla yanaşı, Azərbaycan Ordusunun əsgər və zabitlərinin torpaqlarımızın işğaldan azad edilməsi zamanı göstərdikləri rəşadət və əzmə, eləcə də əldə olunmuş qələbəyə kölgə sala biləcək bəzi hərbi qulluqçuların döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülərlə əlaqədar müvafiq istintaq hərəkətləri aparılmaqla təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi bildirilmişdir.
Baş prokuror Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc yaşayış məntəqələrinin raket atəşinə tutulması, eləcə də erməni hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş azərbaycanlı hərbçilərin meyitləri üzərində təhqiredici hərəkətlər etmələri, habelə əsir götürülmüş azərbaycanlı hərbçilərlə qeyri-insani rəftarı əks etdirən videogörüntülərlə bağlı Ermənistanın hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluğu tərəfindən hər hansı araşdırma aparılmamaqla tədbir görülmədiyini diqqətə çatdırmışdır.
Brifinqdə Ermənistan hüquq mühafizə orqanlarının da analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və ictimaiyyəti məlumatlandırmağa çağırılmışdır.
Birifinqdə çıxış edən Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, eləcə də mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədildiyi, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilmədiyi bildirilməklə Ermənistanın səbəbkarı olduğu mina təhlükəsinin bu gün də bölgədə insanların həyatına ciddi hədə olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Bildirilmişdir ki, Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı Ermənistanın bir tərəfdən mina xəritələrini hələ də tam olaraq Azərbaycana verməyərək, digər tərəfdən yeni minalar basdırmaqla Azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirməklə yanaşı Ermənistan hökuməti tərəfindən törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbir görülməmişdir.
Nazir müavini E.Məmmədov, xarici dövlətlərin diplomatik nümayəndələrinə, Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi çoxsaylı hərbi cinayətlərə məsul olan şəxslərin qanun qarşısında cavab verməsini təmin etməsi üçün çağırışların edilməsi müraciətini səsləndirmişdir.
Tədbirdə erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayətlərə dair geniş təqdimat keçirilməklə 1988-94-cü illərdə azərbaycanlı mülki əhalinin hədəf alınmaqla törədilən 38 terror hücumu ilə 1105 nəfərin həlak olması,  1180-dən çox adamın yaralanması, hərbi təcavüz nəticəsində 3890 nəfərin itkin düşməsi,  Fərrux, Daşaltı və Edillidə aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi məzarlıqlar və digər çoxsaylı cinayət faktlarına dair ətraflı məlumat verilmişdir.
Brifinqin yekununda media nümayəndələrinin sualları cavablandırılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.