Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - İfadə azadlığı (Müdaxilənin “demokratik cəmiyyətdə zəruriliyi”)

19.08.2022

  İfadə azadlığına müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsinə aid ümumi prinsiplər Məhkəmənin presedent hüququnda yetərincə bərqərar edilib və aşağıdakı kimi qısaca ümumiləşdirilib (Hertel İsveçrəyə qarşı, 25.08.1998, -ci il, § 46, Reports 1998 VI; Stil və Morris Birləşmiş Krallığa qarşı, № 68416/01, § 87; İsveçrə raelitlər hərəkatı İsveçrəyə qarşı [BP], № 16354/06, §48;  Beynəlxalq heyvan müdafiəçiləri təşkilatı Birləşmiş Krallığa qarşı [BP], № 48876/08, §100):
  1) İfadə azadlığı demokratik cəmiyyətin təməl dəyərlərindən birini və onun tərəqqisinin və hər bir fərdin öz potensialını reallaşdırmasının əsas şərtlərindən birini təşkil edir. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndini nəzərə almaq şərti ilə, o, təkcə müsbət qarşılanan, yaxud qeyri-təhqiramiz sayılan və ya etinasız yanaşılan “məlumat” və “ideyalara” deyil, həm də qıcıqlandıran, şoka salan və ya narahatlıq doğuran “məlumat” və “ideyalara” şamil olunur.
  2) “Zəruri” sifətinin 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulan mənası təxirəsalınmaz ictimai tələbatın mövcudluğunu nəzərdə tutur. İştirakçı dövlətlər məhdudiyyətlərə tələbatın mövcudluğunu qiymətləndirərkən müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər.
  3) Jurnalist azadlığı müəyyən dərəcədə şişirtməyə, yaxud hətta provokasiyaya əl atmağın mümkünlüyünü də əhatə edir (Prager və Oberşlik Avstriyaya qarşı, 26.04.1995-ci il, §38; “Bladet Tromsö” və Srensaas Norveçə qarşı, № 21980/93, §59). Siyasətçilərə və ya hökumətlərə qarşı yol verilə bilən tənqidin hüdudları adi vətəndaşa qarşı yönələn tənqidin hüdudlarından daha genişdir (Kastells İspaniyaya qarşı, 23.04.1992, §46; İncal Türkiyəyə qarşı, 09.06.1998, §54; Tammer Estoniyaya qarşı,№ 41205/98, §6).
  4) İnternetdəki kontent və kommunikasiyaların insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə, xüsusən şəxsi həyata hörmət hüququna zərər yetirməsi riski, şübhəsiz ki, mətbuatın yaratdığı riskdən yüksəkdir (“Pravoye Delo” qəzetinin redaksiyası və Ştekel Ukraynaya qarşı, № 33014/05, §63).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.