Şriftin ölçüsü :
Saytın rəngi :
Ölkəmiz bu günü yaşamaq üçün ağrılı-acılı 30 illik bir yol keçib. Bu yolun sonu, nəhayət, 2020-ci il sentyabr ayında Ermənistanın atdığı növbəti təcavüzkar addıma cavab olaraq başladığı Vətən müharibəsi ilə başa çatıb. İkinci Qarabağ savaşında tarixi qələbənin əldə edilməsində isə ən önəmli amil Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, xalq–Prezident–ordu vəhdəti olub. Bu, Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zamanı evlərini tərk etməmələrində özünü göstərib. Bu, döyüşlər getdiyi dövrdə hər gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəsmi “Twitter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibələrində, hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verməsində, ordumuzun nailiyyətlərini dəqiqliklə vətəndaşlarımızın diqqətinə çatdırmasında özünü büruzə verib. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq–Prezident birliyinin təmin olunduğu bir respublika kimi tanıdıb.
Birmənalı şəkildə deyə bilərəm ki, 44 günlük savaş dövründə ordumuz haqq-ədalət uğurunda mübarizə aparıb. Bu zaman beynəlxalq hüquq da ölkəmizin tərəfində olub.
Beləliklə, hadisələri, prosesləri dəqiq qiymətləndirmək, taleyüklü məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim etmək istedadına malik Prezident İlham Əliyev 2020-ci ildə ölkəmizin ərazi bütövlüyünü reallaşdıran lider kimi də adını tarixə əbədi yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu.
Azərbaycan 44 gün ərzində inamlı qələbə qazanmaqla hazırda özünün yeni tərəqqi mərhələsini yaşayır, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə reallaşdırdığı genişmiqyaslı islahatlarla inkişaf etmiş ölkələr sırasında yerini möhkəmləndirir, beynəlxalq nüfuzunun artmasını, bəşəri norma və prinsiplərə, milli dəyərlərə sadiq qalmasını şərtləndirməklə müstəqil, qüdrətli, bynəlxalq miqyasda sözü keçərli sivil, demokratik və hüquqi dövlət kimi tanınır. Bununla yanaşı, ölkə rəhbəri respublikanın daha möhtəşəm uğurlar qazanması naminə fədakarlıqla çalışır, dövlət strukturlarının beynəlxalq normalara uyğun qurulması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir, bununla hər bir Azərbaycan vətədaşını əzmkarlıqla çalışmağa ruhlandırır, vətəni sevməyin gözəl bir nümunəsini diqqətə çatdırır.
Ümummilli liderimizin xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlara başlanıldı. Bu zaman ulu öndər müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirir və cümhuriyyət ideyalarının ölkədə daha geniş şəkildə yayılmasına çalışırdı. Bu baxımdan, Xalq Cümhuriyyətinin atributlarının müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilməsi dahi şəxsiyyətin müstəsna xidmətlərindən biri idi. 1918-ci il oktyabrın 1-də Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı yaradılmışdı.
Beləliklə, ötən əsrin sonlarında yenidən müstəqillik əldə edən xalqımız Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etmiş, əsl istiqlaliyyət və milli dirçəliş ideya və arzularına isə ümummilli liderin yenidən ölkədə siyasi rəhbərliyə qayıtmasından sonra qovuşa bilmiş, Xalq Cümhuriyyətinin müstəqillik ideyasını, dövlətçilik atributlarını gerçəkləşdirmişdi.
Ulu öndər müstəqil Azərbaycana rəhbərliyinin ilk vaxtlarından etibarən hüquq-mühafizə sisteminin bütün sahələrində olduğu kimi, prokurorluq orqanlarının da dövlətçiliyin maraqlarına, qanunun aliliyinə, insan hüquqlarının və azadlıqlarının müdafiəsinə xidmət edən sivil, demokratik bir qurum kimi formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsini, bu istiqamətdə maddi və sosial bazanın yaradılmasını diqqət mərkəzində saxlayırdı. Dahi şəxsiyyət prokurorluğa böyük dəstək göstərməyə xüsusi önəm verərək, deyirdi: “Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır...”.
Ümummilli liderin 2000-ci il aprelin 26-da prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi müşavirə də bu dəyərli fikrin bariz ifadəsi, əyani nümayişi idi. Həmin tarixi müşavirədə qarşıya qoyulan vəzifələrlə bağlı reallaşdırılan islahatlar nəticəsində bu sistemdə təməl prinsipləri mövcud tələblərlə uzlaşdırıldı, hüquqi baza əsasında struktur yeniləşdirildi. Bütün bunlarla bərabər, Azərbaycan Prokurorluğu yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirildi, əməkdaşların vəzifələri və səlahiyyətləri beynəlxalq standartlara uyğun müəyyənləşdirildi. Beləliklə, prokurorluq tamamilə yenidən təşkil olunaraq, dövlət strukturları sırasında demokratik bir orqan kimi öz layiqli yerini tutdu və bununla da, dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildi.
Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların əsasını və onun hüquqi bazasının təməlini ulu öndərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarətmə sistemində bu dövlət təsisatının yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirildi və prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verildi. Konstitusiyaya 24 avqust 2002-ci il tarixli referendumla edilən dəyişikliklərlə Azərbaycan Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi isə hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında bu təsisatın rolunu daha da artırdı.
Bundan sonra isə ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilən 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini reallaşdırdı. Beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası qanunlarının və digər hüquqi aktların qəbul olunması ilə prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi baza dövrün tələblərinə və beynəlxalq standartlara uyğun formalaşdırıldı.
Ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də Azərbaycan Prokurorluğu şərəfli bir təkamül yolu keçib, xalqın və dövlətin hərtərəfli dəstəyinə arxalanaraq, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə təkmilləşib. Bu əsasla da hazırda prokurorluq qanunun aliliyinin təmin olunmasında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində səmərəli fəaliyyəti ilə nüfuzlu bir quruma çevrilib.
Azərbaycan Prezidenti 2020-ci il mayın 1-də Baş prokuror cənab Kamran Əliyevi videoformatda qəbul edərkən, prokurorluğun tarixində yeni bir səhifə açmış, prokurorluq orqanlarında daha genişmiqyaslı islahatlara ehtiyac olduğunu bildirərək, bu sahədə yeniləşmələr gerçəkləşdirməklə uğurlar qazanılacağına əminliyini ifadə edib, “Hüquq-mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir” deyib.
Prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinin şərtləndirilməsi üçün ölkə rəhbəri bu sistemdə kadrların peşəkarlığının daim diqqət mərkəzində saxlanılmasını, onların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsini, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərdə bu keyfiyyətin önə çəkilməsini, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsiplərinə də hər zaman önəm verilməsini vurğulayıb. Dövlətimizin başçısı prokurorluq orqanları qarşısında korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsini, bu istiqamətdə daha fəal iş aparılmasını mühüm bir vəzifə kimi qoyub.
Prezident İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyənləşdirdiyi vəzifələrin qısa zamanda və yüksək keyfiyyətlə icrasına nail olmaq məqsədilə ötən müddətdə Baş prokuror Kamran Əliyevin birbaşa rəhbərliyi ilə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyun 2020-ci il tarixli sərəncamına əsasən, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması, fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq olunub. Bu əsasda Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurularaq, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr təsis edilib.
Müşfiq ŞIXƏLİYEV,
Şabran rayon prokurorluğunun müstəntiqi, birinci dərəcəli hüquqşünas
Xalq qəzeti