Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunun aliliyi hər şeydən üstündür

20.09.2022

Artıq iki ilə yaxındır ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistan üzərində qazandığı şanlı Qələbənin sevincini yaşayırıq. Biz, prokurorluq orqanı işçiləri də ikinci ildir ki, peşə bayramımızı qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Bu gün hər bir soydaşımız fəxr edir ki, onlar qalib Azərbaycanın vətəndaşlarıdırlar. Düşmən üzərində qazandığımız tarixi Qələbə Azərbaycan tarixinə şanlı bir səhifə yazdı və Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu şanlı zəfər ölkəmizi bütövləşdirdi. Azərbaycan Silahlı Qüvvələrinin hər bir üzvü yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə nümayiş etdirdi və 30 il ərzində nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən qüdrətli dövlətlərin edə bilmədiklərini 44 gün ərzində həyata keçirdi.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illəri xatırlayanda, ölkəmizin bu illər ərzində sürətli inkişafının şahidi olarıq. Söz yox ki, həmin dövrdə, yəni müstəqilliyimizin ilk illərində ölkədə xaos, anarxiya, özbaşına­lıq baş alıb gedirdi. Bunun əsas səbəblərindən biri həmin illərdə respublikaya rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı, təcrübəsizliyi idi. Məhz bu baxım­dan müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası tamamilə unudulmuş, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqə, demək olar ki, yox dərəcəsində idi. Ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində əsaslı işlər görülmür, mütərəqqi və çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqi barədə düşünülmürdü. Həmin dövrdə ölkəyə rəhbərlik edənlər sanki unudurdular ki, demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına inteqrasiyadan, müasir tələblərə cavab verən hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə asılıdır. Yalnız xalqın təkidli xahişlərindən sonra ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu istiqamətdə əsaslı ad­dımlar atıldı.

Ümummilli liderin bütün sahələr üzrə başladığ geniş­miqyaslı demokratik islahatlar nəticəsində hüquq sistemi də demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə – vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunma­sına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldildi. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və dünya təcrübəsindən səmərəli istifadə, eləcə də tədricən cəmiyyətimizin dinamik inkişa­fı nəticəsində ölkə həyatında baş verən mühüm yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmələrin həyata keçirilməsini tələb edir. Ulu öndərin gərgin səyləri nəticəsində məhz bu sahədə də yeni mərhələyə keçidin əsası qoyuldu.

Müdrik şəxsiyyət Heydər Əliyevin ölkəyə rəhbərlik etdi­yi ilk illərdə demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurul­ması prioritet vəzifə kimi qarşıya qoyulmuşdu. Məhz həmin dövrdə Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük nailiyyətlər əldə etdi, uğurlu məhkəmə-hüquq islahatlar həyata keçirildi, vətəndaş cəmiyyətinin tələblərinə cavab verən hüquqi təsisatlar formalaşdırıldı. Qəbul edilən qanunlar beynəlxalq hüquq normalarına uyğunlaş­dırıldı. Ümummilli lider deyirdi: “Ölkəmizdə qəbul edilən qanun­lar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılan işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hü­quq müdafiəsinə təminat alıb”.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmaqdadır. Son 19 ildə həyata keçirilən uğurlu siyasi kurs, öz fəaliyyəti ilə bütün sahələrdə ulu öndərə sadiqlik Azərbaycanı dünyada söz sahibinə çevirib. İndi Azərbaycanın razılığı ol­madan regionda hər hansı iri infrastruktur layihəsinin reallaş­dırılması mümkün deyil. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Ermənistanın 30 illik işğalına möhtərəm Prezident, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz ordumuz 44 gün ərzində son qoydu. Bu illər ərzində dövlət başçımızın apardığı uğurlu xarici siyasət nəticəsində dünya birliyində Ermənistanın işğalçı dövlət olduğu, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması barədə mükəmməl hüquqi baza yaradıldı. Lakin dün­yada baş alıb gedən ikili standart, islamofobiya və Azərbaycanın sürətli inkişafının həzm edilməməsi işğalçı Ermənistanı daha da quduzlaşdırır, ölkəmizə qarşı təxribatlar aparmasına imkan yaradırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın başladığı genişmiqyaslı təxribat onun öz başında çatladı. 10 noyabr 2020-ci il tarixi xal­qımızın yaddaşına əbədi həkk olundu. Həmin gün Ermənistanın məğlubiyyəti rəsmən təsdiqləndi.

Bu gün Azərbaycan bay­rağının Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Prezident, Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, qəhrəman ordumuzun qüdrətinin, xalqımızın monolit birliyinin və həmrəyliyinin parlaq nümunəsidir. Fəxr edir və qürur hissi keçirirəm ki, işğaldan azad edilmiş rayon­lardan birinin – Laçının prokuro­ruyam. 2021-ci il avustun 16-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Laçına səfərləri və ra­yonun Qorçu kəndinin ərazisində Laçın Beynəlxalq Hava Limanının təməlini qoymaları bütün dünyaya bir daha nümayiş etdirdi ki, Qara­bağ Azərbaycandır!

Laçın rayonunda inşa ediləcək beynəlxalq hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə, bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensia­lının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abad­lıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm stra­teji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündür ərazisində yerləşən aeroportu olacaq. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi də asanlaşdıracaq.

