Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətçilik ideyalarına inam və sədaqət

20.09.2022

Prokurorluğa göstərilən dövlət qayğısının, xüsusilə də ümummilli lider Heydər Əliyevin prokurorluq işçilərinin fəaliyyətinə göstərdiyi dəyərin təcəssümü kimi Ulu Öndərin 17 iyul 1998-ci il tarixli Sərəncamı əsasında 1 oktyabr, yəni milli prokurorluq orqanlarının yarandığı gün “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi təsis olunmuşdur.

Azərbaycan Prokurorluğu yarandığı gündən bu günə qədər  uzun, çətin və  şərəfli inkişaf yolu keçməklə, həmin şərəfli tarixi ərzində daim dövlətçilik ideyalarına inam və sədaqət nümayiş etdirmiş, dövlətin maraqlarının, qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının, cinayətkarlığa qarşı mübarizənin təmin edilməsində öz qətiyyətli xidmətlərini göstərmiş, xalqın əsas güvən yerlərindən birinə çevrilmişdir.

Azərbaycan prokurorluq orqanlarının əsası Azərbaycan Xalq Cümhuriyyətinin dövründə, yəni 1 oktyabr 1918-ci ildə qoyulsa da, Cümhuriyyətimiz qısa müddət ərzində mövcud olduğu üçün prokurorluğun müstəqil dövlət orqanı kimi hərtərəfli formalaşmağına zəruri imkan olmamışdır. Yalnız müstəqilliyimizin bərpasından sonra Ulu Öndərin Azərbaycanda ali hakimiyyətə qayıdışı ilə milli prokurorluq orqanları ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynamış və müasir beynəlxalq tələblərə cavab verən sivil orqan kimi formalaşmışdır.

Ulu Öndərin layiqli davamçısı kimi cənab Prezident İlham Əliyev də prokurorluğa öz diqqət və qayğısın daim nümayiş etdirmiş, prokurorluğun dövlətin həyatında mühüm funksiya daşıyan orqan kimi formalaşması istiqamətində aparılan islahatları davam və inkişaf etdirmişdir. Dövlətimizin mövcudluğunda əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsi, ölkəmizin inkişafına mane olan əngəllərin aradan qaldırılması, hüquq sisteminin müasir dövrün tələblərinə cavab verən formada təkmilləşdirilməsi, ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm dayaqlar üzərində qurulmasında böyük rolu olmuşdur və olacaqdır.

Prokurorluq orqanlarına işə qəbulun obyektivlik və ədalətlilik meyarlarına əsaslanaraq aşkarlıq və şəffaflıq prinsipi ilə müsabiqə qaydasında həyata keçirilməsi prokurorluğun kadr tərkibinin yüksək peşəkarlığa və nəzəri biliklərə malik, sağlam mənəviyyatlı, dövlətçiliyə, xalqına və Vətəninə sadiq, qanunun aliliyinə, hüquqi dövlətin prinsiplərinə və milli dəyərlərə hörmətlə yanaşan, müasir dünyagörüşlü, savadlı hüquqşünaslar hesabına komplektləşdirilməsi üçün ciddi zəmin yaratmışdır.

Ümummilli Liderin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 2002-ci ildən başlanılmaqla həyata keçirilmiş müsabiqələr nəticəsində prokurorluqda qulluğa qəbul olunan gənc hüquqşünasların Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil etməsi, onların tutduqları vəzifələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı vəzifələrə irəli çəkilməsi dövlətin, o cümlədən də Azərbaycan Respublikası Prokurorluğunun gənclərə verdiyi dəyərin və göstərdiyi etimadın, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinin bariz nümunəsidir.

Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallıq nümayiş etdirməklə, cəmiyyətin və dövlətin onlara göstərdiyi etimadı doğrultmaqda davam edir. Gənclərimiz ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verməklə cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında, o cümlədən də hüquq sisteminin təkmilləşməsində yaxından iştirak edirlər. Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları cəmiyyətin aparıcı qüvvəsinə çevirir, gənc nəsil isə ona yaradılan şəraitə müvafiq olaraq özünün intellektual potensialı ilə Azərbaycanı daxili və beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdə davam edir.

Əvvəlki dövrlərdən fərqli olaraq ölkəmiz müstəqillik əldə etdikdən sonra cəmiyyətin gənclərə güvəni də əhəmiyyətli dərəcədə artmışdır. Müasir gənclik sovet psixologiyasından tamamilə uzaq şəkildə formalaşmışdır. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək dövlətin gənclər siyasətinin əsas məqsədlərindəndir. Bu, gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədə olmaqla onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir.

Tarix boyu hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Xalqımızın ənənələrinin, milli dəyərlərin qorunması, xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir.

Gənclərimiz özlərinin vətənpərvərliyini, gücünü və iradəsini 44 günlük Vətən müharibəsində bir daha sübut etməklə, Azərbaycanın böyük və güclü gələcəyi olduğunu bütün dünyaya göstərdilər. Azrbaycan gəncliyi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib torpaq uğrunda, Vətən uğrunda vuruşaraq 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular.

Ümummilli lider Heydər Əliyev bildirmişdir: “Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər”.    

Ölkəmizin bütün gəncləri kimi, Azərbaycan Respublikası Prokurorluğunda şərəflə xidmət edən gənc prokurorluq işçiləri də öz məsuliyyətlərini dərindən dərk etməklə, onlara göstərilən böyük etimadı doğrultmaqla, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə, qanunçuluğun keşiyində ayıq-sayıq dayanmaqla, hərtərəfli nəzəri biliklərə və yüksək peşə hazırlığına yiyələnməklə, müasir tələblərə cavab verən, gələcəyə inam yaradan mütəxəssis kimi formalaşmaqla ürəkdən içdikləri anda sona qədər öz sədaqətlərini nümayiş etdirməkdədirlər.

Öz müasir tarixinin əlamətdar günlərindən birini yaşayan Azərbaycan Respublikası Prokurorluğunun 104-cü ildönümü münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranlarını və onların ailə üzvlərini təbrik edərək, bugünkü və gələcək fəaliyyətimizi qarşımıza qoyulan ali tələblərə uyğun həyata keçirməklə daim Vətənə layiqli olmağımızı arzu edirəm.

Əli İbrahimov,
Bakı şəhər Binəqədi rayon prokurorluğunun müstəntiqi

İki sahil qəzeti 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.