Şriftin ölçüsü :
Saytın rəngi :
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan
Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir.
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri
Müzəffər Ali Baş Komandanın və qalib xalqın əzəmətli Azərbaycanı bu gün daha qüdrətlidir
Fərəhləndirici haldır ki, yer kürəsinin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, eləcə də planetimizi bürüyən koronavirus (COVID-19) pandemiyasına, həmçinin müharibədən yeni çıxmış ölkə olmasına rəğmən, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün də Respublikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilir, regionların tarazlı inkişafının davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir. Ölkəmizdə həyata keçirilən müdrik siyasət nəticəsində nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks tədbirlər görülür, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da sağlamlaşdırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir. Dövlət başçısının ölkəyə rəhbərlik etdiyi möhtəşəm 19 il ərzində əldə edilən uğurlardan bəhs edərkən, Azərbaycanın nəinki müasir dövrünün, ümumilikdə, öz şərəfli tarixinin ən böyük nailiyyətlərindən biri olan 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə xüsusi vurğulanmalıdır. Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribat törədərək genişmiqyaslı şəkildə cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirmiş və bununla da İkinci Qarabağ müharibəsi başlamışdır. Müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, silahlı qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın şücaətinin və xalqımızın qəhrəmanlığının vəhdəti nəticəsində böyük zəfər qazanılmış və bu tarixi uğur isə millətimizin ruhunu dəyişmiş, vüqarını və qürurunu daha da artırmış, alnını açıq, üzünü ağ, başını uca etmiş, milli məğrurluğumuzu daha da möhkəmləndirmişdir. Son günlər Ermənistanın növbəti təxribatlarının qarşısı alınarkən müşahidə etdiyimiz silahlı qüvvələrimizin rəşadəti və hərbçilərimizin gücü bir daha sübut etdi ki, cənab Prezidentin dediyi kimi: “Dəmir yumruq yerindədir”. Fürsətdən istifadə edib, uca Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm.
Böyük sevinc hissləri ilə qeyd edilməlidir ki, respublikamızın digər bölgələri ilə bərabər, işğaldan azad edilmiş vaxtilə ermənilər tərəfindən viran qoyulmuş kənd və şəhərlərimizdə sürətli abadılıq-quruculuq işləri aparılır və həyata keçirilən siyasətin prioritet istiqamətlərindən olan bu proses dövlət başçısının şəxsi nəzarəti ilə uğurla reallaşdırılır ki, bunun da nəticəsində Vətənin hər bir guşəsi gülüstana çevrilir. Möhtərəm cənab Prezident artıq bir neçə dəfə Birinci vitse-prezidentlə birlikdə işğaldan azad olunmuş tarixi ərazilərimizə səfər edərək yenidənqurma işləri ilə şəxsən tanış olmuş, bununla əlaqədar öz dəyərli məsləhətlərini vermiş və bir neçə müxtəlif infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərini keçirmişdir.
Dövlət başçısının, eləcə də birinci xanımın və ailə üzvlərinin işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərləri, o cümlədən, dekabrın 24-də, məhz doğum günündə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə, eləcə də 27-28 sentyabrda Füzuli rayonuna və Şuşa şəhərinə olan səfərlər bu vətənpərvər insanların torpağa, yurda, Vətənə və xalqa bağlılığının təcəssümüdür. Ölkə rəhbərinin Şuşaya növbəti səfəri zamanı, 22 aprel 2022-ci il tarixdə Azərbaycanın mədəniyyət paytaxtında keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı–Zəfər Qurultayı isə hər bir azərbaycanlını sevindirməklə və iftixarlandırmaqla bərabər, millətin özünəgüvənliyini daha da artırdı. Hazırda geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda dövlət başçısının tapşırıqları və tövsiyələri əsasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması, bütün infrastrukturların yenidən qurulması, avtomobil və dəmir yollarının, elektrik, su və qaz xətlərinin çəkilməsi, hava limanlarının, tunellərin, körpülərin, müasir yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, su-elektrik stansiyalarının tikilməsi, eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri olduğu və ulu öndərin xeyirxah ideyalarını layiqincə davam etdirən Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni və dini abidələrimizin bərpa edilməsi prosesi uğurla davam etdirilir ki, bu da dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə respublikamızın qüdrətini və iqtisadi gücünü sübut edən növbəti bariz nümunədir.