Təməlqoyma mərasimində çıxış edən dövlət başçımız mürəkkəb relyefə malik Laçın rayonunda aeroportun tikilməsini yüksək dəyərləndirdi: “Bu gün azad edilmiş torpaqlarda böyük infrastruktur obyektinin təməli qo­yulur. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək... Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çün­ki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura – Laçın rayo­nunun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq”...

Təbii ki, bütün bu uğurlar, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, tikinti-bərpa işləri Ermənistanı və onun havadarlarını təşvişə salmaya bilməzdi. Onlar hər vasitə ilə bu işlərə mane olmağa çalışır, sərhədyanı ərazilərdə təxribatlar törədir, atəşkəs reji­mini pozurlar. Elə bir həftə əvvəl işğalçı Ermənistan ordusunun Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordu­sunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələrini müxtəlif çaplı silah­lar, o cümlədən minaatanlardan intensiv atəşə tutmalarının da əsas səbəbi bu idi. Nəticədə şəxsi heyət arasında itkilər olmuş, hərbi infrastruktura ziyan dəymişdir.

Hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir cinayət cəzasız qala bilməz. Ermənistanın sərhəddəki təxribatı ilə bağlı da cinayət işi başlanıb. Ümumiyyətlə, son bir ay ərzində Ermənistan si­lahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusu­nun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşımaqla yanaşı, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunub.

Baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaş­dırma, hazırlama və ya başlama), 100.2 (təcavüzkar müharibəni aparma), 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdı­rılmış zonalara hücum etmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə Gəncə, Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarında cinayət işləri başlanıb, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur. Hazırda prokurorluq əməkdaşları tərəfindən mümkün olan bütün is­tintaq əməliyyat tədbirləri həyata keçirilir. Ermənistanın bütün təxribatları özlərinin başında çatlayacaq. İndi bizim yenilməz ordumuz var və bu ordu dünya­nın ən güclülərindən olduğunu dəfələrlə təsdiqləyib. Ermənilər isə törətdiyi cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Azərbaycan müstəqil, hüquqi, sivil, demokratik dövlətdir. Heç bir dövlət müstəqilliyimizə, ərazi bütövlüyümüzə xələl gətirə bilməz. Ölkəmizdə mükəmməl hüquqi baza yaradılıb. Yeri gəlmişkən, qeyd edim ki, bu il Azərbaycan Prokurorluğunun yaradılmasının 104-cü ili tamam olur. Göründüyü kimi, prokurorluq orqanlarının zəngin tarixi, təcrübəsi var. Bu illər ərzində məhkəmə-hüquq sistemində aparılan köklü isla­hatlar öz bəhrəsini verib. İstər ulu öndər Heydər Əliyevin, istərsə də möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdikləri illər ərzində məhkəmə-hüquq sahəsinin inkişaf etdirilməsi və daha da təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyətə malik qanunlar və qanunvericilik aktları qəbul olunub. Bu sənədlər prokurorluq orqanı işçilərinin məsuliyyətini daha da artırmış və onlar qanunun aliliyinin təmin olunması istiqamətində bütün imkanlarından istifadə etmiş və bu gün də həmin istiqamətdə fəaliyyətlərini davam etdirirlər.

Onu da qeyd edim ki, qanunun aliliyinin təmin edilməsi qarşı­mızda duran prioritet vəzifədir. Kimliyindən, vəzifəsindən, həyatda tutduğu mövqeyindən asılı olma­yaraq, korrupsiya və rüşvətxorluq hallarına yol verən vəzifəli şəxslər də qanun qarşısında cavab verir. Xatırladım ki, son illər korrup­siya və rüşvətxorluq hallarına yol vermiş onlarca rayon icra hakimiyyətinin başçısı, nazirlər, Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri, gömrük işçiləri və digər məsul şəxslər törətdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verməli olublar. Hazırda bu proses uğurla davam etdirilir. Məhz bütün bunlara görə, dövlət başçımız prokurorluq orqanlarının fəaliyyətini yüksək qiymətləndirib: “Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində apa­rılan köklü islahatlar öz bəhrəsini verir. Qanunun aliliyinin təmin edilməsi hər bir cəmiyyətin inki­şafı üçün çox mühüm məsələdir. Ölkənin gücü təkcə iqtisadi artımla deyil, həm də insanların ölkədə azad şəkildə yaşamasından, de­mokratiyanın inkişafından asılıdır. Azərbaycan dünya birliyinə inteq­rasiya yolunu seçib, müasirləşir və zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq sistemində isla­hatlar paralel şəkildə aparılır və aparılmalıdır".

Dövlət başçımız baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən qarşıya mühüm vəzifələr qoydu. Həmin vaxtdan iki ildən artıq vaxt keçib. Bu müddət ərzində prokurorluq orqanla­rında əsaslı islahatlar aparılıb. Ümumiyətlə, baş prokurorun ciddi səyləri nəticəsində prokurorluq­da sağlam iş mühitinin yaradıl­ması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmişdir. Son illər cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu daha da yüksəlmişdir. Biz, hüquq-mühafizə orqanı əməkdaşları dövlət başçımızın ətrafında sıx birləşərək, ölkəmizdə qanunun aliliyinin təmin edilməsi istiqamətində səylərimizi daha da gücləndirəcəyik. Heç kim qanun­dan üstün ola bilməz.

İlqar SƏADƏTOV,

 Laçın rayon prokuroru,

 ədliyyə müşaviri

Xalq qəzeti 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.