Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq uğurlu inkişaf yolundadır

01.10.2022

Qüdrətli dövlət, davamlı sabitlik, yüksək rifah

Müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətçiliyimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, tarixi zəfərimizin böyük memarı cənab İlham Əliyev tərəfindən milli maraqlara, dünyanın geosiyasi reallıqlarına adekvat olaraq inamla davam etdirilməsi üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasını təmin etmişdir.
Dövlət başçısının rəhbərliyi ilə sürətli və hərtərəfli yüksəliş dövrünə qədəm qoyan Azərbaycan dövləti və cəmiyyəti tarixinin ən qüdrətli çağlarını yaşayır. İctimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində əldə edilən böyük tərəqqi respublikamızın güclənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşmasına zəmin yaratmışdır.
Sevindirici haldır ki, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli, ardıcıl və məqsədyönlü  fəaliyyəti qarşıya qoyulan bir çox hədəflərə nail olunmaqla strateji nailiyyətlərin əldə edilməsini təmin edən mühüm faktorlardandır. 
Xüsusi qeyd edilməlidir ki, mürəkkəb geosiyasi şəraitdə və kəsişən strateji maraqların fonunda tarixi ədalət bərpa olunmaqla torpaqlarımızın əsarətdən xilas edilməsi Ulu Öndər tərəfindən müstəqillik illərində əsası qoyulmuş, cənab Prezident tərəfindən yeni müstəvidə uğurla davam etdirilən milli maraqlara və müasir qlobal çağırışlara müvafiq strateji kursun məntiqi nəticəsidir. 
Dövlət başçısının rəhbərliyi ilə hücum diplomatiyasının uğurla həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qərar və qətnamələrin qəbuluna nail olunması münaqişənin həlli istiqamətində ölkəmizin mövqeyinin möhkəmlənməsini şərtləndirmiş, mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi öz əksini tapmaqla zəruri və fundamental hüquqi baza formalaşdırılmışdır. 
Əminliklə demək olar ki, milli maraqlara əsaslanan xarici siyasət kursunun, güclü iqtisadiyyat və ordu quruculuğunun həyata keçirilməsi, xalq-lider birliyinin, həmrəyliyin təmini, ölkəmizin imkanlarının milli hədəflər uğrunda məqsədyönlü şəkildə səfərbər olunması nəticəsində qazanılan böyük qələbə Heydər Əliyev siyasətinin və ideyalarının təntənəsidir.
Dövlətçilik salnaməmizə qızıl hərflərlə həkk olunmuş, tarixi ədaləti bərpa edən böyük zəfər regionda etibarlı təhlükəsizlik mühitinin, dayanıqlı sülhün və çoxşaxəli əməkdaşlığın təmin olunmasına zəmin yaratmaqla dövlət başçısının bilavasitə rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən dünyanı heyrətləndirən quruculuq və bərpa işləri əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışın yüksək səviyyədə icrasına rəvac vermişdir.
Nəticə etibarilə, Azərbaycan xalqının xoşbəxt firavan gələcəyinə istiqamətlənmiş böyükmiqyaslı və uzaq məqsədli hədəflər uğurla gerçəkliyə çevrilmiş, ölkəmiz postpandemiya və postkonflikt dövründə inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. 

