Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - İfadə azadlığı (İnternetdə fərdi məlumatların emalı)

26.08.2022

  Avropa Ədalət Məhkəməsi “Google Spain and Google” məhkəmə işi üzrə qərarında (№ C-131/12, 13.05.2014) fərdi məlumatların emalı və həmin məlumatların sərbəst hərəkəti ilə bağlı fərdlərin müdafiəsinə dair Avropa İttifaqı Parlamentinin və Şurasının 24.10.1995-ci il tarixli, 95/46/EC saylı direktivini şərh etmişdir. O, bu qənaətə gəlmişdir ki, İnternet axtarış sisteminin fəaliyyəti 95/46/EC saylı direktivdə nəzərdə tutulan mənada “fərdi məlumatların emalı” kimi təsnifləşdirilməlidir, bu proses həmin axtarış sisteminin operatoru tərəfindən həyata keçirilir və bu sistem vasitəsilə axtarış fərdin adı əsasında həyata keçirildikdə (Əsas hüquqlar haqqında Avropa İttifaqı Xartiyasının 7-ci və 8-ci maddələri əsasında təmin edilən) şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların müdafiəsi kimi təməl hüquqlara əhəmiyyətli dərəcədə təsir göstərir, belə ki, bu emal prosesi istənilən İnternet istifadəçisinə nəticələrin siyahısı vasitəsilə İnternetdə tapıla bilən fərdə aid məlumatların strukturlaşdırılmış icmalını əldə etmək və beləliklə onun barəsində bu və ya digər dərəcədə informasiya əldə etmək imkanı verir. 
  Avropa Ədalət Məhkəməsi qeyd etmişdir ki, İnternet istifadəçilərinin informasiyaları əldə etməklə bağlı qanuni maraqları ilə məlumatların aid olduğu subyektlərin təməl hüquqları arasında ədalətli balans axtarılmalıdır. Məlumatların aid olduğu subyektin təməl hüquqları, bir qayda olaraq, İnternet istifadəçilərinin hüquqlarından üstündür, amma qeyd edilən balans sözügedən məlumatların xarakterindən, məlumatların aid olduğu subyektin şəxsi həyatı baxımından həmin məlumatların həssaslığından və ictimaiyyətin həmin məlumatları əldə etməyə olan marağından asılı ola bilər. Avropa Ədalət Məhkəməsi qərara alınmışdır ki, müəyyən hallarda axtarış sisteminin operatoru şəxsin adı əsasında axtarış aparıldıqdan sonra monitora çıxarılan nəticələrin siyahısından həmin şəxsin adını üçüncü şəxslər tərəfindən yerləşdirilmiş olan və həmin şəxs barəsindəki məlumatları özündə ehtiva edən veb-səhifələrlə əlaqələndirən linkləri, hətta onlar sözügedən veb-səhifələrdə qanuni olaraq yerləşdirilmiş olsa belə, silməyə borcludur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.