Dövlətlərarası münasibətlər sis-temində bərabərhüquqlu əməkdaşlığı dəstəkləyən və təbliğ edən Azərbaycanın mövqeyi beynəlxalq arenada da möhkəmlənmişdir. Təsadüfi deyil ki, 120 üzvlə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına üzv dövlətlərin hamısı ötən il böyük etimad göstərərək ölkəmizin sədrlik müddətini yekdilliklə daha bir il uzatmışlar. Azərbaycan Türk Şurasına sədrliyini də uğurla başa vurmuşdur. İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq ölkəmizin haqlı mövqeyini müdafiə edir. Dövlətimiz NATO tərəfindən də dəstəklənir. Digər dövlətlərlə, xüsusən, qonşu ölkələrlə qurulmuş mükəmməl əlaqələrin davamlılığı da uğurla təmin olunur. Xüsusi vurğulanmalıdır ki, Türkiyə ilə qardaşlıq münasibətləri, Türkiyə–Azərbaycan əlaqələri 15 iyun 2021-ci il tarixdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq rəsmən müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Rusiya ilə olan əlaqələrin də uğurla davam etdirilməsi “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” 22 fevral 2022-ci il tarixli Bəyannamə ilə bir daha öz təsdiqini tapmışdır. İran və Gürcüstanla daim təmaslar və fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri də inkişaf etməkdədir.
Göründüyü kimi, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızda ictimai-siyasi sabitlik hökm sürür, dövlətimiz yüksək templə inkişaf edir, beynəlxalq əlaqələr genişlənir və Vətənimiz Azərbaycan dünya ölkələri sırasında tutduğu layiqli mövqeyini daha da möhkəmləndirir. Bütün bunları şərtləndirən isə ümummilli lider Heydər Əliyevin mükəmməl siyasəti, bu siyasəti dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin dühası, onun etibarlı məsləkdaşı Mehriban xanım Əliyevanın dəstəyi və millətimizin müdrikliyi, eləcə də sarsılmaz xalq-iqtidar bağlılığıdır.
Prokurorluğa olan qayğı dövlət tərəfindən onun fəaliyyətinə verilən dəyərin təcəssümüdür
Sirr deyil ki, prokurorluğun müasir dövrün tələblərinə uyğun formalaşdırılması, o cümlədən, müstəqil Azərbaycanın ali qanunu olan Konstitusiyada ilk dəfə olaraq cinayət mühakimə icraatında mühüm vəzifələri yerinə yetirməsi nəzərə alınmaqla ölkəmizin məhkəmə hakimiyyəti sistemində layiqli yerinin müəyyənləşdirilməsi, onun statusunun, təşkili və fəaliyyət prinsiplərinin, funksiyalarının və səlahiyyət dairəsinin qanunvericilik qaydasında təsbit olunması məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşən köklü hüquq islahatlarının sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etdi. Ardınca beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırıldı. 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktı ilə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi isə dövlətdə və cəmiyyətdə prokurorluğun rolunu daha da artırdı. Həyata keçirilən möhtəşəm islahatlar çərçivəsində görülən nəhəng işlər sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tamamilə yenidən qurularaq yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilməklə, səlahiyyətləri, vəzifələri və fəaliyyəti beynəlxalq standartlara uyğun formalaşdırılmış müasir dövlət təsisatına çevirildi.
Təəssüf hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan Prokurorluğu 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Qürurvericidir ki, məhz ulu öndər Heydər Əliyevin imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncam ilə “1 Oktyabr–Prokurorluq işçilərinin peşə bayramı günü” təsis edilmiş, bu isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa qayğının ifadəsi, onun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olmuşdur. Azərbaycan Prokurorluğuna daim yüksək diqqət göstərmiş nəhəng tarixi şəxsiyyətin “Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə prokurorluq işçilərinin rifahına xidmət edən önəmli hüquqi akt kimi xüsusi vurğulanmalıdır.
