Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq orqanlarının fəaliyyətində yeni dövr

20.09.2022

 

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prokurorluq orqanları üçün də bu  əsas məqsəd, həmişə bütün işlərdə əsas amil kimi dəyərləndirilməlidir.”

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan

 

Azərbaycan Prokurorluğunun fəaliyyətini  tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, onun dövlətçiliyin maraqlarına, qanunun aliliyinə, insan hüquqlarının və azadlıqlarının müdafiəsinə xidmət edən dövlət təsisatı kimi formalaşması ümummilli lider Heydər Əliyevin siyasətinin nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının  fəaliyyətində yeni bir dövr başlanmışdır. Belə ki, ulu öndərimiz Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi, ölkədə baş verən cinayətkarlığın və hüquq pozuntularının qarşısının alınması üçün bir sıra hüquqi islahatlar həyata keçirmişdir. İlk növbədə Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın 133 maddəsi ilə prokurorluq orqanlarının statusu müəyyən edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonra “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunların, Cinayət, Cinayət-prosessual, Cəzaların İcrası, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktların qəbul olunması ilə prokurorluq orqanları demokratik cəmiyyətə uyğun yenidən qurulmuşdur.

Ulu Öndər çıxışların birində söylədiyi “Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”  fikirləri  ilə prokurorluq orqanlarına qayğısını, diqqətini göstərmiş, 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə «1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü» elan etmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi prokurorluq orqanlarının inkişafına təkan verən mühüm islahatlardan biri isə kadr islahatları olmuşdur. Belə ki, vətənpərvər və savadlı gənclərin dövlət idarəetməsində iştirakının təmin edilməsi məqsədilə ilk dəfə olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsinə başlanılmışdır. Ulu öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə" təsdiq edilmiş və bununla da prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin əsası qoyulmuş, müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların işə qəbulu başlanılmışdır.

Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə Azərbaycan Prokurorluğu öz inkişafının  yeni mərhələsinə qədəm qoymuş, islahatların uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsi prokurorluq orqanlarının fəaliyyətini təkmilləşdirmişdir. Prezident İlham Əliyevin  məqsədyönlü siyasəti nəticəsində prokurorluq orqanlarının kadr tərkibi yeniləşdirilmiş, cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə metodları təkmilləşdirilmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir.

Xüsusilə qeyd olunmalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində düşmən üzərində qazanılan şanlı Zəfər çoxəsrlik tariximizin qürur mənbəyinə çevrilmiş, 30 illik işğala son qoyularaq torpaqlarımız azad edilmişdir. Şanlı Zəfərdən sonra hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə ölkə başçısının Sərəncamı ilə Qubadlı və Kəlbəcər Hərbi Prokurorluğu, habelə Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluqları yaradılmaqla müvafiq təyinatlar həyata keçirilmişdir.

1 may 2020-ci il tarixində möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevi videoformatda qəbul edərkən prokurorluq orqanları qarşısında yeni və mühüm vəzifələr qoymuş, prokurorluq orqanlarının fəaliyyətinə toxunmuş, yeni islahatların həyata keçirilməsinin vacibliyini vurğulamış, kadr islahatları aparılmasını və bu islahatlar nəticəsində peşəkar, bilikli kadrların önə çəkilməsini vurğulamışdır.  

Məhz cənab İlham Əliyevin göstərişləri əsasında prokurorluq orqanlarında son dövrlərdə aparılan kadr islahatları nəticəsində savadlı kadrlar vəzifədə irəli çəkilmiş, yüksək keyfiyyətli təhsil almış gənclər prokurorluq orqanlarına qəbul olunmuşdur. Prokurorluq orqanlarına yeni qəbul olunmuş əməkdaşların yüksək peşəkarlığa malik olmaları, dövlətə, xalqa bağlı olmaları kimi keyfiyyətlər diqqət mərkəzində olmuşdur.

Həyata keçirilən islahatlar nəticəsində son dövrlərdə prokurorluq orqanlarında fəaliyyət göstərən gənc qadın əməkdaşlarının sayı artmışdır. Belə ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilmiş və bununla da, demokratik cəmiyyətdə qadınların iştirakının hüquqi bazası yaradılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev çıxışlarında qadınların dövlətin idarəetmə sistemində rolunu hər zaman vurğulamış, kadr islahatlarında bu məqama xüsusi önəm vermişdir. Bütün bunların nəticəsidir ki, son illər ərzində prokurorluq orqanlarında qadınlara ibtidai araşdırmaya prosessual nəzarətin həyata keçirilməsi kimi mühüm vəzifələr həvalə edilmiş, bəzi qadın əməkdaşlar yüksək vəzifələrə təyin edilmişdir.

Bu gün prokurorluq orqanları öz fəaliyyətini uğurla davam etdirməklə qanunun aliliyini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini təmin etməyə çalışır, millətimizin və dövlətimizin maraqlarına xidmət edən dövlət qurumu kimi cinayətkarlığa qarşı mübarizə aparır.

Aytən Ramazanlı,
Nəsimi rayon prokurorunun köməkçisi

İki Sahil qəzeti

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.