Prokurorluq hüquqi dövlətin əsas sütunlarından biridir

Bu gün Azərbaycanda milli prokurorluq orqanlarının yaranmasının 104-cü ili tamam olur. Əminliklə deyə bilərik ki, Azərbaycan Prokurorluğunun qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə xidmət edən bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.
Prokurorluq orqanlarının ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, qanunçuluğun təmini, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin "Respublika prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir" sözləri prokurorluğa ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsi hesab edilmişdir.
Təsadüfi deyil ki, Ümummilli Liderin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirilməklə quruma ilk dəfə olaraq konstitusion status verilmişdir.
Məhz Ulu Öndərin tarixi həqiqəti əbədiləşdirərək prokurorluğa və prokurorluq işçilərinə xüsusi diqqət göstəricisi olan 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i Prokurorluq İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilməklə qeyd olunmağa başlanmışdır. 
Bu gün də prokurorluğun kollektivi Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi "Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram" sözlərini dərin ehtiramla və böyük məsuliyyət hissi ilə dərk edərək üzərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər edir.  
Sevindirici haldır ki, Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad göstərilməklə cinayətkarlığa, korrupsiyaya və kriminal xarakterli bütün mənfi təzahürlərə qarşı mübarizənin yeni müstəviyə qaldırılması, qurumun fəaliyyətində səmərəliliyin artırılması, maddi-texniki təminatın yaxşılaşdırılması və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün məqsədyönlü addımlar atılmışdır. 
Prokurorluq orqanlarında beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanmaqla müasir məzmunlu islahatların əsasını qoymuş dövlət başçısı tərəfindən 2020-ci il mayın 1-də Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən səsləndirilən "Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq" sözləri və həmin qəbul zamanı verilən tapşırıq və tövsiyələrin yerinə yetirilməsi istiqamətində qısa müddət ərzində zəruri tədbirlərin həyata keçirilməsi təmin edilmiş, islahatlar sistemli xarakter almışdır.
Qürurla qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Dəmir yumruq" hərbi əməliyyatları zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. 
Bu gün işğaldan azad edilmiş ərazilərdə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində prokurorluq əməkdaşlarının xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi məqsədilə yüksək şərait yaradılmış, növbətçilik əsasında fəaliyyət göstərilməsi üçün ayrılmış inzibati binalarda müasir maddi-texniki təchizat təmin edilmişdir.

Prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər

Cinayətkarlığa qarşı mübarizə. Azərbaycan Prokurorluğu tərəfindən cinayətlərin müəyyən edilməklə qarşısının alınması, onu törədənlərə qarşı qanunla müəyyən edilmiş təsir tədbirlərinin tətbiq edilməsi üzrə effektiv fəaliyyətin təşkili qarşıda duran əsas vəzifələrdən biri hesab edilməklə, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquqmühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər görülmüşdür.
Xüsusi qeyd edilməlidir ki, ötən bir il ərzində həyata keçirilmiş səmərəli birgə tədbirlərin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və xarakterində müsbət cəhətlər davam etmiş, ağır və xüsusilə ağır cinayətlərin böyük əksəriyyətinin açılması təmin edilməklə iqtisadi fəaliyyət sahəsində, ədalət mühakiməsi və idarəetmə qaydası əleyhinə olan, həmçinin  qəsdən adam öldürməyə cəhd, qaçaqmalçılıq, vergidən yayınma cinayətləri azalmış, eləcə də ölkə ictimaiyyətini narahat edən intihar hallarının azalmasında da müsbət tendensiya müşahidə edilmişdir.
Prosessual rəhbərlik. Daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, gömrük, vergi, dövlət sərhəd və fövqəladə hallar orqanlarının fəaliyyətində məhkəməyədək aparılan təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətinə Konstitusiya ilə nəzərdə tutulmuş qaydada prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanları dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.
1 oktyabr 2021-ci il tarixdən bugünədək prokurorluq orqanları tərəfindən daxili işlər orqanları üzrə 30732, vergi orqanları üzrə 1375, ədliyyə orqanları üzrə 988, sərhəd xidməti üzrə 321, gömrük orqanları üzrə 245, dövlət təhlükəsizliyi orqanları üzrə 82, fövqəladə hallar orqanları üzrə 47 cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirilmişdir.
Həmin işlərdən daxili işlər orqanları üzrə 12279, ədliyyə orqanları üzrə 402, gömrük orqanları üzrə 93, vergi orqanları üzrə 74, sərhəd xidməti üzrə 69, dövlət təhlükəsizliyi orqanları üzrə 22, fövqəladə hallar orqanları üzrə 2 cinayət işi prokurorluq tərəfindən ittiham aktı təsdiq edilərək baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.
Eyni zamanda ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində ötən dövr ərzində daxili işlər orqanları üzrə 2054, vergi orqanları üzrə 33, gömrük orqanları üzrə 12, sərhəd xidməti üzrə 12, fövqəladə hallar orqanları üzrə 2, dövlət təhlükəsizliyi orqanları üzrə 1 prosessual qərar ləğv edilmiş, həmçinin daxili işlər orqanları üzrə 896, sərhəd xidməti üzrə 138, vergi orqanları üzrə 18, gömrük orqanları üzrə 5, fövqəladə hallar orqanları üzrə 4, dövlət təhlükəsizliyi orqanları üzrə 1 cinayət işi üzrə yazılı göstəriş verilmişdir.
İstintaq fəaliyyəti. Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisində əldə olunan misilsiz nailiyyətlərin qorunmaqla davamlı uğurların əldə edilməsi hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq yeni neqativ tendensiyalarla, mütəşəkkil, transmilli cinayətkarlıqla səmərəli mübarizə aparılmasını şərtləndirmişdir.
Son bir il ərzində İstintaq idarəsi tərəfindən 12, Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən 2 və tabe rayon prokurorluqları tərəfindən 5 olmaqla, əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş, ümumilikdə, 19 qəsdən adam öldürmə cinayətinin daxili işlər və dövlət təhlükəsizliyi orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə, onlardan 11-i üzrə ibtidai istintaqın yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilməsi həyata keçirilmiş tədbirlərin bariz nümunəsidir. 
Ümumilikdə, bu dövr ərzində ölkə üzrə cəmi 17205 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 1411-i prokurorluq orqanlarında istintaq edilmiş, tabe rayon prokurorluqları tərəfindən korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər üzrə 93 cinayət işinin istintaqı aparılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir.
Əlavə olaraq vurğulanmalıdır ki, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlər görülmüşdür.
Eyni zamanda erməni qəsbkarları tərəfindən dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara, həmçinin ekologiya və yerin təkinə dəymiş ziyanın, eləcə də işğal dövründə əldən çıxmış faydanın məbləğinin müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması istiqamətində digər qurumlarla, o cümlədən Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.
Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir.  Qalibiyyət şərəfini daşıyan respublikamızın gələcək dövr üçün müəyyən edilən əsas strateji hədəflərinə çatmaqda korrupsiya hüquqpozmalarına qarşı mübarizə mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli sərəncamı ilə yeni inkişaf mərhələsinin doğurduğu zərurətdən irəli gələn növbəti konseptual sənədin - "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın qəbul edilməsi bu sahədə dövlət başçısının siyasi iradəsinin və qətiyyətli mövqeyinin növbəti əyani təsdiqi olmuşdur.
Bununla əlaqədar, 29 aprel tarixində Baş Prokurorluqda keçirilmiş əməliyyat müşavirəsində Milli Fəaliyyət Planının icrası ilə əlaqədar Tədbirlər Planı təsdiq edilmişdir.
Ötən bir il ərzində baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 291 şəxs barəsində 202 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmiş, həmçinin 34 əməliyyat tədbiri ilə 36 şəxs cinayət başında yaxalanmış, 13 nəfər axtarışda olan şəxs saxlanılmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 177 cinayət işi başlanmışdır.
Bu müddətdə 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən 116-sı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilmiş, nəticədə 83 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilmişdir. 
Xüsusi qeyd edilməlidir ki, korrupsiyaya qarşı daha effektiv mübarizənin təşkili istiqamətində müvafiq dövlət orqanları ilə qurulmuş səmərəli və işgüzar əməkdaşlıq əlaqələri intensivləşmişdir.          
Belə ki, qeyd edilən dövrdə Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 18, Ədliyyə Nazirliyindən 12, Maliyyə Nazirliyindən 11 və Mədəniyyət Nazirliyindən daxil olmuş 6 material, eləcə də digər 262 cinayət xarakterli məlumat və müraciət əsasında araşdırma aparılmaqla ümumilikdə, 309 cinayət işi başlanmışdır.
Ədalət mühakiməsində dövlət ittihamının rolu. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquq institutlarının möhkəmləndirilməsi məqsədilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, məhkəmələrin və prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi prosesi sistemli olaraq davam etdirilir.
Həyata keçirilmiş tədbirlər nəticəsində ədalət mühakiməsində iştirak edən prokurorlar tərəfindən insanların hüquq və azadlıqlarının, ictimai maraqların qorunması məqsədilə dövlət ittihamının qanunla verilmiş bütün səlahiyyətlərdən istifadə etməklə yüksək peşəkarlıqla müdafiəsi təmin edilmişdir.
1 oktyabr 2021-ci ildən bu günədək birinci instansiya məhkəmələrində 15932 şəxs barəsində 13903 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına baxılaraq yekun qərarlar qəbul edilmiş, hökm və qərarlardan 1081 apellyasiya protesti verilmiş, onlardan 594-ü təmin edilmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəmələrinin qərar və hökmlərindən isə 615 kassasiya protesti verilmişdir ki, həmin protestlərin 162-si təmin edilmişdir.