Dərin minnətdarlıq hissi ilə qeyd edilməlidir ki, prokurorluğa hərtərəfli diqqət və yüksək qayğı göstərilməsi ənənəsi dövlət başçısı tərəfindən davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mükəmməl siyasət sayəsində dövlətimizin sürətlə hərtərəfli qüdrətlənməsi, iqtisadiyyatımızın durmadan güclənməsi prokurorluğa kifayət qədər maddi vəsait ayrılmasına rəvac vermişdir ki, bu da maddi təminatın, eləcə də işçilərin sosial müdafiəsinin daha da güclənməsinə zəmin yaratmışdır. Ölkə rəhbərinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” prokurorluğa olan dövlət qayğısının növbəti əyani sübutu olmuşdur. “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı bunun növbəti bariz nümunəsi olmaqla, işçilərin fəaliyyətinin stimullaşdırılmasını, bununla da işin səmərəliliyinin artırılmasını şərtləndirmişdir.
Vurğulanmalıdır ki, ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da maddi-texniki bazası gücləndirilmiş, Hərbi Prokurorluğun mərkəzi aparatı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Şəmkir, Zaqatala və Gəncə hərbi prokurorluqları ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqlarla təchiz edilmiş inzibati binalarla təmin olunmuş, bir neçə hərbi prokurorluğun inzibati binası əsaslı təmir edilmişdir. Tarixi torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin effektivliyini və operativliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2021-ci il tarixli sərəncamı ilə Qubadlı, Kəlbəcər hərbi prokurorluqları və Qarabağ hərbi prokurorluğunun əsasında Ağdam hərbi prokurorluğu yaradılmış və hazırda adları çəkilən prokurorluqlar qısa zamanda formalaşdırılmış münbit şəraitdə uğurla fəaliyyət göstərirlər.
Hərbi Prokurorluğun silahlı qüvvələrdə nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsində rolu
Silahlı qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində uğurlar qazanılmaqdadır. Əldə edilmiş müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar münasibətlərin böyük rolu var. Belə ki, Hərbi Prokurorluğun kollektivi fəaliyyət istiqamətləri üzrə əsas vəzifələrinin icrası ilə yanaşı, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə adları çəkilən qurumların əməkdaşları ilə birgə bir sıra digər işlər də görür. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarının qorunmasını, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsini təmin etmək məqsədilə hər il aidiyyəti dövlət qurumları ilə birgə hazırlanmış “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunur, həmçinin onların fərdi qəbulları keçirilir. Eyni zamanda, milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi hissələrin, xüsusən də təmas xəttində yerləşən bölmələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə tədbirlər, o cümlədən, bayram mərasimləri keçirilir və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim edilir. Sözsüz ki, sadalananlarla kifayətlənilmir, silahlı qüvvələrdə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində müxtəlif səmərəli işlər görülür və əhəmiyyətli tədbirlər həyata keçirilir. Belə ki, silahlı qüvvələrdə cinayətkarlığın qarşısının alınması məqsədilə müxtəlif qəbildən olan, o cümlədən, ölümlə nəticələnən cinayətlərin istintaq və məhkəmə təcrübəsi dövri olaraq ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair aidiyyatı qurumların rəhbərlərinə məlumat məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini və bununla əlaqədar görülən işlərin səmərəliliyini artırmaq məqsədilə Hərbi Prokurorluq tərəfindən müxtəlif istiqamətlər üzrə bir neçə metodiki tövsiyələr və digər maarifləndirici vəsaitlər də hazırlanmış və hərbi qulluqçulara çatdırılmışdır ki, bu da sözügedən məsələyə töhfələr verməkdədir.
