Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətçiliyin və qanunçuluğun keşiyində

16.09.2022

104 il öncə, 1918-ci il oktyabr ayının 1-də Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı yaradılmış və bununla da qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində aparıcı rol oynayan, fəaliyyət göstərdiyi bütün dövrlər ərzində çətin, lakin şərəfli yol keçmiş mühüm dövlət strukturunun özülü qoyulmuş və bu təməl üzərində müstəqil Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun qorunmasında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan prokurorluq orqanları formalaşmışdır.

Xalq Cumhuriyyəti Nazirlər Şurasının qərarı ilə elan edilmiş həmin tarix Azərbaycan prokurorluq orqanlarının yaranması və təşəkkülü tarixi idi. Milli prokurorluğumuzun tarixinin ilk səhifəsi, təvəllüd günü idi.

Məhz bu tarixi-hüquqi sənədi əsas tutaraq ümummilli lider Heydər Əliyev hər il oktyabr ayının 1-i tarixinin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalamışdır.

Sovetlər dövründə Azərbaycan Prokurorluğu totalitar rejimin cəza aparatının mühüm tərkib hissəsi kimi fəaliyyət göstərmiş, bu orqanda mühüm vəzifələr ruslara, ermənilərə və digər millətlərin nümayəndələrinə tapşırılmışdır. Həmin dövrdə prokurorluğa azərbaycanlılar işə qəbul olunarkən başqa millətin nümayəndələri ilə qarışıq nikahdan olanlara, eləcə də həmin millətlərin nümayəndələri ilə ailə quranlara, bəzən öz ana dilini bilməyənlərə, bəzən də öz doğma dilində danışmağı özlərinə rəva bilməyən “manqurtlara” xüsusi üstünlük verilirdi. Prokurorluqda çalışan azərbaycanlılar həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə, hətta öz aralarında belə Azərbaycan dilində danışmaqdan çəkinirdilər. Çünki Azərbaycan dilində danışmaq qəbahət hesab olunur, yazışmalar əsasən rus dilində həyata keçirilirdi.

Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərliyi dövründə heç bir sovet rəhbərinin cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi, hətta rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə çəkinmədən göstəriş verdi. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dövlət dili statusu əldə etdi.

Ulu Öndərin dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olduğundan, Azərbaycan Prokurorluğunda da milli dilimizə hörmətlə yanaşılması, prokurorluğun milli kadr korpusunun formalaşdırılması ilə paralel həyata keçirilirdi.

Hələ sovet hökumətinin ən sərt dövründə Heydər Əliyevin təşəbbüsü ilə respublikada ali məktəblərin hüquq fakültəsinə qəbulla bağlı aparılan islahat nəticəsində sadə ailələrdən çıxan bilikli və istedadlı gənclər hüquqşünas ixtisasına yiyələnməklə hüquq-mühafizə sistemində, o cümlədən prokurorluq orqanlarında işləməyə başlamış, yüksək vəzifələrə irəli çəkilmişlər.

30 ildən artıq prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə işləmiş şəxs kimi mən bu hadisələrin canlı şahidi, iştirakşısı olmuşam, bununla həmişə fəxr etmişəm və bu gün də qürur hissi ilə yad edirəm. Hüquq fakültəsinə qəbul imtahanında mənə “yaxşı” qiymət yazılanda, tam əminliklə və qətiyyətlə kəskin etirazımı bildirərək “komissiya” ilə təkrar imtahan verib “əla” qiymət aldım. Çünki mən hazırlığımdan və savadımdan daha çox Heydər Əliyev siyasətinə inanırdım, həm də bütün varlığımla inanırdım, bütün Azərbaycan xalqı inandığı kimi. Buna görə imtahanda soyuqqanlı və arxayın idim. Bu da, şübhəsiz ki, müvəffəq qiymət almağımla nəticələndi.

