Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib

01.10.2022

  Milli prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümü münasibətilə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri xiyabana gələrək, Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
  Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
  Daha sonra Baş Prokurorluğun yeni inzibati binasında 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və  Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.
  Kamran Əliyev iki il bundan öncə işğal altında torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli ordumuzun igidliyi ilə düşmən işğalından azad edildiyini diqqətə çatdıraraq sentyabrın 27-də “Anım Günü” zamanı Azərbaycan xalqının öz qəhrəman şəhid övladlarına böyük hörmət və ehtiram bəslədiyini bütün dünyaya bir daha nümayiş etdirdiyini vurğulayıb.
Qeyd edilmişdir ki, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir. Vurğulanmışdır ki, prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermişdir. Xüsusilə qeyd edilmişdir ki, bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır. Baş prokuror çıxışının sonunda əminliklə bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcəkdir. Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ali xüsusi rütbə verilmiş bir qrup prokurorluq işçisinə rütbələrin təqdim edilməsi, xidməti fəaliyyətdə fərqlənən əməkdaşların mükafatlandırılması,  prokurorluq əməkdaşları arasında keçirilmiş şahmat turniri qaliblərinin, “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media qurumları və onların nümayəndələrinin təltif olunması mərasimi keçirilmişdir. Sonda milli prokurorluq orqanlarının yaradılmasının 104-cü il dönümünün qeyd edilməsi ilə əlaqədar həyata keçirilmiş silsilə tədbirlərə həsr olunmuş video və prokurorluq əməkdaşlarının gündəlik həyatından bəhs edən "Valideynimin peşəsi" adlı qısa metrajlı film izlənilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.