Belə ki, hərbi qulluqçuların qəbulu işini daha da təkmilləşdirmək, o cümlədən, onların qayğı və problemləri ilə yerində maraqlanmaq, rastlaşdıqları çətinliklər barədə zamanında məlumat əldə etmək, eləcə də müraciətlərin operativliyini artırmaq məqsədi ilə “Ərazi hərbi prokurorluqlarının əməkdaşları tərəfindən hərbi qulluqçuların bilavasitə hərbi hissələrdə qəbulunun təşkili və keçirilməsinə dair”; Hərbi hissələrdə intihara meyilli hərbi qulluqçuların, belə şəxslərə mənfi təsir edə biləcək halların, onlarda psixi-emosional gərginlik yaradacaq amillərin vaxtında aşkar edilməsi və baş verə biləcək hadisələrin ən qısa zamanda qarşısının alınması məqsədi ilə preventiv və profilaktik tədbirlərin icrasını nəzərdə tutan “Silahlı qüvvələrdə suisid hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə dair”; Hauptvaxtlarda saxlanılan hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının və qanuni mənafelərinin qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarəti artırmaq, bu sahədə baş verə biləcək qanun pozuntularını vaxtında aşkar etməklə aradan qaldırılmasını təmin etmək məqsədilə “Hərbi qulluqçuların hauptvaxtlarda saxlanılması zamanı qanunlara əməl edilməsinə nəzarət qaydasında keçirilən yoxlamalara dair”; Təhqiqat üzərində prosessual rəhbərliyin səmərəliliyini artırmaq, o cümlədən, bu mühüm fəaliyyət istiqamətində işin daha da təkmilləşdirilməsini, nəzarətin gücləndirilməsini, baş verə biləcək pozuntu, nöqsan və çatışmazlıqların vaxtında müəyyən edilməklə, təxirəsalınmadan aradan qaldırılmasını təmin etmək məqsədilə “Müdafiə Nazirliyinin təhqiqat orqanlarında hərbi qulluqçuların zədə almaları faktları ilə bağlı araşdırmaların aparılmasına prokuror nəzarətinin xüsusiyyətlərinə dair” və sair metodiki tövsiyələr hazırlanmış və istifadə üçün aidiyyatı üzrə paylanılması təmin edilmişdir.
Bundan əlavə, əsgərlərin, xüsusən də hərbi xidmətə yeni başlayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə tam məlumatlandırılmasını, o cümlədən, bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmasını, nizam-intizamın daha da möhkəmləndirilməsini və onların hərtərəfli maarifləndirilməsini təmin etmək məqsədilə “əsgər kitabçası” broşüraları hazırlanaraq, əsgərlərə çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, Hərbi Prokurorluq orqanlarının əməkdaşları hər zaman olduğu kimi, qürur dolu 44 gün ərzində də silahlı qüvvələrlə sıx əməkdaşlıq etmişlər. Bu sahədə işin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə 27 sentyabr 2020-ci il tarixdən Respublika Hərbi Prokurorluğunda operativ qərargah yaradılmış, ayrı-ayrı vaxtlarda Respublika Hərbi prokuroru və onun müavinləri də daxil olmaqla Mərkəzi Aparatın rəhbər və digər işçilərindən ibarət qruplar, həmçinin müvafiq ərazi hərbi prokurorluqlarının əməkdaşları döyüş əməliyyatları aparılan döyüş bölgələrinə ezam olunaraq, vəzifə funksiyalarını yerinə yetirməklə bərabər, müşahidələr apararaq və hərbi qulluqçuları dinləyərək hər hansı nöqsan, çatışmazlıq və problem aşkar edildiyi təqdirdə onların aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmüş, eləcə də zəruri hallarda Hərbi Prokurorluğun funksiyalarına aid olmayan problemlərin yerindəcə həll olunması məqsədilə aidiyyəti üzrə müraciətlər edərək cavabdeh qurumların və şəxslərin qarşısında məsələ qaldırılmasını təmin etmişlər. Eyni zamanda, hərbi hissələrdə həm səfərbərlik üzrə hərbi xidmətə çağırılmış, həm də müddətli həqiqi hərbi xidmətdə olan şəxslərlə, habelə komandir heyəti ilə fasiləsiz görüşlər keçirilərək, hərbi qulluqçuların əhval-ruhiyyəsi öyrənilmiş, onlarda vətənpərvərlik hisslərinin və döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Sadalananlarla bərabər, müvafiq tibb müəssisələrində müalicə alan hərbi qulluqçuların səhhəti və müalicələrinin gedişi ilə mütəmadi olaraq maraqlanılmış, diqqət və qayğı göstərilmişdir. Söz düşmüşkən, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda dəfələrlə Vətən müharibəsi iştirakçıları o cümlədən, qazilərlə görüş keçirilmiş, onların qayğı və problemləri ilə maraqlanılmışdır. Qazilərə və şəhid ailələrinə ehtiram, diqqət və qayğı göstərməyi hər bir prokurorluq işçisi özünə borc bilir.