Ümummilli Lider həmin hüquqşünasların müstəqil dövlətçiliyimizə ləyaqətlə xidmət etməsi faktına sonralar münasibətini belə bildirmişdir: “Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”.

Ümummilli Lider birinci dəfə siyasi hakimiyyətə gəldiyi andan daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət vermiş, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı əməli addımlar müstəqilliyimizin bərpası yolunda mühüm önəmə malik olmuşdur.

Azərbaycan müstəqillik əldə etdikdən sonra sosialist ictimai-iqtisadi formasiyasından yeni formasiyaya keçid belə müstəsna səlahiyyətlərə malik ali nəzarətedici orqanın fəaliyyət dairəsinin sərhədlərinin yenidən cızılmasını, prokurorluğun funksiya və statusuna baxılmasını zəruri etmişdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu və 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi prokurorluğun totalitar rejimə xas funksiyalardan azad olması, fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmaqla qanunun aliliyinin real təminatçısına çevrilməsini təmin etdi.

Həmin qanunla cinayət işinin başlanmaqla ibtidai istintaqın aparılması, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət, məhkəmədə dövlət ittihamının müdafiə edilməsi və məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak, habelə məhkəmədə iddia qaldırmaq prokurorluğun əsas fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.

Dahi rəhbərin şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Həmin təntənəli yığıncaqda Ulu Öndərin “Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” şüarı bu gün də hər bir prokurorluq işçisi tərəfindən iftixar hissi ilə yad edilir.

2002-ci il sentyabrın 19-dan qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsi qurumun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir.

Prokurorluq orqanlarının cəmiyyətdəki roluna verilən əhəmiyyətin, inamın təzahürü olmaqla prokurorluğun tərkibində korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanının - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması və həmin orqana ibtidai istintaq aparmaqla yanaşı, korrupsiya hüquqpozmaları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin də həyata keçirilməsi ilə əlaqədar əlavə səlahiyyətlərin verilməsi nəticəsində prokurorluq qismən əməliyyat-axtarış fəaliyyətinin subyekti olmuşdur.

Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən cinayətkarlığa, korrupsiyaya və kriminal xarakterli bütün mənfi təzahürlərə qarşı mübarizənin yeni müstəviyə qaldırılması, bu sahədə işin təşkilinə məsul olan hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, maddi-texniki təminatın yaxşılaşdırılması və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün məqsədyönlü addımlar atılmışdır.

Ölkə başçısı cənab İlham Əliyev 2020-ci il mayın 1-də hörmətli Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyinatı ilə əlaqədar onu videoformatda qəbul edərkən səsləndirdiyi “Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq” sözləri prokurorluq orqanlarında beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanmaqla müstəqil dövlətimizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisinə adekvat dəyişikliyin aparılmasını zəruri etmişdir.

Həmin görüşdən keçən müddət ərzində prokurorluğun cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və keyfiyyətinin artırılması məqsədilə əsaslı struktur və kadr islahatları həyata keçirilmiş, funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə işin təşkilinə dair vahid mexanizmlər müəyyən edilmişdir.

Prokurorluq orqanlarının fəaliyyətində çevikliyin və səmərəliliyin artırılması, şəffaflığın təmin edilməsi, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, bununla da Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq, daha mobil və dinamik idarəetmə məqsədilə Baş Prokurorluğun idarə və şöbələrinin sayı 15-dən 18-ə çatdırılmış, bəzi idarələr ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis olunmuş, həmçinin mərkəzi aparatın yeni, yəni prokurorluğun tarixində bir ilk kimi qiymətləndirilən, nəinki MDB məkanında, hətta inkişaf etmiş əksər ölkələrdə anoloqu olmayan qurumlar – Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır.

