Şriftin ölçüsü :

Saytın rəngi :

İslahatların başlıca hədəfi İbtidai araşdırmaya prosessual rəhbərlik institutunun təkmilləşdirilməsidir

30.09.2022

Müasir Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin düşünülmüş xarici və daxili siyasətinin nəticələri ölkəmizin intensiv inkişaf yoluna çıxmasına və dünya birliyində özünə layiq yer tutmasına gətirib çıxardı. Ulu öndərin əsas məqsədlərindən biri hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətini təmin etmək idi.

Ümummilli lider Heydər Əliyevin başladığı demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş dövlət quruculuğu prosesi hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə və böyük uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirdiyi islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edir.

2003-cü ildən etibarən ulu öndərin alternativi olmayan siyasətini yüksək səviyyədə davam etdirən cənab Prezident İlham Əliyev Heydər Əliyevin zəngin idarəçilik və milli dövlətçilik məktəbini keçərək ölkəsinə, xalqına və millətinə ləyaqətlə xidmət nümunəsi göstərir. Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinə bağlı olması, mütərəqqi dinamik inkişafın təminatıdır. Dövlət başçımızın böyük müvəffəqiyyətlə gerçəkləşdirdiyi hüquqi islahatlar, iqtisadi inkişaf və bütün sahələrdə demokratikləşmə institutlarının genişləndirilməsi Azərbaycanın hazırda Cənubi Qafqazın lider dövlətinə çevrilməsi ilə nəticələnmişdir.

Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət məhz Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, insan və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına istiqamətlənmişdir. Dövlət başçısı cənab İlham Əliyevin yeritdiyi siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsini təmin edən mühüm amillər sırasında ölkədə məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsini, vətəndaşlarımızın hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunmasını, ədalət mühakiməsinin çevik və səmərəli təşkilini göstərmək olar.

Qanunvericilik sahəsində aparılan islahatlar hüquqi bazanın daha da möhkəmlənməsini və qanunlarımızın beynəlxalq standartlara uyğunlaşmasını ehtiva edir. Belə ki, hüquq sisteminin müasir tələblərə cavab verməsi istiqamətində müvafiq Dövlət proqramları qəbul edilmiş, fərman və sərəncamlar imzalanmışdır. Bundan başqa, beynəlxalq konvensiyaların ratifikasiya edilməsi Azərbaycanda hüquqi demokratik dövlət quruculuğunun və aparılan islahatların ayrılmaz hissəsini təşkil etmişdir. "İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında", "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında",

"Ekstradisiya haqqında", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında", "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması,

aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında", "Genosid cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında", "Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında" və digər konvensiyalara qoşulmaqla ölkə rəhbərliyi bir daha təsdiq etmişdir ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritet istiqamətini insan amili - insan və vətəndaşların hüquqlarının qorunması təşkil edir.

Azərbaycan Prezidenti 2003-cü ildə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına verdiyi bütün vədləri yerinə yetirmiş və bu gün də xalqa əsl xidmət nümunəsi göstərir.

"Sözümüz imzamızdır" prinsipi ilə fəaliyyət göstərən və "mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" deyən İlham Əliyev yuxarıda qeyd etdiyimiz kimi, həyatımızın bütün sahələrində dərin və köklü islahatlar həyata keçirməyə başladı. Hamımız yaxşı xatırlayırıq ki, ölkənin ərazi bütövlüyünün bərpa olunmasını, işğal altında olan torpaqlarımızın azad edilməsini özünün ən prioritet vəzifəsi və məqsədi sayan dövlətimizin başçısı bu məsələnin dinc yolla həlli istiqamətində əlindən gələni əsirgəmədi. O, bütün görüş və qəbullarında, bütün beynəlxalq səfərlərində, nüfuzlu beynəlxalq təşkilatların tribunalarında Azərbaycanın haqq səsini qaldırdı, ölkəmizin Qarabağ problemini danışıqlar vasitəsilə, beynəlxalq hüquq prinsipləri əsasında həll etməkdə israrlı olduğunu nümayiş etdirdi. 2020-ci ildə Ermənistan tərəfindən baş verən növbəti təxribat əməlləri artıq Qarabağ probleminin hərbi yolla çözülməsini qaçılmaz etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Azərbaycan ordusunun şücaəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Cənab İlham Əliyev demişdir: "44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik".

İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb. Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə bərpa-quruculuq işləri başlanıb, sürətli tikinti-abadlıq işləri gedir, hava limanları tikilir, yollar çəkilir, elektrik stansiyaları işə salınır. Ərazilərin minalardan təmizlənməsi istiqamətində intensiv işlər görülür. Artıq Zəngilanın Ağalı kəndi "ağıllı kənd" layihəsi əsasında qurularaq öz sakinlərini qəbul etmişdir. Bu gün Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycan ordusunun tam nəzarətindədir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim xalqın yanındadırlar, onlar mütəmadi olaraq işğaldan azad edilmiş bölgələrimizə səfərlər edir, cənnət simalı Qarabağın əvvəlki şöhrətini yenidən qaytarmaq üçün əllərindən gələni edirlər.

Birinci xanım Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti, insanlara sevgisi, nəcibliyi və xeyirxahlığı, misilsiz ictimai fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, habelə bütün dünyada yüksək nüfuz qazanmışdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu erməni işğalından qurtulmuş qədim və əzəli torpaqlarımızda bərpa-quruculuq işlərinə lazımi dəstək verir.

Dövlətimizin başçısı cənab İlham Əliyev ölkədə hüquq-mühafizə orqanları sahəsində, məhkəmə sistemində və prokurorluq orqanlarında əsaslı islahatların mütəmadi olaraq aparılmasına böyük önəm verir və bu məsələni daim gündəmdə saxlayır. Cənab Prezidentin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" təsdiq olunmuş, prokurorluğun maddi-texniki bazasının möhkəmlənməsi təmin edilmişdir.

Onu da qeyd edək ki, 2020-ci il mayın 1-də Kamran Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edildikdən sonra Azərbaycan Prezidentinin göstəriş və tapşırıqları əsasında prokurorluq orqanlarında genişmiqyaslı islahatlara başlanılmış, bu qurum demokratik məzmunlu yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Belə ki, ötən müddət ərzində Baş Prokurorluqda struktur və kadr islahatları aparılmış, prokurorluq orqanlarının cəmiyyətin yeni çağırışlarına uyğunlaşdırılması və fəaliyyətində şəffaflıq təmin edilmişdir. Prokurorluğun fəaliyyət istiqamətlərini hüquqi cəhətdən təsbit edən normativ-hüquqi baza daha da təkmilləşdirilmiş və yenilənmişdir. Cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, idarəetmənin dinamikliyini təmin etmək üçün Baş Prokurorluğun idarə və şöbələrinin sayı artırılmışdır.

Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması istiqamətində möhtərəm Prezident İlham Əliyev tərəfindən ən mühüm töhfə kimi 2021-ci il fevralın 8-də Baş Prokurorluğun yeni inzibati bina kompleksinin istifadəyə verilməsi qeyd edilməlidir. Yeni inzibati bina kompleksində yaradılmış yüksək tələblərə cavab verən əmək şəraiti prokurorluq əməkdaşlarının xidməti fəaliyyətlərinin daha məhsuldar, səmərəli və çevik həyata keçirilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir.

Dörd korpusdan ibarət kompleksdə Baş Prokurorluğun altı idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərir. Kompleksdəki bütün otaqlar müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunub. Həmçinin, kompleksin inzibati binasında 44 günlük Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial qalereya yaradılmışdır. Qalereyada Vətən müharibəsi dövründə Ermənistan ordusunun Gəncə, Tərtər, Bərdə şəhərlərində mülki əhaliyə və obyektlərə qarşı törətdiyi terror aktları ilə bağlı maddi sübutlar toplanıb.