İctimai maraqların qorunması sahəsində fəaliyyət

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluğun qarşısında müəyyən edilmiş vəzifələrin hərtərəfli icrası qurumun cinayət təqibindən kənar sferada da roluna və funksionallığına yenidən baxılması zərurətini doğurmuşdur.
Bununla əlaqədar prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, o cümlədən 
- məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirakın həyata keçirilməsi,
- məhkəmədə iddia qaldırmaqla mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edilməsi, 
- xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması, 
- amnistiyanın tətbiq edilməsi məsələsinə məhkəmədə baxılmasında prokurorluğun iştirakının həyata keçirilməsi,
- ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmini,
- azyaşlıların hüquqlarının müdafiəsi, 
- inzibati xəta haqqında iş üzrə icraatın başlanması,
- ictimai və dövlət maraqlarının, milli təhlükəsizliyin müdafiəsi üçün prokuror təsir tədbirlərinin tətbiqi və digər səlahiyyətlərin həyata keçirilməsi istiqamətində Baş Prokurorluğun yeni strukturunda yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən çoxsaylı tədbirlər görülmüşdür.
Belə ki, ötən bir il ərzində 331 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 13 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılmış, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 8 uşaq sığınacaq və körpələr evinə yerləşdirilmişdir.
Bununla yanaşı, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması diqqət mərkəzində saxlanılmış, bu sahədə əsasən, ağacların qanunsuz kəsilməsi və yerin təkindən istifadə qaydalarının pozulması faktları ilə əlaqədar 182 cinayət işi başlanmışdır.
Qeyd edilən sahələrdə, eləcə də əmək hüquqlarının, idarəçilik qaydalarının həyata keçirilməsi ilə əlaqədar yol verilmiş nöqsan və pozuntuların baş verməsi səbəblərinin aradan qaldırılmasına dair müvafiq dövlət orqanlarına təqdimatlar göndərilmiş, dövlətin və cəmiyyətin maraqlarının qorunması üçün 97 halda fiziki və vəzifəli şəxslərə prokuror təsir tədbiri olan xəbərdarlıq edilmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə böyük qələbənin ilk ildönümü ərəfəsində humanizm ənənələrinə sadiqliyin növbəti əyani təcəssümü olmuş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 5 noyabr 2021-ci il tarixdə qəbul edilmiş "8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərarın icrası ilə əlaqədar Cinayət təqibindən kənar icraatlar idarəsinin prokurorlarının iştirakı ilə məhkəmələrdə baxılmış təqdimatlar üzrə 2720 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunmuş, 3282 məhkumun cəzasının çəkilməmiş hissəsi azaldılmış, həmçinin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 5839 şəxs cəzadan azad edilmiş, 2956 məhkumun cəzası azaldılmışdır.

Xüsusi müsadirənin önəmi

Prokurorluq orqanları tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi və xüsusi müsadirənin tətbiq edilməsi ilə əlaqədar əmlakların bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə qurumun yeni strukturunda yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın aşkar edilməsi, izlənməsi və bərpasında istintaq qurumlarına kömək göstərilməsi ilə əlaqədar zəruri tədbirlər görülmüşdür.
Xüsusi qeyd edilməlidir ki, dövlət başçısı cənab İlham Əliyevin 7 may 2021-ci il tarixli fərmanı ilə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən, həmçinin prokuror tərəfindən başlanılmaqla baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin prokurorluğun xəzinə hesabına köçürülməsinə dair tələblərin müəyyən edilməsi prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasına və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə vermişdir.
Son bir il ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri üzrə 117 milyon 974 min manat məbləğində vurulmuş maddi ziyandan 84 milyon 178 min manat, həmçinin qanunvericiliyin tələblərinə əsasən, cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 20 milyon 242 min manat vəsaitin ödənilməsinə nail olunmuş, eləcə də 27 milyon 85 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmuşdur.