Onu da qeyd edim ki, Vətən müharibəsi ərəfəsində ön xətdə yerləşən hərbi hissə və bölmələrdə xidmət aparan hərbi qulluqçularla görüşmək məqsədilə Baş prokuror cənab Kamran Əliyevlə birlikdə cəbhə bölgəsinə uğurlu səfərimiz baş tutmuşdur. Vətən müharibəsindən sonra da bu kimi birgə səfərlər davamlı xarakter almışdır. Yeri gəlmişkən, qeyd edim ki, mütəmadi olaraq Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevlə birlikdə Sərhəd Qoşunlarının ermənilərlə üz-üzə dayanan hərbi hissə və bölmələrinə, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisi cənab Kərim Vəliyevlə birlikdə isə müdafiə Nazirliyinin tabeliyində olan təmas xəttində yerləşən müvafiq hərbi hissələrə getməklə, orada şəxsi heyətlə görüşlər keçirmişik. Hərbi Prokurorluğun rəhbər işçiləri də, o cümlədən, Respublika Hərbi prokurorunun müavinləri, böyük köməkçiləri, idarə, şöbə rəisləri, ərazi hərbi prokurorları da aidiyyəti dövlət qurumlarının müvafiq yüksək vəzifəli şəxsləri ilə birlikdə hərbçilərlə görüşmək məqsədilə müvafiq hərbi hissələrə müntəzəm olaraq səfərlər edirlər. Bütün görüşlər zamanı hərbi qulluqçuların milli və döyüş ruhunun daha da yüksəldilməsi, onlarda vətənpərvərlik hisslərinin dərindən aşılanması, hüquqi biliklərinin artırılması istiqamətində söhbətlər aparılır, verilən suallar ətraflı cavablandırılır, şəxsi heyətin hərtərəfli maarifləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin edilir, eyni zamanda xidməti vəzifələrini nümunəvi icra edənlər müxtəlif hədiyyələrlə mükafatlandırılır. Səfərlər əsnasında, həmçinin hərbi qulluqçuların qayğı və problemləri, eləcə də yaşayış, məişət və xidmət şəraiti ilə maraqlanılır.
Hərbi Prokurorluq öz fəaliyyətini uğurla davam etdirir
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnmişdir. Bu uğurlu tendensiya cari ilin keçən dövründə də davam etmişdir.
Belə ki, 2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 10 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 80 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 18,2 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 92,3 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 12,5 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 57,1 faiz, fərarilik cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 20 faiz azalmışdır.
Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışmışdır. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99 faizi açılmışdır.
Vurğulanmalıdır ki, silahlı qüvvələrdə baş vermiş səbəbindən asılı olmayaraq ölümlə nəticələnən istənilən hadisə, eləcə də ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunmuşdur.
Qeyd olunmalıdır ki, Hərbi Prokurorluqda vətəndaşların müraciətlərinə diqqətlə yanaşılaraq, qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür. Cənab Prezidentin örnək davranışlarından daim ibrət götürən və dövlət başçısının məmurla vətəndaş arasındakı münasibətlərlə bağlı dəyərli tövsiyələrini fəaliyyətlərində hər zaman rəhbər tutan Hərbi Prokurorluq əməkdaşları vətəndaşlara nəzakətlə, müraciətlərinə isə diqqətlə yanaşmış, işçilər, o cümlədən rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata keçirilmiş, qəbulların, habelə şəxsən prokurorlar tərəfindən və bilavasitə hərbi hissələrdə qəbulların sayı artmış, istər müraciətlərə cavab verilərkən, istərsə də qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilmiş, hüquqları izah edilmiş və həyata keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bunun nəticəsində 2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin eyni dövründə təkrar müraciət-lərin sayı artmamış, ümumilikdə, müraciətlərin sayı isə azalmışdır ki, bu da vətəndaş məmnunluğunun daha da artmasına dəlalət edən haldır. Təsadüfi deyil ki, Hərbi Prokurorluğun və işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların minnətdarlığını ifadə edən məktubların sayı artmışdır. Vurğulanmalıdır ki, qazilərin və şəhid ailələrinin müraciətlərinə yüksək həssaslıqla yanaşılmışdır.
