Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizə strategiyasının növbəti mərhələsində prokurorluq orqanlarının prioritet istiqamətləri

24.09.2022

Hər bir dövlətin suverenliyini onun ərazisi, əhalisi, idarəçiliyi, daxili və xarici siyasətində tam müstəqilliyi və digər dövlətlərlə əlaqə qurmaq bacarığı əsasında dəyərləndirmək mümkündür. Dövlətlərarası münasibətlər sisteminin özəyini təşkil edən bu ehkamdan faydalanan dünya ölkələri məhz sözügedən amillərin real tətbiqi imkanına mütənasib olaraq öz iradələrini ifadə edirlər.

Müstəqilliyinə qovuşduğu bir neçə onillik ərzində əsrə bərabər inkişaf yolu keçən Azərbaycan Respublikası da beynəlxalq birliyin tamhüquqlu subyekti kimi daim səylərini müstəqilliyini şərtləndirən amillərin möhkəmləndirməsinə yönəltmiş, suverenliyinə xələl gətirə biləcək hər hansı təhdidə qarşı sistemli mübarizə sərgiləmişdir.

Böyük iftixar hissi ilə qeyd etmək olar ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ötən illər ərzində böyük əzm və inamla davam etdirdiyi mütərəqqi dövlət siyasətinin gözlənilən məntiqi nəticəsi kimi bütün bu milli səylər artıq öz bəhrəsini vermiş, 2020-ci il milli-tarixi yaddaşımıza xalqla dövlətin sarsılmaz birliyi timsalında şanlı qələbə ili kimi həkk olunmuşdur.

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ona yönələn mənfur düşmən təxribatlarının qarşısının alınması naminə canlarını fəda edərək uca şəhidlik zirvəsinə yüksələn Azərbaycan övladlarının xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır.

Zəfər qürurunu yaşayan bir ölkə kimi Azərbaycan üçün hazırda əsas məqsəd əldə edilən tərəqqinin sürəkli xarakter alması, yeni islahatlar və açılan perspektivlər hesabına qazanılan uğurların miqyasının daha da genişləndirilməsidir. Ölkəmizdə sosial-iqtisadi inkişafa paralel olaraq, siyasi, elmi, mədəni və digər sahələrdə də sürətli inkişaf qeydə alınır.

Bu çağırışların davamlı olması üçün müxtəlif strateji amillərlə yanaşı, digər mühüm prioritet sahə - korrupsiyaya qarşı effektiv mübarizə siyasətinin də önəmli rolu vardır. Korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi aparılan islahatların daimi qarantı qismində çıxış etməklə bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilməkdədir.

Gerçəkləşdirilməkdə olan dayanıqlı və sabit inkişafa yönəlik kompleks islahatlar çərçivəsində bu gün ölkəmiz korrupsiya təhlükəsini aradan qaldırmağa çalışan qabaqcıl dünya ölkələri zəncirinin önəmli bir halqasına çevrilmişdir.

Azərbaycan Respublikası qoşulmuş olduğu Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" və "Korrupsiya əleyhinə", o cümlədən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında" konvensiyaları və digər bu kimi mütərəqqi beynəlxalq təşəbbüslərdə əksini tapan müddəaları öz milli hüquq sisteminə implementasiya etməklə onun işləkliyini təmin edən siyasi iradə sərgiləmişdir.

Görülən işlər çərçivəsində 2004-cü ildən başlayaraq bu sahədə 1 Dövlət Proqramı, 1 milli strategiya, 5 milli fəaliyyət planı qəbul edilmiş və onların səmərəli tətbiqinə nail olunmuşdur. Onlardan 2020-ci ildə qəbul olunmuş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası hazırda davam etdirilməkdədir.

Qeyd edilən sənədlərin keyfiyyətli icrası nəticəsində ötən illər ərzində ölkəmizdə qabaqcıl beynəlxalq standartlara cavab verən antikorrupsiya qanunvericiliyi yaradılmış, bir sıra mütərəqqi institusional quruculuq işləri aparılmışdır. Təsadüfi deyildir ki, ötən illər ərzində dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyət və şəffaflıq dərəcəsi də artırılmışdır. Nümunə kimi göstərmək olar ki, dövlət xidmətlərinin göstərilməsində müasir yanaşmalar sərgiləyən, bürokratiya və süründürməçilik hallarının aradan qaldırılmasında mühüm rol oynayan "ASAN xidmət" mərkəzlə-rinin fəaliyyət coğrafiyası ilbəil daha da genişləndirilmiş, eyni zamanda "DOST" mərkəzləri tərəfindən sosial müdafiə və təminat sahələri üzrə innovativ həllərin tətbiqi ilə ölkəmiz özünün yeni idarəetmə modellərini yaradaraq müsbət təcrübə kimi dünyaya tanıtmışdır.