Qanunvericiliyə dəyişikliklər və Konstitusiya Məhkəməsinə sorğular

Prokurorluq orqanlarında normayaratma və hüquq tətbiqetmə fəaliyyətinin həyata keçirilməsi üzrə ötən bir il ərzində səmərəli işlər görülmüş, Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə 10 sorğunun hazırlanaraq göndərilməsi, habelə Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 9 yazılı rəyin verilməsi təmin edilməklə konstitusiya icraatında iştirak edilmişdir.
Qeyd edilən dövrdə prokurorluğun fəaliyyət sahələrinə aid müxtəlif qanunvericilik aktlarına dəyişikliklər edilməsini nəzərdə tutan 26 normativ hüquqi akt layihəsinin hazırlanaraq normayaratma təşəbbüsü qaydasında verilməsi təmin edilmiş, həmçinin 3 qanuna dəyişiklik edilməsinə dair təkliflər Nazirlər Kabinetinə göndərilmişdir.
Bundan başqa, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr, elmi-metodiki və digər beynəlxalq təcrübə, nəzəri məsələləri əhatə edən İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı yaradılmaqla, 2359 sayda materialın yerləşdirilməsi təmin edilmişdir.

Kadr korpusunun gücləndirilməsi

Bacarıqlı və savadlı gənclərin seçilərək dövlətin layiqli qulluqçuları kimi dövlət idarəetməsində iştirakının təmin edilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi nəticəsində digər dövlət qurumları arasında ilk dəfə olaraq məhz prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsinə başlanılmışdır. 
2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirilmiş 23 müsabiqə üzrə uğur qazanmış 1094, o cümlədən ötən il ərzində keçirilmiş 2 müsabiqə əsasında 183 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilmişlər.
Diqqətəlayiq haldır ki, 2002-ci ilədək prokurorluq orqanlarında qulluq keçən 30 yaşınadək işçilərin sayı prokurorluq əməkdaşlarının ümumi sayının 3 faizinə bərabər olduğu halda, hazırda kadr korpusunun 84 faizini həmin dövrdən qəbul edilmiş əməkdaşlar təşkil edir.
Eyni zamanda həyata keçirilən kadr siyasətində gender bərabərliyinə diqqət yetirilməklə aparılan son islahatlar çərçivəsində prokurorluqda gənc qadın əməkdaşlara ilk dəfə olaraq ibtidai araşdırmaya prosessual nəzarətin həyata keçirilməsi kimi mühüm vəzifələr həvalə edilmiş, bəziləri Baş Prokurorluğun idarə və şöbə rəisləri, həmçinin rayon prokuroru  vəzifələrinə təyin edilmişlər. 
Diqqətə çatdırılmalıdır ki, gənc hüquqşünasların prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq məqsədilə cari ilin 22 aprel tarixində 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edilməklə yaxın günlərdə müsabiqənin ilkin mərhələsi olan test imtahanının keçirilməsi nəzərdə tutulmuşdur. 
Eyni zamanda "könüllülük hərəkatının" davamlılığının təmin olunması, eləcə də hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərə qurumun fəaliyyətinin məzmunu və iş şəraiti ilə tanışlıq imkanının yaradılması, onların bilik və bacarıqlarının artırılması, asudə vaxtının səmərəli təşkili məqsədilə hazırda prokurorluq orqanlarında 20 tələbənin ictimai köməkçi qismində fəaliyyətə cəlb olunması təmin edilmişdir.
Ümumilikdə son bir il ərzində xidməti fəaliyyətlərində fərqlənmiş 210 prokurorluq işçisi və 32 dövlət qulluqçusu Baş Prokurorluq üzrə əmrlərlə həvəsləndirilmişlər.