Sadalananlarla yanaşı, müvafiq qurumlarla birlikdə həm I Qarabağ müharibəsində, həm də bu ilin sentyabr ayında ermənilərin törətdikləri növbəti təxribatlarının qarşısının alınması ilə bağlı gedən döyüş əməliyyatlarında həlak olmuş şəxslərin, eləcə də Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla II Qarabağ müharibəsində həlak olmuş şəxslərdən 2908 şəxsin, o cümlədən, itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətinin müəyyən olunması, bununla əlaqədar zəruri tədbirlərin görülməsi, eləcə də meyitlərin ailələrə təhvil verilməsi istiqamətində də xeyli işlər görülmüşdür.
Qeyd olunmalıdır ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, 09 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda elmi-praktiki konfrans da keçirilmişdir.
Dərin minnətdarlıq hissi ilə onu da vurğulamaq zəruridir ki, prokurorluq orqanlarının fəaliyyəti və əməkdaşlarının əməyi dövlət başçısı tərəfindən hər zaman yüksək qiymətləndirilmiş və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənənlər mütəmadi olaraq müxtəlif təltiflərlə mükafatlandırılmışdır. Möhtərəm Prezidentin 30 dekabr 2020-ci il tarixli sərəncamı ilə 38 əməkdaşın, o cümlədən, Hərbi Prokurorluğun 9 işçisinin müvafiq olaraq orden və medallarla təltif edilməsi bunun növbəti əyani sübutu olmuşdur.
Hərbi Prokurorluğun kollektivinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə vəzifələrini nümunəvi icra edən əməkdaşlar mütəmadi olaraq Baş prokurorun və Hərbi prokurorun əmrləri ilə də müvafiq qaydada, həvəsləndirilmişlər. Eyni zamanda Baş prokuror cənab Kamran Əliyev mütəmadi olaraq Respublika Hərbi Prokurorluğunun mərkəzi aparatına, ərazi hərbi prokurorluqlarına gedərək kollektivlə görüşmüş, təltif olunanları şəxsən təbrik edərək mükafatlar təqdim etmişdir.
Bütün bunlar Hərbi prokurorluğun fəaliyyətinə və onun işçilərinə verilən dəyərin təzahürü olmaqla əməkdaşlarda böyük ruh yüksəkliyi yaratmışdır.
Göstərilən diqqət və qayğı, kollektivin səmərəli fəaliyyətinin, həmçinin dövlətçiliyə və xalqa olan sədaqətinin daim yüksək dəyərləndirilməsi hər bir prokurorluq işçisini qürurlandırmaqla bərabər, üzərimizə daha böyük məsuliyyət qoyur. Hərbi Prokurorluğun əməkdaşları da bütün bunları dərindən dərk edərək düzgün qiymətləndirməklə xidməti vəzifələrinin icrasına vicdanla və məsuliyyətlə yanaşaraq, üzərlərinə düşənləri şərəflə yerinə yetirirlər.
Hazırda Hərbi Prokurorluq orqanları öz fəaliyyətini uğurla davam etdirir. Əminəm ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin mükəmməl siyasətinin möhtərəm Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, silahlı qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, qanun pozuntularının qarşısının alınması və aradan qaldırılması istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, cinayətkarlığa, eləcə də dövlətimizin qüdrətlənməsinə və milli maraqlara xələl gətirə biləcək bütün hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq daha əzmlə çalışacaqdır.
Xanlar VƏLİYEV,
Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru,
ədliyyə general-leytenantı
Xalq qəzeti