Bu sahədə digər vacib məqam isə işğal altında olan ərazilərimizin azad edilməsi ilə xarici və yerli investorların yeni infrastruktur layihələrinə cəlb olunduğu həmin ərazilərdə şəffaflıq və korrupsiyadan azad mühit kimi komponentlərin tam bərqərar edilməsidir.

Məhz hazırkı yeni inkişaf mərhələsinin doğurduğu zərurətdən irəli gəlməklə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə qəbul edilmiş növbəti konseptual sənəd - "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" istər işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, istərsə də digər aspektlərdə daha güclü gələcək naminə Azərbaycanın yol xəritəsi olacaqdır.

Korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirləri özündə cəmləşdirən bu sənədin ətraflı təhlili onun mahiyyətinə varmağa və icra edilməsinin gələcəkdə hansı müsbət nəticələr doğuracağını əvvəlcədən proqnozlaşdırmağa imkan verir. Sənəddə 6 prioritet və hər biri ilkin, aralıq və yekun nəticə mərhələlərinə bölünən 62 vəzifə müəyyən edilmişdir. Qeyd edilən bu tədbirlərdən iyirmisinin icrası isə eyni zamanda prokurorluq orqanlarına tövsiyə olunmuşdur.

Belə ki, qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində tədbirlərin görülməsini nəzərdə tutan birinci Prioritet Sahədə (Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində tədbirlər) dövlət orqanlarının fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi, xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi və digər bu kimi 11 aktual istiqamət öz əksini tapmışdır. Sadalanan tədbirlərdən altısının yerinə yetirilməsi prokurorluq orqanlarına tövsiyə olunmuşdur.

Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərdən biri kimi dövlət orqanlarında korrupsiya risklərinin qiymətləndirilməsinin həyata keçirilməsinin nəzərdə tutulması belə halların miqyasının ölçülməsi, mənbəyinin müəyyən edilməsi, eləcə də ona şərait yaradan amillərin qarşısının alınması sahəsində görülən işlərin səmərəliliyini daha da artırmış olacaqdır.

Növbəti belə tədbir qismində qüvvədə olan qanunvericilikdə məhdud formada təsbit edilmiş korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin müdafiəsi institutunun, vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasına qarşı mübarizənin, habelə maliyyə xarakterli məlumatların təqdim edilməsi işinin təkmilləşdirilməsi ilə latent cinayətkarlığa və qanunsuz varlanmaya qarşı mübarizə daha da gücləndiriləcəkdir.

Qeyd edildiyi kimi, digər bir vacib istiqamət də mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və onun qarşısının alınmasında mühüm vasitələrdən biri olan xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsidir ki, həmin tədbirin icrasilə cinayət yolu ilə əldə edilmiş əmlakın və ya müsadirə edilməli olan digər aktivlərin aşkar edilməsi, izlənməsi və müsadirəsi istiqamətində səmərəli mexanizmin yaradılması nəzərdə tutulur. Məhz sözügedən sahənin aktuallığı baxımından, Baş Prokurorluğun yeni struktur vahidlərindən biri olan Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi yaradılmışdır. İdarə tərəfindən əmlakın bərpası və idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən Tvinninq layihəsi üzrə Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfdaş qurum kimi seçilmişdir. Hazırda həmin layihənin icrası da Milli Fəaliyyət Planının məqsədlərinə uyğun olaraq müvəffəqiyyətlə davam etdirilir.

Korrupsiyanın qarşısının alınması, şəffaflığın gücləndirilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğa qarşı mübarizə tədbirlərini özündə ehtiva edən ikinci (Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər) və üçüncü Prioritet sahələrdə (Maliyyə şəffaflığının təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə (ÇPY/TM) qarşı mübarizə sahəsində tədbirlər) ISO 37001 "Antikorrupsiya idarəetmə sistemləri" beynəlxalq standartının tətbiqi, dövlət satınalmalarında şəffaflığın artırılması, satınalmada iştirak edən şirkətlər qarşısında benefisiar mülkiyyətçinin açıqlanması öhdəliyinin qanunla müəyyən edilməsi, ÇPY/TM cinayətlərinin aşkarlanması və istintaqının aparılması səmərəliliyinin artırılması, o cümlədən bu kimi digər tədbirlərdən ibarət olan 23 vəzifə müəyyən edilmişdir. Sözügedən prioritetlər üzrə nəzərdə tutulan tədbirlərdən yeddisinin yerinə yetirilməsi prokurorluğa tövsiyə olunmuşdur.