Vətəndaş məmnunluğunun təmin olunması

Dövlət başçısının vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, onların tələbləri və problemlərinin obyektiv həlli ilə bağlı tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında vətəndaş müraciətlərinə baxılması işinin düzgün təşkili diqqətdə saxlanılmışdır.
Vətəndaşların müraciət imkanlarının artırılmasında mühüm önəmə malik fasiləsiz və ödənişsiz fəaliyyət göstərən 961 saylı "Çağrı Mərkəzi" vasitəsilə vətəndaşların müraciətləri üzrə müvafiq hüquqi izahlar verilmiş, bir neçə halda aparılmış araşdırma nəticəsində cinayət işləri başlanmışdır.
Ötən bir il ərzində vətəndaş məmnunluğunun təmini istiqamətində Baş Prokurorluqda 1903, o cümlədən tərəfimdən 151 vətəndaş qəbul edilərək bir sıra məsələlərlə bağlı edilən müraciətlər yerində həll olunmuşdur.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq tərəfimdən cari il ərzində respublikanın 18 rayonunda, ümumilikdə, 56 bölgədən 900-dən artıq vətəndaş qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilmişdir.
Bu sahədə sosial şəbəkələr vasitəsilə 319, elektron poçtla daxil olmuş 9674 müraciətə baxılmış, həmçinin şəxsiyyəti müəyyən olunan sosial media istifadəçilərinin cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətlərindən narazılıq ifadə olunan müraciət, şərh və ya paylaşımları üzrə əlavə araşdırma tələb edilməyən 384 halda müvafiq qaydada cavablar verilmişdir.
Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla onların dərhal qəbul edilmələri, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsi bütün prokurorluq işçilərindən tələb edilməkdədir.
Prokurorluğa ictimai etimadın artması, şəffaflığın və hesabatlılığın təmini diqqət mərkəzində saxlanılmaqla, son bir il ərzində 1330 məlumat hazırlanaraq Baş Prokurorluğun veb-saytında və sosial media səhifələrində yerləşdirilmişdir.

Qanunçuluğun və şəffaflığın qorunması

Ümummilli Lider Heydər Əliyevin "Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır" sözləri, həmçinin dövlət başçısı cənab İlham Əliyevin məmur-vətəndaş münasibətlərinə, nümunəvi dövlət məmuruna dair tələb və tövsiyələri qurumun müasir çağırışlara uyğun fəaliyyətinin təkmilləşdirilməsinin əsas meyarına çevrilmişdir. 
Son bir il ərzində prokurorluq işçilərinin xidməti fəallığının və məsuliyyət hissinin artırılması istiqamətində ad hoc qurumlar olan Etik Davranış Komissiyası və İntizam Komissiyasının fəaliyyəti mühüm önəm daşımaqla intizam xətasına yol vermiş işçilərin məsuliyyətə cəlb olunmalarının kollegial surətdə müzakirə olunaraq müvafiq qərarların qəbulu zamanı obyektivlik və ədalətlilik təmin edilmişdir.
Təəssüflə qeyd edilməlidir ki, ötən ilin 1 oktyabr tarixindən keçən dövrdə prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən 47 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 6-sı tutduğu vəzifədən azad edilmiş, 4-ü isə prokurorluq orqanlarından xaric olunmuşdur.
İntizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində Xidməti araşdırmalar idarəsində toplanmış xidməti yoxlama materiallarının 23-nə Baş Prokurorluğun İntizam Komissiyasında, 11-nə isə Etik Davranış Komissiyasında baxılmışdır.

Yeni informasiya texnologiyalarının tətbiqi və elektron prokurorluq

Prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyin artırılması işində müstəsna önəmə malik cənab Prezidentin 7 may 2021-ci il tarixli fərmanında əksini tapmış "Elektron prokurorluq" informasiya sisteminin yaradılması istiqamətində intensiv surətdə işlər yerinə yetirilmiş, sistemin 3 modulu istifadəyə verilməklə Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" İnformasiya Sisteminə inteqrasiya edilməsi üçün zəruri işlər görülmüşdür.
"Elektron prokurorluq" informasiya sistemindən tam şəkildə istifadənin həyata keçirilməsi prokurorluq orqanlarının funksional vəzifələrinin müasir dövrün elmi-texniki nailiyyətləri tətbiq edilməklə yerinə yetirilməsinə, görülən işləri tam elektronlaşdırılmaqla informasiya ehtiyatlarının analitik təhlilini aparmağa və son nəticədə gündəlik işimizdə effektivliyin artmasına rəvac verəcəkdir.