Yeni inzibati kompleksdə cinayət prosesi iştirakçılarının dindirilməsi üçün müasir tələblərə cavab verən dindirmə otaqları zəruri texniki vasitələrlə təchiz olunmuş, həmçinin, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tanınmanı vizual müşahidəni istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı yaradılmışdır. Kriminalistika otağı da ən müasir cihaz və avadanlıqlarla təmin olunmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, Kriminalistika və informasiya texnologiyaları idarəsi MDB məkanında yalnız Azərbaycanda olan müasir avadanlıqlar və texnika ilə təchiz edilən səyyar kriminalistik laboratoriyaların quraşdırıldığı avtomobillərlə təmin edilmişdir. Həmin avtomobillərdə quraşdırılmış xüsusi qurğuların köməyi ilə mühərriklər işə salınmadan uzun müddət ərzində avtonom rejimdə istintaq hərəkəti aparılan ərazini, eləcə də hadisə yerini işıqlandırmaq mümkündür.

Hazırda prokurorluq orqanları həm hüquqi dövlət quruculuğunda, həm vətəndaş cəmiyyətinin formalaşmasında, həm də cinayətkarlığa qarşı mübarizədə və insanlarımızın fundamental hüquq və azadlıqlarının əsaslı şəkildə müdafiəsində yüksək səviyyəli peşəkar, əvəzolunmaz xidmətlər göstərir.

Məhz bu islahatların nəticəsidir ki, son dövrlərdə ötən illərdən bağlı qalmış qəsdən adamöldürmə cinayətlərinin açılması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsində ciddi nailiyyətlər əldə edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, həyata keçirilmiş islahatlarla bərabər, əməliyyat-axtarış fəaliyyətini yerinə yetirən orqanlarla işin düzgün və səmərəli təşkili nəticəsində ibtidai istintaqı aparılan bir sıra cinayət işləri üzrə təqsirli şəxslərin dairəsinin operativ surətdə müəyyənləşdirilməsi, ölkə xaricində yaşamaqla dövlətin konstitusiya quruluşunun əsaslarına, ictimai təhlükəsizliyə qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları, həmçinin, ötən illərdən bağlı qalmış bir çox qəsdən adamöldürmə cinayətləri ilə bərabər, digər cinayətlərin açılması təmin olunmuşdur. Son dövrlər cinayətlərin dinamikasında, inkişaf meyillərində və strukturunda dəyişikliklərin baş verməsi ona dəlalət edir ki, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarında bundan sonra da müasir metodlardan, üsul və vasitələrdən, elmi-texniki tərəqqinin nailiyyətlərindən daha geniş istifadə edilməlidir.

Prokurorluq orqanlarının inkişaf istiqamətləri və hədəflərini müəyyənləşdirən "Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası" prokurorluğun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin əldə olunmasına, fəaliyyətin təkmilləşdirilməsinə şərait yaradır. Bundan əlavə, qısa müddət ərzində idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınaraq Baş Prokurorluq üzrə "İşin Təşkili Qaydaları" təsdiq edilməklə 2020-ci ilin 1 avqust tarixindən qüvvəyə minmişdir.

Aparılmış islahatlar nəticəsində müstəntiqlərin taktiki məharətlərinin artırılması, rəqəmsal texnologiyaların imkanlarından geniş istifadə etməklə kriminalistik tədqiqatların aparılması və bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi ibtidai istintaqın yüksək standartlar səviyyəsində təşkilinə zəmin yaradacaqdır. Bu sahədə həmçinin, müasir texnologiyanın inkişafı nəticəsində törədilən yeni növ iqtisadi cinayətlərə, kibercinayətkarlığa və kibertəhdidlərə qarşı mübarizə imkanlarının genişləndirilməsi məqsədilə beynəlxalq tərəfdaşlar və aidiyyəti qurumlarla zəruri tədbirlər görülür.

Prokurorluq əməkdaşları tərəfindən xidməti proqramlardan daha geniş istifadə edilməsi və informasiya texnologiyalarının tətbiqi artıq prokurorluq orqanlarının işinin ayrılmaz hissəsidir. Vətəndaşların mobil cihazlar vasitəsilə prokurorluq orqanlarına müraciət etməsi, həmçinin verilmiş müraciətlərin nəticələrinin öyrənilməsi üçün "Mobil Vətəndaş Müraciəti" proqram təminatı hazırlanaraq istifadəyə verilmişdir. Dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası zamanı bu proqramdan istifadə xüsusi rol oynamışdır.