Baş Prokurorluğun yeni yaradılmış həmin idarələri prokurorluğun qanunla nəzərdə tutulmuş və uzun illər ərzində, demək olar ki, diqqətdən kənarda qalmış bəzi fəaliyyət istiqamətlərində işin canlanmasına, prokuror işinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinə şərait yaratmışdır. Məsələn, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin səlahiyyətinə mülki və kommersiya  mübahisələrinə dair icraatda, inzibati xətalar haqqında, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması, həmçinin cinayət təqibindən kənar digər icraatlarda prokurorluğun iştirakını təmin etmək, yetkinlik yaşına çatmayanların maraqlarının qorunması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində prokurorluğun fəaliyyətini əlaqələndirmək, prokurorluq sistemində cinayət təqibindən kənar icraatlar üzrə fəaliyyəti koordinasiya etmək, inzibati xəta haqqında işlər üzrə icraat zamanı tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində qanunların icrasına nəzarət etmək, amnistiya aktı ilə müəyyən edildiyi halda müvafiq orqanlar tərəfindən amnistiya tətbiq edilərkən qərarların razılaşdırılmasında, həmçinin, həmin orqanların müraciətlərinə əsasən amnistiyanın tətbiq edilməsi məsələsinə məhkəmədə baxılmasında, habelə əfv etmə və reabilitasiya barədə müraciətlər üzrə rəy və arayışların hazırlanmasında iştirak etmək, mülki hüquqi vasitələrlə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi, xüsusi müsadirənin təmin olunması, ölkə daxilində və xaricində əmlakın bərpası məqsədilə Azərbaycan Respublikası və xarici ölkələrin məhkəmələrində iddia qaldırmaq, iddiaçı qismində iştirak etmək və s. daxildir.

Heç kəsə sirr deyil ki, yuxarıda sadalanan və prokurorluğun qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə aid olan bu və ya digər vəzifələr Cinayət təqibindən kənar icraatlar idarəsi yaradılanadək Baş Prokurorluğun bu və ya digər idarələrinin əlavə, ikinci dərəcəli vəzifələri kimi nəzərdə tutulmuş, bəziləri isə ümumiyyətlə, diqqətdən kənarda qalmışdır.

Eyni qaydada, Baş Prokurorluğun yeni yaradılmış qurumlarından olan Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin də fəaliyyəti, mübaliğəsiz, alqışa layiqdir, prokurorluqda aparılan islahatlar sırasında mühüm və inamlı addımdır. Belə ki, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin əsas vəzifə və funksiyalarına  cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi üçün Baş Prokurorluğun struktur qurumlarının fəaliyyətini əlaqələndirmək, aktivlərin aşkar edilməsi və izlənməsində köməklik etmək, xüsusi müsadirə obyekti olan əmlakın hərəkətinə nəzarət etmək, prokurorluğun maddi-texniki bazasının, prokurorluq  işçilərinin  sosial müdafiəsinin və maddi təminatının yaxşılaşdırılması üçün qanunla nəzərdə tutulmuş vəsaitlərin köçürülməsini təmin etmək, əmlakın bərpasının icra olunması üçün lazımi tədbirlər görmək, cinayət işləri üzrə əmlakın izlənilməsi məqsədilə dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsindən, beynəlxalq və xarici mənbələrdən, həmçinin açıq məlumat mənbələrindən informasiya toplamaq, ehtiyac olduqda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün müraciət etmək, xüsusi müsadirə obyekti olan maddi sübutların uçotunu aparmaq, onların saxlanılması, mühafizəsi və hərəkətinə nəzarəti həyata keçirmək, cinayət təqibi zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək xüsusi müsadirənin təmin edilməsi üçün istintaq orqanları tərəfindən əmlak və ya əmlak hüquqları üzərinə həbs qoyulmasının əsaslandırılmasında və digər tədbirlərin görülməsində onlara əməli köməklik göstərmək və s. daxildir.