Maddi-texniki təminat 

Son bir il ərzində prokurorluq orqanlarında mərkəzləşmiş optik telefon rabitəsinə keçid təmin olunmaqla qurumun avtomobil parkı əhəmiyyətli şəkildə yenilənmiş, bir sıra rayon prokurorluqlarının əsaslı təmiri aparılmış və bir neçə rayon prokurorluğu üçün yeni inzibati binaların tikintisi nəzərdə tutulmuşdur.
Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə növbətçilik əsasında fəaliyyət göstərən rayon prokurorluqları üçün müəyyənləşdirilmiş inzibati binalarda cari təmir işlərinin aparılması təşkil edilməklə binalar müasir qurğu, avadanlıq, informasiya-kommunikasiya xətləri, mebel və kompüter avadanlıqları ilə təchiz edilmişlər. 
Qeyd edilməlidir ki, prokurorluqda aparılan islahatlarla qurumun fəaliyyəti yüksək şəffaflıq və hesabatlılıq standartlarına əsasən qurulmuş, Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının fəaliyyəti də bu sahədə lüzumsuz xərclərin qarşısının alınmasında mühüm tənzimləmə elementi olmuşdur.

Elm-Tədris Mərkəzi və Elmi-Məsləhət Şurasının fəaliyyəti 

Son bir il ərzində prokurorluq işçilərinin nəzəri və praktiki biliklərinin  artırılması üçün təlimlər keçirilmiş, zəruri tədris-metodiki vəsaitlər hazırlanmışdır.
Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin uğurlu praktikalar əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə bu ilin may ayında "ADA" Universiteti, sentyabr ayında isə Naxçıvan Dövlət Universiteti ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında geniş və səmərəli əməkdaşlığı əhatə edən memorandumlar imzalanmışdır. 
Ötən ilin 1 oktyabr tarixindən Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən1041 dinləyici, o cümlədən:
- 921 prokurorluq işçisi üçün 7 təlim, kurs və seminar;
- Daxili işlər orqanlarının istintaq qurumlarının 40 əməkdaşı;
- Dövlət Gömrük Komitəsinin 45 işçisi;
- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 35 işçisi üçün təlimlər təşkil edilmişdir.
Prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki kömək göstərilməsi məqsədilə yaradılmış prokurorluq işçiləri ilə yanaşı, hüquqşünas alimlər, dövlət qurumlarının əməkdaşları və digər hüquq-mühafizə  orqanlarının təcrübəli işçilərindən ibarət Baş prokuror yanında Elmi-Məsləhət Şurası ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasını, qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin, hüquqyaradıcı və hüquqtətbiqedici fəaliyyətin elmi-nəzəri əsaslarının müəyyən edilməsini təmin edir.

Beynəlxalq əməkdaşlığın inkişafı davamlı xarakter kəsb edir 

Dövlət başçısının 1 may 2020-ci il tarixdə baş prokuror vəzifəsinə yeni təyinatla əlaqədar qəbul edərkən verdiyi xüsusi tapşırıq və tövsiyələrinə müvafiq olaraq beynəlxalq əməkdaşlıq sahəsində aşağıdakı əsas istiqamətlər üzrə işlər görülmüşdür.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq

- Dünya prokurorlarının yeganə təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının ötən ilin oktyabr ayında keçirilmiş 26-cı ümumi yığıncağında Azərbaycanın baş prokuroru yekdilliklə növbəti dəfə 3 illik müddətə qurumun vitse-prezidenti vəzifəsinə seçilmişdir.
Təşkilatın ümumi yığıncağında keçirilmiş səsvermə ilə 2024-cü ildə baş tutacaq assosiasiyanın 29-cu illik konfransı və ümumi yığıncağına ölkəmizin evsahibliyi etməsi qərara alınmaqla, təşkilatla birgə zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
- Ötən dövrdə ölkəmizin dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətlər Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir.
- Türkdilli dövlətlərin prokurorluq orqanları arasında əməkdaşlığın daha da inkişafı  istiqamətində ötən ilin noyabrında Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının təsis edilməsi mühüm əhəmiyyətə malikdir.
- Dövlət ittihamının müdafiəsi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə 2022-ci il və sonrakı müddət üçün həyata keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının TAİEX proqramı çərçivəsində əməkdaşlığa başlanılmaqla may ayında ilk ekspert missiyası təşkil edilmişdir.
- Xüsusi müsadirə sahəsində qanunvericilik və institusional bazanın beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində 1 fevral 2022-ci il tarixdən "Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək" adlı Tvinninq layihəsinin icrasına başlanılmışdır. 