Prokurorluqda aparılan islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik olan, cənab Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Fərmanı ölkə başçısının prokurorluğa olan inam və etimadının bir daha göstəricisi olmuşdur. Fərmana əsasən "Elektron prokurorluq" informasiya sisteminin yaradılması müasir dövrün elmi-texniki nailiyyətləri tətbiq edilməklə prokurorluq orqanları əməkdaşlarının öz funksional vəzifələrini daha yüksək nəticələrlə həyata keçirmələrinə, görülən işlərə əsasən analitik təhlil aparmağa və gündəlik iş keyfiyyətinin artırılmasına səbəb olacaqdır. Fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı Baş prokurorun sərəncamı ilə 8 may 2021-ci il tarixdə İşçi qrup yaradılmış və hazırda "Elektron prokurorluq" sisteminin "Elektron hökumət" və "Elektron Məhkəmə" informasiya sistemlərinə tam inteqrasiyasının təmin olunması sahəsində zəruri tədbirlər görülür.

Bundan əlavə, prokurorluq işçiləri üçün "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, insan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr və onlarla əlaqəli olan beynəlxalq hüquqi sənədlər, elmi-metodiki innovativ ədəbiyyatlar, nəzəri məsələlər və beynəlxalq təcrübə üzrə faydalı olan İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalının (İHSAP) 16 noyabr 2021-ci il tarixdə Baş Prokurorluğun Elmi-Məsləhət Şurasında təqdimatı keçirilməklə prokurorluq işçilərinin istifadəsinə verilmişdir. Proqramlar daim təkmilləşdirilərək yenilənir, yeni funksionallıq əlavə edilməklə tətbiqi davam etdirilir və yeni proqram təminatlarının layihələri hazırlanır.

Prokurorluğun fəaliyyətinin əsas özəyini cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik təşkil edir. Bu istiqamətdə artıq dərin köklərə əsaslanan xüsusiyyətlər müəyyən edilsə də, ictimai münasibətlərin yenilənməsi əsasında prosessual rəhbərlik institutu dövrün tələblərinə uyğun qaydada inkişaf etdirilir. Mahiyyəti üzrə ifadə etsək, prokurorun prosessual rəhbərlik institutu ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək icraat zamanı bütün halların tam, obyektiv və vaxtında araşdırılması zamanı qanunların düzgün tətbiq edilməsini tənzimləyən prosessual fəaliyyətdir. Prosessual rəhbərliyin ilkin məqsədi insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınmasından və fundamental prinsipləri səciyyələndirən əlamətlərin qorunmasından ibarətdir, eyni zamanda pozulmuş hüquq və azadlıqların bərpa edilməsi istiqamətində həyata keçirilən tədbirləri xarakterizə edir.

Azərbaycan Respublikasının hüquq konsepsiyasına uyğun olaraq ölkədə cinayət işləri üzrə ibtidai istintaq prokurorluq və müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, ibtidai istintaq aparan hər bir orqanın Cinayət Məcəlləsinin hansı maddəsi ilə istintaq aparmalı olduğu, yəni istintaq aidiyyəti qanunvericiliklə müəyyən edilmişdir. İbtidai istintaqın prokurorluq tərəfindən aparıldığı hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 215.3-cü maddəsi ilə müəyyən edilmişdir.

Prokurorluq sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə, iqtisadi sahədə, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, ədalət mühakiməsi əleyhinə, korrupsiya və qulluq mənafeyi əleyhinə, idarəetmə qaydası əleyhinə bir sıra ən ictimai təhlükəli cinayətlər üzrə ibtidai istintaqı həyata keçirir.

