Şriftin ölçüsü :
Saytın rəngi :
İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Artıq tam əminliklə demək olar ki, tarixi olan Azərbaycan hazırda çoxəsrlik tarixinin ən uğurlu və güclü dövrünü yaşayır. Bu uğurumuz, ilk növbədə, dahi sərkərdə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi və mübariz xalqımızın dəstəyi ilə müzəffər ordumuzun Vətən müharibəsi nəticəsində qazandığı şərəfli Qələbə ilə yaddaşalara həkk olunub. Bu Zəfər onilliklər boyu işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə bağlı olsa da, şanlı qələbəni şərtləndirən ölkə həyatının bütün sahələrini, o cümlədən iqtisadi, sosial, humanitar, hərbi, xarici siyasət, hüquqi və digər münasibətlərin tənzimlənməsini əhatə edən çoxşaxəli, köklü və effektiv islahatların gerçəkləşdirilməsi nəticəsində mümkün olmuşdur. Həmin islahatlar xalqımızın rifahının, eləcə də güclü dövlətimizin gələcək zəfərlərinin möhkəm təməlini qoymuşdur.
Prezidenr İlham Əliyevin prokurorluq orqanlarında islahatların dərinləşdirilməsinə və fəaliyyətin təkmilləşdirilməsinə yönəlmiş bir sıra mühüm tapşırıqlarına uyğun olaraq, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar prokurorluğun bütün fəaliyyət istiqamətlərini əhatə etmişdir. Keçən müddət ərzində prokurorluq orqanlarında idarəçilik, kadr korpusunun yenilənməsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, istintaq və məhkəmələrdə dövlət ittihamının müdafiəsi işlərinin keyfiyyətinin yüksəldilməsi, cinayət təqibindən kənar fəaliyyət, xüsusi müsadirə məsələlərinin əlaqələndirməsi, media ilə işin təşkili, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, icra və əmək intizamının möhkəmləndirilməsi, sənədlərin dövriyyəsi və digər sahələrdə əhəmiyyətli və səmərəli islahatlar həyata keçirilmişdir.
Bu islahatların mühüm tərkib hissəsi kimi, prokurorluq orqanlarında nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili, eləcə də, ölkəmizin aparıcı elmi və təhsil, o cümlədən bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları, tədris müəssisələri, hüquq-mühafizə orqanları akademiyaları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələrin qurulması, habelə, daha da inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Prokurorluq orqanlarında peşə hazırlığı və tədrisin təşkili sahəsində həyata keçirilən islahatları şərti olaraq bir neçə qrupa bölmək mümkündür. Bu tədbirlər:
– tədris qurumunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi;
– peşə hazırlığı sahəsində sınaqdan keçmiş müasir tədris metodlarının tətbiqi;
– ölkəmizin aparıcı elmi, təhsil və tədris qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi;
– xarici tərəfdaşlarla əməkdaşlığın qurulması;
– tədris qurumu tərəfindən bəzi katiblik funksiyalarının həyata keçirilməsi;
– müasir informasiya texnologiyaları və proqram təminatlarının tətbiqi sahəsində işləri əhatə edir.
Aparılmış islahatlar çərçivəsində Azərbaycan Respublikası Baş prokurorunun 29 iyun 2020-ci il tarixli əmri ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin yeni strukturu təsdiq edilməklə, mərkəzdə prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsi, Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsi, Elmi-tədqiqat işinin təşkili şöbəsi və İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru yaradılmışdır.
Qeyd edilməlidir ki, mərkəz prokurorluq əməkdaşlarının nəzəri biliklərinin və peşə hazırlığının artırılması məqsədilə tədrisin təşkili, elmi-nəzəri və praktiki tədqiqatların aparılması, tədris-metodiki ədəbiyyatın hazırlanması, elmi və elmi-metodiki konfransların, seminarların və müşavirələrin keçirilməsi, dövri elmi-praktiki jurnalların dərc olunması, hüquqi biliklərin təbliği və bir sıra digər funksiyaları həyata keçirir.
Mərkəzin 90 nəfərlik mühazirə zalı, 40 nəfərlik praktiki məşğələ auditoriyası, 30 nəfərlik fakültətiv məşğələ zalı və 30 nəfərlik iclas otağı vardır. Auditoriyalar tədris prosesini asanlaşdıran ən müasir avadanlıqlarla təchiz edilmişdir. Qeyd olunan auditoriyalarla yanaşı, mərkəz tədris prosesində eyni vaxtda 325 şəxsin iştirakını nəzərdə tutan Baş Prokurorluğun yeni inzibati kompleksinin Konfrans zalının imkanlarından faydalanır. Baş Prokurorluğun yeni inzibati kompleksinin hər iki korpusunun 1-ci mərtəbələrində yerləşən kitabxanalar da mərkəz tərəfindən idarə olunmaqla, müvafiq informasiya texnologiyaları, o cümlədən 4 ədəd touchscreen monitorlarla, prosessual sənədlərin nümunəvi formaları və müxtəlif cinayət işlərinin modelləri daxil edilmiş kompüterlərlə təchiz edilmişdir.
Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi, xüsusi olaraq qeyd edilməlidir ki, 27 aprel 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 4.4-1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün icbari təlimin keçirilməsi mərkəzə həvalə edilmişdir.
Peşə hazırlığının artırılması kursları prokurorluğun fəaliyyətinin müxtəlif sahələrini əhatə edir. Bu kursların gedişatında təhlil və tədqiqat materiallarından geniş istifadə olunur. Kursların proqramı tərtib edilərkən, xüsusilə, aktuallığı ilə seçilən mövzulara daha çox üstünlük verilir. Məsələn, cari ilin birinci yarısında “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda keçirilmiş təlim zamanı müasir dövrün tələblərinə uyğun olaraq, media ilə ünsiyyətdə xüsusi əhəmiyyətli mövzular üzrə mərkəzin işçiləri ilə yanaşı, peşəkarlığı ilə seçilən Medianın İnkişafı Agentliyinin, eləcə də Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin müəllim heyəti təlimçi qismində cəlb edilmişlər. Mərkəzdə prokurorluq işçiləri ilə yanaşı, digər hüquq-mühafizə orqanlarının müstəntiq, təhqiqatçı və əməliyyatçılarının, habelə xarici tərəfdaşların əməkdaşlarının peşə hazırlığının artırılması üçün təlimlər təşkil edilir.
Prokurorluq orqanlarında nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirilir. Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə dövlət orqanlarının təlim-tədris mərkəzləri, aparıcı elm və təhsil, eləcə də bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələr qurulur, əməkdaşlıq haqqında memorandumlar imzalanır. Mərkəz artıq bu cür münasibətləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, “ADA” Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə qurmuşdur.
Həmçinin mərkəz ilə nüfuzlu Türkiyə Respublikası Ədliyyə Akademiyası, Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası, Belarus Respublikası İstintaq Komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalanmışdır.
Hazırda analoji memorandumların Özbəkistan və Gürcüstandan olan tərəfdaşlarla imzalanması prosesi artıq yekunlaşmaq üzrədir. Bu kimi əlaqələr artıq öz bəhrəsini verməyə başlamışdır. Belə ki, keçən müddət ərzində həmkarlarımız bir sıra Avropa, Asiya və MDB ölkələrində müxtəlif təlim, konfrans və digər tədbirlərdə uğurla iştirak etmişlər.
Son iki ildə mərkəz tərəfindən hazırlanmış “İttiham aktının tərtib edilməsinə dair”, “Prokurorluq orqanlarında peşə hazırlığı”, “Prosessual sənədlərin nümunələri” adlı metodiki tövsiyələri, “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti, bu sahədə milli və beynəlxalq müstəvidə aktual problemlərin həlli yolları”, “İntihar və özünü öldürmə həddinə çatdırma (sosial fenomen və cinayət)”, “Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurası” adlı kitabları, “Maddi sübutların götürülməsi və qablaşdırılması taktikası və götürülmüş maddi sübutlarla bağlı ekspertiza növlərinin təyini məsələlərinə dair” müstəntiqin məlumat kitabçasını, eləcə də digər metodiki ədəbiyyatları xüsusi qeyd etmək olar. Eyni zamanda, bu müddətdə mərkəzin dəstəyi ilə Baş Prokurorluğun digər sturktur qurumlarının əməyi nəticəsində 20-dən artıq metodiki və sair mühüm praktiki əhəmiyyəti olan nəşr işıq üzü görmüşdür.
Biz hüquqşünaslar, ilk növbədə, Ermənistan hərbi siyasi rəhbərliyinin göstərişi ilə törədilmiş çoxsaylı sülh və insanlıq əleyhinə cinayətlərin müxtəlif müstəvilərdə ifşa edilməsi, bu sahədə tədqiqatlar aparılmasına səy göstərməliyik. Bununla bağlı baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının redaksiya heyəti tərəfindən “Qarabağ Azərbaycandır!” kitabı hazırlanaraq geniş oxucu kütləsinə təqdim edilmişdir.
Prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, o cümlədən ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasının, qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin, hüquqyaradıcı və hüquqtətbiqedici fəaliyyətin elmi-nəzəri əsaslarını müəyyən etməklə, prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki kömək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında məşvərətçi orqan kimi Elmi-Məsləhət Şurası yaradılmışdır.