Belə ki, ISO 37001 "Antikorrupsiya idarəetmə sistemləri" beynəlxalq standartı istənilən təşkilatın fəaliyyətində tətbiq oluna bilməklə, korrupsiya risklərinə qarşı effektiv idarəçiliyi təmin edir. Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan bu standartın özəl sektorda təşviqi ilə sahibkarlıq subyektlərinin iqtisadi və işgüzar nüfuzu istər yerli, istərsə də xarici biznes mühitində daha da möhkəmlənəcəkdir.

Fəaliyyət planında nəzərdə tutulan islahatların digər ünvanı kimi dövlət satınalmalarında iştirak edən şirkətlərə benefisiar mülkiyyətçinin (pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, o cümlədən xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən və (və ya) adından maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirildiyi fiziki şəxs və ya hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs deməkdir) açıqlanması öhdəliyinin müəyyən edilməsi də özəl sektorda şəffaflığın daha da artırılması xidmət edəcəkdir.

Bundan başqa, sənədin dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində məsələlərlə bağlı olan dördüncü Prioritet Sahəsində bu növ xidmətlərin proaktiv və elektron formada göstərilməsi işinin genişləndirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi, dövlət orqanları tərəfindən göstərilən xidmətlərdən istifadənin genişləndirilməsi məqsədilə elektron imzanın əldə edilməsi imkanlarının sadələşdirilməsi və digər bu kimi 14 müddəa öz əksini tapmış, onlardan birinin icrası prokurorluq orqanlarına tövsiyə edilmişdir. Sözügedən Prioritet Sahə üzrə tədbirlərin reallaşması müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron prokurorluq" informasiya sisteminin səmərəli tətbiqinə də öz müsbət təsirini göstərəcəkdir.

Son olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsini, eləcə də bu sahədə maarifləndirmə işinin aparılmasını nəzərdə tutan beşinci və altıncı prioritet sahələrdə dövlət orqanlarında ictimai iştirakçılığın gücləndirilməsi, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) və digər beynəlxalq təşkilatlarla tərəfdaşlığın daha da möhkəmləndirilməsi, onların tövsiyələrinin icra edilməsi, müxtəlif hədəf qrupları üzrə təlimlərin keçirilməsi kimi 14 tədbir müəyyən edilmişdir. Bu prioritetlər üzrə tədbirlərdən altısının icrası digər qurumlarla yanaşı, prokurorluq orqanlarına da tövsiyə edilmişdir.

Xüsusilə vurğulanmalıdır ki, dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və digər dövlətlərin müvafiq səlahiyyətli orqanları ilə əlaqələrin qurulmasına, habelə daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməkdədir.

Beynəlxalq əməkdaşlığın digər bir parlaq nümunəsi kimi ötən il noyabr ayının 1-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorları Şurasının təsis edilməsini göstərmək olar. Qardaş ölkələr arasında insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcək bu mühüm təsisatın fəaliyyət istiqamətlərindən birini də məhz korrupsiyaya qarşı mübarizə fəaliyyəti təşkil edir.

Təqdirəlayiq haldır ki, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin nəticəsi kimi, bu sahədə ixtisaslaşmış olan əksər beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə müvafiq istiqamətdə həyata keçirilən tədbirlər müsbət dəyərləndirilir. Bununla belə, sonuncu prioritet istiqamətin icrası istər beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsi, istərsə də ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Hazırda prokurorluq orqanları tərəfindən Milli Fəaliyyət Planının icrası ilə bağlı digər dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə əlaqəli şəkildə vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə yönəldilmiş sistemli tədbirlərin görülməsi davam etdirilir.

Əminliklə qeyd etmək olar ki, bu mühüm əhəmiyyətli strateji sənəd fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların səylərini birləşdirməyə xidmət edəcək, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə aparılmasına, nəticədə qarşıya qoyulan hədəflərə nail olunmasına böyük töhfələr verəcəkdir. 

                                                                                            Nazim RƏCƏBOV, Azərbaycan Respublikası Baş prokurorunun müavini,                                                                       Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi,                                                                                                                                               Xalq qəzeti 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.