Ümumbəşəri sosial dəyərlər içərisində insanın həyatı, təhlükəsiz yaşaması ilə bağlı ən ali dəyərlər hesab edilən ictimai münasibətlərin toxunulmazlığının qorunması, vəzifə cinayətlərinin, eləcə də insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə cinayətlərin mütləq əksəriyyəti üzrə istintaq aidiyyətinin prokurorluğa həvalə edilməsi prokurorluq orqanlarına yüksək etimadın göstəricilərindən biridir. Uğurla davam etdirilən islahatlar çərçivəsində prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi ibtidai istintaqın və prosessual rəhbərliyin həyata keçirilməsi zamanı qarşıya çıxan hüquqi məsələlərin həllində, həmçinin prokurorluğun hüquq sistemində rolunu dövlət səviyyəsində gücləndirmişdir.

Ölkənin dinamik sosial inkişafı korrupsiya ilə mübarizədə yeni, daha çevik sistemin yaradılmasını şərtləndirdiyi üçün hüquqi islahatlar çərçivəsində korrupsiya cinayətlərinin istintaqı üzrə bir sıra mütərəqqi beynəlxalq təcrübənin müsbət cəhətlərini və nailiyyətlərini özündə əks etdirən yeni mexanizm formalaşdırılmışdır. Bu istiqamətdə inkişaf etmiş ölkələrin antikorrupsiya qanunvericiliyi və onun tətbiqi öyrənilmiş, yekun olaraq Azərbaycan Respublikası Prezidentinin "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Baş Prokuror yanında korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorrupsiya orqanı olan idarə yaradılmış və bu qəbildən olan cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyəti prokurorluq orqanlarına həvalə edilmişdir. Eyni zamanda, Cinayət Məcəlləsində korrupsiya və qulluq mənafeyi əleyhinə təsbit edilmiş cinayətlərin ibtidai istintaqının bütövlükdə prokurorluğa həvalə edilməsi dövlətin maraqlarının qorunmasında prokurorluğa olan etimadın daha bir göstəricisidir.

Prokurorluğun fəaliyyət istiqamətləri ilə qarşılıqlı əlaqədə inkişaf edən və ən mühüm elementlərindən olan ibtidai istintaq, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət funksiyası insan hüquq və azadlıqları ilə hər zaman sıx təmasda olan cinayət təqibinin məhkəməyədək mərhələsində qanunçuluq prinsipinin təmin olunmasına yönəlmiş ən mühüm vasitədir.

İcra hakimiyyətinə daxil olan hüquq-mühafizə orqanlarının istintaq aidiyyəti "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanunu və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" 25 avqust 2000-ci il tarixli Fərmanla müəyyən edilmişdir.

Fərmanda Azərbaycan Respublikasının daxili işlər (polis) orqanları, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən ibtidai istintaq aparıldığı hallar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə konkret olaraq göstərilmişdir.

Müasir dünyada hər bir cəmiyyəti narahat edən əsas problemlərdən biri olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi əleyhinə cinayətlərin istintaq aidiyyətinin, eləcə də mütəşəkkil cinayətkarlıq, habelə insanların dinc və rahat yaşamaq hüququnun pozulması ilə bağlı törədilmiş cinayətlərin, o cümlədən cəmiyyətdə hər zaman həssaslıqla qəbul edilən mülkiyyət əleyhinə cinayətlərin ibtidai istintaqının daxili işlər orqanlarına həvalə edilməsi böyük önəm daşıyır.

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlıqla ciddi mübarizə aparılmasını zəruri edən əsas amil ölkə ərazisinin narkotik ticarəti üçün cəlbedici olmasıdır. Ölkəmizin mühüm nəqliyyat yollarının kəsişməsində yerləşməsi, Xəzəryanı ölkələrlə həmsərhəd olan əlverişli coğrafi mövqeyi narkotiklərin "istehsalçısı" olan Asiya və "istehlakçısı" olan Avropa qitələri arasında yerləşməsi, avtomobil, su, hava və dəmir yolları şəbəkəsi vasitəsilə daşınan yüklərin həcminin, nəqliyyat vasitələrinin və sərnişinlərin sayının ilbəil artması, həmçinin uğurla həyata keçirilən çoxsaylı irimiqyaslı iqtisadi layihələr nəticəsində hər il dünya ölkələri ilə qurulan ticarət əlaqələri iri narkotik ticarətçilərini özünə cəlb edir. Lakin prokurorluq ölkənin müvafiq hüquq- mühafizə orqanları ilə birlikdə narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri davamlı olaraq sistemli şəkildə həyata keçirir.

