Şriftin ölçüsü :
Saytın rəngi :
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində rəşadətli ordumuzun Ermənistan üzərində qazandığı tarixi Qələbə hər bir azərbaycanlıda qürur hissi yaradıb. Yenilməz ordumuzun işğalçı Ermənistan üzərində qazandığı tarixi Qələbədən sonra Azərbaycan dünyada qalib dövlət kimi tanınıb. İndi biz peşə bayramımızı qalib dövlətin vətəndaşları kimi qarşılayırıq.
Düşmən üzərində qazandığımız tarixi Qələbə Azərbaycan tarixinə şanlı səhifə yazdı və Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu parlaq zəfər ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan Silahlı Qüvvələrinin hər bir üzvü yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya göstərdi və işğal altında olan torpaqlarımızı öz qüvvəsi ilə azad etdi. 30 il düşmən işğalında olan həmin ərazilərdə indi əzəmətli Azərbaycan bayrağı dalğalanır. Şuşada, Cıdır düzündə musiqi festivallarının, poeziya günlərinin, beynəlxalq tədbirlərin keçirilməsi tarixi Qələbəmizin bariz nümunələridir.
2020-ci il noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətini rəsmən təsdiqlədi və ermənilərin “böyük Ermənistan” dövləti yaratmaq ideyasının üstündən birdəfəlik xətt çəkdi.
Fəxr edir və qürur hissi keçiririk ki, ordumuzun nümayiş etdirdiyi qəhrəmanlıq, xüsusilə, Şuşanın azad edilməsində tətbiq olunan hərbi taktika dünya hərb tarixində böyük maraq doğurub. Məsələn, ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Belə bir zamanda peşə bayramımızı qeyd etmək bizim üçün ikiqat fərəhlidir. Ümumiyyətlə, prokurorluq işçilərinin peşə bayramının təsis edilməsi ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində mümkün olmuşdur. Belə ki, bir əsrdən artıq müddət ərzində Azərbaycan prokurorluq orqanları dövlətin ən etibarlı dayağı kimi, fəaliyyət göstərsə də, digər sahələrdən fərqli olaraq, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə heç bir təşəbbüs göstərilməmişdi. Ulu öndər Xalq Cümhuriyyəti dövründə Bakı dairə məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarını əsas götürərək, 17 iyul 1998-ci il tarixli sərəncamla hər il oktyabr ayının 1-nin Prokurorluq İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilməsini reallaşdırmışdır. Ulu öndər bununla da prokurorluğa dövlət qayğısını rəsmi qaydada bir daha təzahür etdirmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qanunsuz silahlı dəstələr ləğv edildi. Həmin dəstələr tərəfindən törədilən dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinin düzgün təşkilində, günahsız insanların cinayət məsuliyyətinə cəlb olunmasına yol verilməməsində, ölkəmizdə ictimai-siyasi sabitliyin yaranmasında prokurorluğun da xidmətləri qeyd edilməlidir.
Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 1995-ci il noyabrın 12- də ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etdi. Ali Qanunumuzda, ilk dəfə olaraq, ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Əsas Qanunda Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu inkişaf yolu seçməsinin təsbit edilməsi, hakimiyyətin bölünməsi prinsipinin öz əksini tapması və bu müddəaların həyata keçirilməsi yolunda ulu öndərin qətiyyətli və cəsarətli addımları qısa müddət ərzində ölkəmizi dünyanın sivil dövlətləri sırasına çıxardı.
Ulu öndərin 2000-ci il aprelin 26-da prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi tarixi görüşdən sonra Azərbaycan Prokurorluğunda bütün sahələri əhatə edən islahatlar aparıldı və zəruri normativ hüquqi baza yaradıldı. Bundan sonra “Prokurorluq haqqında” Qanun qəbul edildi və peşəkar kadr korpusu formalaşdırıldı. Bu müşavirədən sonra Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ da xalqımızın ümummilli lideri Heydər Əliyevin təklifi ilə 2002-ci ildə “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən verildi.
Məhz ulu öndərin diqqət və qayğısı sayəsində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni bir mərhələyə yüksəlmişdir.
Ulu öndərin siyasi kursuna sadiqliyini bütün sahələrdə öz fəaliyyəti ilə nümayiş etdirən Prezident İlham Əliyev qanunun aliliyinin təmin olunmasını prioritet vəzifə kimi qarşıya qoydu. Prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması bu istiqamətdə həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirir. Dövlət başçımız da bu sahədə həyata keçirilən islahatları yüksək dəyərləndirib və deyib ki, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilib.
Prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Kamran Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin edilməsi ilə prokurorluq orqanlarında əsaslı dönüş yarandı. Dövlət başçımız yeni təyin olunmuş Baş brokuror cənab Kamran Əliyevi videoformatda qəbul edərkən prokurorluq orqanlarının dövlət həyatında tutduğu əhəmiyyətli rolu yüksək qiymətləndirmişdir. Möhtərəm Prezidentimizin həmin çıxışı zamanı prokurorluğun fəaliyyət istiqamətləri, struktur və kadr islahatlarına dair mütərəqqi fikirləri biz, prokurorluq əməkdaşları üçün yol xəritəsi hesab olunur. Həmin tarixdən başlayan islahatlar təməl prinsiplərinə çevrilmiş və prokurorluq orqanlarında yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur.
Dövlət başçısının 2020-ci il 10 iyun tarixli sərəncamına əsasən, Baş Prokurorluğun yeni strukturu təsdiq edilmiş, yeni idarə və şöbələr, o cümlədən islahatların tərkib hissəsi kimi, kriminalistika və informatika idarəsi yaradılmışdır. Möhtərəm Prezidentimizin siyasi kursuna uyğun olaraq, prokurorluq orqanlarında genişmiqyaslı islahatlar aparılıb. Müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması prioritet vəzifə kimi qarşıya qoyulub. Baş prokuror cənab Kamran Əliyevin qarşıya qoyduğu tələblər və gərgin fəaliyyəti nəticəsində prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulub. Baş Prokurorluqda yeni idarələr yaradılmaqla, ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılıb.
İslahatların tərkib hissəsi kimi müasir çağırışlara uyğun olaraq, prokurorluğun bütün istiqamətləri üzrə fəaliyyətini tənzimləyən, daha çevik və operativ, müasir tələblərə cavab verən “İşin Təşkili Qaydaları” 1 avqust 2020-ci il tarixdən qüvvəyə minmişdir. Yeni “Qaydalar”ın qüvvəyə minməsi ilə rayon, şəhər və tabe hərbi prokurorlarının bir sıra qanuni səlahiyyətlərinin məhdudlaşdırılmasına dair əvvəllər mövcud olmuş normalar ləğv edilmiş, bununla da müvafiq prokurorların qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş bütün vəzifələrini müstəqil həyata keçirmələrinə tam şərait yaradılmışdır.
Bu gün ölkəmizdə gedən uğurlu inkişaf prosesləri artıq dünya birliyində də etiraf olunur. Lakin bəzi idarə və müəssisə rəhbərləri, o cümlədən bir sıra rayonların icra hakimiyyəti başçıları, hətta bəzi nazirlər hələ də korrupsiya və rüşvətxorluq kimi bəd əməllərdən əl çəkmir, bununla da ölkəmizin inkişafına mane olurlar. Ancaq dövlət başçımızın qarşıya qoyduğu ciddi tələblər sayəsində prokurorluq işçiləri belə hallara qarşı amansız mübarizə aparırlar. Məhz bunun nəticəsində bir neçə rayonun icra hakimiyyətlərinin başçıları, bəzi nazirlər, bir sıra komitə və nazirliklərin məsul əməkdaşları həbs olunaraq qanun qarşısında cavab verməli olmuşlar. Hazırda korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.
Ümumiyyətlə, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daim dövlət başçımızın diqqət mərkəzində saxladığı vacib məsələ olub. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Bu dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar da fəaliyyətə başlayıb. Ötən dövrdə korrupsiyaya qarşı mübarizə üzrə 2004–2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuş, 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007–2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilmişdir.
Hazırda prokurorluğun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü, yüksək mənəviyyata malik peşəkar kadrlardan ibarət yeni kadr korpusunun formalaşdırılması prioritet vəzifə kimi qarşıya qoyulub. Baş prokuror Kamran Əliyev möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində bütün imkanlardan istifadə edir. Aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması qarşıda duran mühüm vəzifələrdəndir.
Bu gün dünya ictimaiyyətinin nəzəri Qarabağda aparılan yenidənqurma, tikinti- bərpa işlərinə cəlb olunub. Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə mütəmadi səfərləri və görülən işlərə şəxsən nəzarət etmələri bərpa-quruculuq işlərini daha da sürətləndirir. Yaxın illərdə Qarabağ əvvəlkindən də gözəl və cazibədar olacaq. Azərbaycan Prokurorluğunun kollektivi də bu işlərdə daim dövlət başçımızın ətrafında sıx birləşib və qanunun aliliyinin qorunmasında bundan sonra da daim mübariz olacaq.
Məmmədəli RƏHMƏTOV,
Şuşa rayon prokuroru,
baş ədliyyə müşaviri
Xalq qəzeti