Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Kamran Əliyev Ombudsman Səbinə Əliyeva ilə görüş keçirib

11.08.2022

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva arasında görüş keçirilib.
Görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. 

Görüşdə insan hüquqlarının daha səmərəli təmini istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn məsələlər və beynəlxalq təşkilatlar tərəfindən verilmiş tövsiyələrin milli qanunvericiliyə implementasiyası sahəsində əməkdaşlıq imkanlarına da toxunulub.
Bundan başqa, Ombudsmanın milli preventiv mexanizm mandatı çərçivəsində ehtimal olunan işgəncə və digər qeyri-insani, ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması məqsədilə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin təşkilində yeni yanaşmaların tətbiqi imkanları geniş müzakirə edilib.

Görüşdə həmçinin, prokurorluq orqanları tərəfindən mediada və sosial şəbəkələrdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınmasına yönələn fəaliyyətlə məşğul olan, yalan və ya həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslərə və media nümayəndələrinə xəbərdarlıqlar edilməsinin gələcəkdə baş verə biləcək qanunazidd halların qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.