Qeyd edilməlidir ki, ölkəmizin müxtəlif cinayət təqibi qurumlarında aparılan istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyəti zamanı qanunların icra və tətbiq olunmasına nəzarət ümumi qaydalar və tələblər əsasında yerinə yetirilir. Prokurorluğun cinayətkarlıqla mübarizə sahəsində müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə səmərəli əməkdaşlığı Baş Prokurorluğun müvafiq idarələri vasitəsilə həyata keçirilir.

İbtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi istiqamətində prokuror törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər müraciətlərə baxır, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlanması haqqında qərarlar qəbul edir, ərizə və müraciətləri baxılması üçün istintaq aidiyyəti üzrə göndərir, cinayət işləri üzrə hərtərəfli, tam, obyektiv və qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində ibtidai istintaq və təhqiqatın aparılmasını təmin edir.

Bundan əlavə, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi çərçivəsində zərurət yarandığı hallarda prokuror cinayət işlərini, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatlara dair yoxlama materiallarını və digər sənədləri, ibtidai araşdırmanın gedişi haqqında məlumatları tələb edib öyrənir, yaxud onlarla yerində tanış olur, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, əməlin tövsifi, cinayəti törətmiş şəxsin axtarışı, ittiham aktının məzmunu, qərarların qəbul edilməsi, habelə istintaq və digər prosessual hərəkətlərin aparılması barədə təhqiqatçı və ya müstəntiqə yazılı göstərişlər verir və digər məsələləri həll edir.

Cinayət törətmiş şəxslərin ifşa və cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə zəruri göstərişlərin verilməsi, qeyri-aşkar şəraitdə törədilmiş ağır və xüsusilə ağır cinayətlərin istintaqının təşkilində və yerinə yetirilməsi vacib olan istintaq hərəkətlərinin aparılmasında əməli köməklik göstərilməsi üçün Baş Prokurorluğun struktur qurumları əməkdaşlarının aidiyyəti quruma ezam olunması təmin edilir. İşlək istintaq planlarının tərtib olunması, həmin planlara riayət olması yoxlanılır və əməli köməklik göstərilir.

İnsanların hüquq və azadlıqlarının təmin edilməsi və cinayətkarlıqla mübarizə sahəsində prosessual rəhbərliyin xüsusiyyətləri sırasında prosessual məcburiyyət tədbirləri ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Prokurorluq orqanları mərkəzi icra hakimiyyəti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət funksiyası çərçivəsində tutulan və ya həbsə alınan şəxslərin qanunla müəyyən edilmiş saxlama müddətlərinə əməl edilməsinə nəzarət edir, qanuni əsaslar olmadan və ya Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş müddətlərdən artıq saxlanılan şəxslərin müvəqqəti saxlama yerlərindən və istintaq təcridxanalarından dərhal azad olunması üçün zəruri tədbirlər görür.

Təhqiqat müddətində qanunların icra və tətbiq olunmasına nəzarətin həyata keçirilməsi zamanı prokuror təhqiqat və istintaq orqanlarının icraatlarında olan cinayət işinin materiallarını, sənədlərini, ibtidai araşdırmanın gedişi haqqında məlumatları, hadisələr və onlarla əlaqəsi olan şəxslər barədə sənədləri və materialları tələb edir, habelə cinayət işlərinin materiallarını və sənədlərini yoxlayır, ibtidai araşdırmanın gedişi vəziyyəti ilə yerində tanış olur.