Fəaliyyətə başladığı vaxtdan cəmi iki il keçməsinə baxmayaraq, Elmi-Məsləhət Şurası cinayətkarlığa qarşı mübarizənin müxtəlif istiqamətləri üzrə elmi-nəzəri əsasların müəyyən edilməsinə, aktuallığı ilə seçilən bir çox hüquqi məsələlərin həllinə öz töhfəsini vermişdir. Ölkəmizin hüquq sisteminə daxil olan və hakimiyyətin hər üç qoluna aid mühüm dövlət orqanları, habelə aparıcı elm, təhsil və ixtisaslaşdırılmış tədris müəssisələri nümayəndələrinin daxil olduğu, sıralarında 40-dək peşəkar hüquqşünası, o cümlədən 12 elmi dərəcəsi olan hüquq üzrə fəlsəfə doktoru və hüquq elmləri doktorunun təmsil olunduğu bu platformanın səmərəli fəaliyyəti hüquq ictimaiyyəti və xarici tərəfdaşlar tərəfindən rəğbətlə qarşılanmışdır.
Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilmiş Elmi-Məsləhət Şurasının iclaslarında müzakirə edilməklə müsbət rəy verilən bir çox metodiki ədəbiyyat və müxtəlif kauzal məsələlərin həlli ölkəmizdə vahid məhkəmə-istintaq təcrübəsinin formalaşması üçün mühüm əhəmiyyət kəsb etmiş, cinayətkarlığa qarşı mübarizənin hüquqi bazasının daha da inkişaf etdirilməsinə xidmət edən müxtəlif təşəbbüslərə səbəb olmuşdur.
Mərkəzin mühüm fəaliyyət istiqamətlərindən biri kimi, dövri elmi-praktiki jurnalın və digər mətbu nəşrlərin hazırlanması xüsusi qeyd edilməlidir. Mərkəz tərəfindən çapına məsul olan “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının redaksiya heyəti tərəfindən jurnalda oxucuların marağına səbəb olacaq yeniliklər tətbiq edilməklə, ölkənin ictimai-siyasi həyatında baş verən son əhəmiyyətli hadisələr, Baş Prokurorluqda və tabe prokurorluqlarda həyata keçirilən tədbirlər, beynəlxalq əlaqələr, istintaq-məhkəmə təcrübəsi, ölkəmizə səfər edən tərəfdaş ölkələrin baş prokurorlarının, əlaqəli dövlət orqanları rəhbərlərinin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin müsahibələri, eləcə də prokurorluğun veteranları barədə maraqlı materiallar öz əksini tapır.
Mərkəz tərəfindən zamanın tələbləri ilə ayaqlaşmaqla, müasir dövrün tələblərindən irəli gələn informasiya texnologiyaların tətbiqinə üstünlük verilir. Belə ki, qısa müddət ərzində tədris tədbirləri, təlimçilər və dinləyicilər barədə məlumatları, eləcə də məşğələ materiallarını sistemin məlumat bazasına operativ qaydada daxil edlilməsini təmin edən “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemi yaradılmış, sistem yüksək istehlak göstəricilərinə malik proqram təminatı ilə təmin edilmişdir. Tədris prosesinə öz tövhəsini verəcək Baş Prokurorluğun “Elektron Kitabxanası” yaradılmaqla, onun bazasına artıq 500-dən çox nəşr daxil edilmiş və bu proses davam etməkdədir.
Mərkəzin vəzifə və funksiyalarını informasiya-kommunikasiya texnologiyalardan istifadə etməklə həyata keçirilməsi üçün fərdiləşdirilmiş girişi olan prokurorluğun korporativ portalı kimi fəaliyyət göstərən www.etmprok.az adlı alt-domeni və “Distant tədris” platforması yaradılmışdır. Son illər ərzində bu platformaya Zoom, Skype və Teachbase proqramları inteqrasıya edilərək, onun istehlak göstəriciləri artırılmış və tədrisin distant formada təşkili üçün daha səmərəli şərait yaranmışdır.
Beləliklə, prokurorluq orqanlarında həyata keçirilən köklü islahatlar digər fəaliyyət istiqamətləri ilə yanaşı, tədrisin təşkili işinə də əhəmiyyətli təsir etmişdir. Ulu öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli dövlət quruculuğu işlərinin yüksək tələblərinə cavab verən nəzəri biliklərə sahib, peşəkar prokurorluq əməkdaşları korpusunun formalaşdırılması və daim inkişaf etdirilməsi prokurorluğun prioritet hədəflərindəndir.
Mübariz ƏHMƏDOV,
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elmi-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri
Xalq qəzeti