Onu da qeyd etmək lazımdır ki, xüsusi müsadirə, aktivlərin bərpası, idarə edilməsi və maliyyə istintaqına dair uğurlu beynəlxalq təcrübənin yaxından öyrənilməsi məqsədilə 1 fevral 2022-ci il tarixdən Azərbaycan Respublikası Baş Prokurorluğunun benefisiarı olduğu “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin icrasına başlanılmaqla xarici ekspertlərin ölkəmizə çoxsaylı səfərlərinin, iclaslar və dəyirmi masa müzakirələrinin həyata keçirilməsi bu sahədə mühüm addımdır.

Qeyd olunan sahələrda aparılmış struktur islahatları artıq müsbət nəticələrini vermişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən 440, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 7481 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 137 milyon 408 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 77,6 faizinin, yəni 106 milyon 572 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 62 milyon 169 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 87,5 faizinin, yəni 54 milyon 405 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.

Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 19 milyon 535 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 19 milyon 170 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olmuşdur.

Xüsusilə qeyd olunmalıdır ki, prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması istiqamətində işlər bu gün də yüksək intensivliklə davam etdirilməkdədir.

Bunlardan əlavə, onu da qeyd etmək zəruridir ki, hörmətli Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin olunandan sonra qısa müddət ərzində idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınmaqla Baş Prokurorluq üzrə “İşin Təşkili Qaydaları” təsdiq edilməklə 1 avqust 2020-ci il tarixindən qüvvəyə minmişdir.

Qaydalar səlahiyyətləri dəqiq təsbit edilmiş struktur qurumlar və rayon (şəhər) prokurorluqları arasında münasibətləri müasir tələblər səviyyəsində tənzimləmiş, həmçinin Qaydalarda Baş Prokurorluğun strukturuna daxil olmayan konkret vəzifənin icrası üçün təsis olunmuş qurumların funksiyaları təsbit olunmuşdur.

Qeyd edilməlidir ki, qaydaların hazırlanmasında prokurorluğun fəaliyyətində rəhbər tutulan normativ-hüquqi aktların əhəmiyyətli hissəsindən istifadə olunmuş, müasir tələblərə cavab verməyən, əhəmiyyətini itirmiş normativ xarakterli əmrlər və təlimatlar isə ləğv olunmuşdur.

Baş Prokurorluğun və struktur qurumların inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” qurumun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin əldə olunmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaradır.

İşğaldan azad edilmiş rayonların prokurorluq orqanlarının fəaliyyəti xüsusi dövləti məsələ kimi diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması istiqamətində aparılan möhtəşəm abadlıq-quruculuq işlərinə prokurorluq orqanları da öz töhfələrini verir. Belə ki, işğaldan azad edilmiş rayonların prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və nəzarət tədbirlərinin gücləndirilməsi, aparılan islahatların tərkib hissəsi kimi “Elektron Prokurorluq” İnformasiya sisteminin yaradılması, onun Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il və 3 mart 2022-ci il tarixli fərmanlarından irəli gələn vəzifələrin, eləcə də prokurorluğun peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqət mərkəzində saxlanılır.

Şübhəsiz ki, müasir Azərbaycan gəncinin ölkəmizdə davamlı şəkildə aparılan dinamik inkişafın hədəfi və bilavasitə iştirakçısı olduğu, gənclərin dövlət idarəetmə sistemində təmsil olunmaları üçün yüksək dəstək və tam şərait yaradıldığı qeyd olunmalıdır.

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan sistemli islahatların mərkəzində bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gəncləri dayandığının xüsusi vurğu ilə deyilməsi zəruridir. Təsadüfi deyildir ki, prokurorluqda bu sahədə aparılan islahatlar dövründə keçirilmiş 23 müsabiqə nəticəsində uğur qazanmış gənc hüquqşünaslar prokurorluğun kadr korpusunun 83,9 faizini təşkil edir.

Bu gün qalib ordunun Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə prokurorluqda uğurla aparılan islahatlar ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir.

Seyfulla Aslanov,
Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri İctimai Birliyinin İdarə Heyətinin sədri

İki Sahil qəzeti

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.