Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalovun rəhbərliyi ilə nümayəndə heyəti 18-22 sentyabr tarixlərində Türkiyəyə səfər etmişlər

23.09.2022

Köklü tarixi münasibətlərimizin olduğu, dost və qardaş ölkə Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının dəvəti ilə  hüquq mühafizə orqanları ilə əməkdaşlığın davamı və gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalovun rəhbərliyi ilə  nümayəndə heyəti 18-22 sentyabr tarixlərində Türkiyəyə səfər etmişlər.
Heyət  Ali Məhkəmənin sədri Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, Ədliyyə naziri Bekir Bozdağ, Hakimlər və Prokurorlar Şurasını təmsil edən həmin şuranın sədr müavini Mehmet Akif Ekinci, Şuranın  Baş Katibi Seyfi Han və digər məsul heyətlə görüşmüşlər.
Görüş zamanı Hakimlər və Prokurorlar Şurasının xarici münasibətləri, Şuranın quruluşu, iş prinsipi və vəzifələri mövzusunda ətraflı məlumat verildikdən sonra, işə qəbul, vəzifədə irəli çəkilmə, sosial müdafiə, etik davranış qaydaları, şikayət və intizam icraatının işləmə üsullarına dair hər iki dövlətin hüquq mühafizə orqanlarının oxşar və fərqli yönləri qarşılıqlı olaraq müzakirə edilmişdir.
Daha sonra heyət Ankara Qərb Baş prokuroru Gökhan Karaköse və İnsan haqları və bərabərlik qurumu sədri Muharrem Kılıç ilə görüşmüşdür.
Qeyd olunan səfərdə nümayəndə heyəti eyni zamanda İstanbul Baş prokuroru Şaban Yılmaz və digər məsul şəxslərlə görüşmüşlər.
Bütün görüşlərdə nümayəndə heyətinə müvafiq qurumların sistemi və iş prosesləri barədə məlumat verilmiş, bununla yanaşı Azərbaycan ilə Ermənistan arasında yaşanan son silahlı münaqişə zamanı şəhid olan hərbi qulluqçular üçün baş sağlığı verilmiş, bir millət iki dövlət olan Türkiyə və Azərbaycan arasında hüquq mühafizə orqanlarının fəaliyyətində mövcud səmimi münasibətlərin davam etdirilməsi və dəstəklənməsi vacibliyi vurğulanmışdır.
Eyni zamanda, Türkiyə və Azərbaycan arasında ticarət, mədəni və siyasi sahələrində səmimi münasibətlərin mövcud olduğu vurğulanıb, qarşılıqlı səfərlərdən məmnunluq ifadə edilməklə iki tərəfli münasibətlərin hər iki dövlət başçılarının müəyyən etdiyi  siyasətə uyğun daha da gücləndirilməsinin vacibliyi ifadə edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.