Əməliyyat-axtarış fəaliyyəti dövründə qanunların icra və tətbiq olunmasına nəzarətin həyata keçirilməsi zamanı prokuror əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə və bu fəaliyyət nəticəsində qəbul edilmiş qərarların qanuniliyinə və əsaslılığına nəzarət edir, bu fəaliyyətlə bağlı qanunsuz və əsassız qərarların ləğv edilməsi üçün təkliflər verir, qanun pozuntuları barədə ərizə və məlumatlar daxil olduqda bu tədbirlərin həyata keçirilməsinin səbəb və əsaslarına dair sənədləri tələb edir və qanunsuz hərəkətlərə yol vermiş şəxslər haqqında qanunamüvafiq tədbirlər görülməsini təmin edir.

Təqdirəlayiq haldır ki, prokurorluq orqanları tərəfindən ötən illərdən bağlı qalmış qəsdən adamöldürmə cinayətlərinin açılması istiqamətində işlər davam etdirilir. 2020-ci ilin may ayından etibarən daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış, yəni qeyri-aşkar şəraitdə törədilmiş 26 qəsdən adamöldürmə cinayətlərin açılması təmin edilmiş və onlardan 19 iş üzrə təqsirləndirilən şəxslər məhkəmə məsuliyyətinə verilmiş, digər 7 iş üzrə isə istintaq davam etdirilir.

2022-ci ilin birinci yarımili ərzində ölkə ərazisində 18.223 cinayət qeydə alınmaqla onların 88,5 faizinin açılması təmin edilmişdir. Digər istintaq qurumları ilə birlikdə prokurorluq orqanları tərəfindən 7481 cinayət işinin ibtidai istintaqı 2022-ci ilin ilk 6 ayı ərzində yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir. İstintaqı tamamlanmış cinayət işləri üzrə 137 milyon 408 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək onun 106 milyon 572 min manat hissəsinin, yəni 77,6 faizinin ödənilməsinə nail olunmuşdur. Prosessual rəhbərliyin müsbət tendensiyalarından olan maddi ziyanın ödənilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Prokurorluq orqanlarında ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş 62 milyon 169 min manat məbləğində maddi ziyanın 87,5 faizinin, yəni 54 milyon 405 min manat hissəsinin ödənilməsi təmin olunmuşdur.

Həmçinin, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə 19 milyon 535 min manat pul vəsaiti ödənilmişdir. Həmin məbləğin 19 milyon 170 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olmuşdur.

Prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Qeyd edilənlərlə yanaşı, müasir dövrün prokurorluğu fəaliyyətinin şəffaflıq, dürüstlük, düzgün idarəçilik, risklərin qiymətləndirilməsi, nəticələrin müvafiq hədəflər üzrə təhlil olunması, funksiyaların fərdiləşdirilməsi, məsuliyyət və cavabdehliyin artırılması, innovativ üsul və təcrübələrin tətbiqi prinsipləri üzrə həyata keçirilməsinə önəm verir.

Bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atmaqla, həm işğaldan azad edilmiş ərazilərdə, həm də respublikanın bütün regionlarında sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan siyasi, hərbi və iqtisadi cəhətdən günbəgün güclənməklə ölkədə milli birlik, vətəndaş həmrəyliyi təmin edilir. Bunun nəticəsində böyük transmilli layihələr icra edildikcə ölkəmiz dünyanın böyük güc mərkəzləri tərəfindən də etibarlı tərəfdaş kimi tanınır, qəbul edilir.

Şübhəsiz ki, bu nailiyyətlər, digər mühüm amillərlə yanaşı, cinayətkarlığa qarşı kəsərli mübarizə, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin, hüquq qaydasının formalaşdırılması nəticəsində mümkün olmuşdur. Biz hamılıqla Prezidentimizin ətrafında sıx birləşməli, öz fəaliyyətimizlə bu siyasətə dəstək və töhfə verməli, üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində səylərimizi əsirgəməməliyik.

Elçin MƏMMƏDOV,

Azərbaycan Respublikası

Baş prokurorunun birinci müavini,

3-cü dərəcəli dövlət ədliyyə müşaviri.

Respublika qəzeti 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.