Xarici ölkələrin müvafiq qurumları ilə ikitərəfli münasibətlər

- Son bir il ərzində rəhbərlik etdiyim nümayəndə heyəti Almaniya, İtaliya, Fransa, Rusiya Federasiyası, İran, Ukrayna, Belarus, Gürcüstan və Özbəkistanda  işgüzar səfərlərdə olmuş, həmin səfərlər çərçivəsində xarici ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə çoxsaylı görüşlər keçirərək mövcud əlaqələr və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. 
- Bu dövrdə Səudiyyə Ərəbistanı Krallığının baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib və Qətər Dövlətinin baş prokuroru İssa bin Səad Əl-Nuaiminin rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə səfərləri baş tutmuş, Qətər Dövlətinin Baş Prokurorluğu ilə ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanmışdır.
- Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik konfransı və ümumi yığıncağı çərçivəsində Türkiyə, Böyük Britaniya, Sinqapur, Monqolustan, Litva və Gürcüstanın prokurorluq orqanlarının rəhbərləri, həmçinin Avropa Birliyinin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinin (Eurojust) prezidenti ilə ikitərəfli görüşlər keçirilməklə tərəfləri maraqlandıran məsələlər müzakirə edilmişdir.

Cinayət işləri üzrə qarşılıqlı əməkdaşlıq

- Ötən bir il ərzində cinayət törətməklə istintaqdan gizlənmiş 28 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilmişdir. 
- Eyni zamanda cinayət işləri üzrə xarici dövlətlərdən daxil olan hüquqi yardım haqqında 104 sorğu müvəffəqiyyətlə icra edilmişdir.
- Xarici dövlətlərə göndərilən 228 hüquqi yardım haqqında sorğudan 68-i icra edilmiş, 157-nə hazırda baxılmaqla 3 sorğunun icrasından imtina edilmişdir.  

Gənc kadrların beynəlxalq sahədə təcrübə qazanmaları

- Cari il ərzində Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Prokurorlar Assosiasiyasının hər birinə 1 prokurorluq işçisi ezam olunmuş, həmçinin 3 nəfər hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr pilləsi üzrə qiyabi təhsil almaqla 2 nəfər isə həmin təhsil ocağının yay kurslarında iştirak etmişlər.
- Bununla yanaşı, prokurorluq əməkdaşları GRECO və OECD kimi mötəbər beynəlxalq təsisatlar tərəfindən digər ölkələrin korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyətinin dəyərləndirilməsi prosesinə ekspert qismində cəlb edilmişlər.

Hərbi prokurorluq orqanlarının fəaliyyəti

Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluq və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində Hərbi prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət qurumları arasında sağlam və işgüzar əlaqələrin qurulması nəticəsində son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması, fərarilik cinayətinin isə demək olar ki, ümumiyyətlə qeydə alınmaması müşahidə edilməkdədir.
Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 aprel 2021-ci il tarixli "İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" sərəncamı ilə Qubadlı, Kəlbəcər Hərbi Prokurorluğu və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğunun yaradılması, o cümlədən qısa zaman kəsiyində müasir tələblərə cavab verən Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarının inzibati binalarının istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb etmişdir.
Bu gün yaranmasının 104-cü ilini qeyd etdiyimiz Azərbaycan Prokurorluğu hər bir dövlət təsisatı kimi ölkəmizin yeni inkişaf mərhələsində, irimiqyaslı və qlobal əhəmiyyətə malik hədəflərin həyata keçirilməsi istiqamətində böyük məsuliyyət və peşəkarlıqla fəaliyyətini qurmaq üçün bütün qüvvələrini səfərbər edir.
Prokurorluq işçiləri vətəninə və xalqına sədaqətlə xidmət etməyə, respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəal iştirak etməklə prokurorluğun fəaliyyətinin daha da müasirləşdirilməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və  dövlətçiliyimizin qorunmasında yeni uğurlar əldə edilməsinə çalışacaqlar.

Kamran ƏLİYEV, 
Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti, hüquq elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.