Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Təqsirsizlik prezumpsiyası (Qərarlarda ifadələrin işlədilməsi)

21.07.2022

Təqsirləndirilən şəxsin təqsiri qanuna uyğun olaraq sübuta yetirilməyibsə, xüsusən müdafiə hüquqlarının həyata keçirmək imkanı verilməyibsə, onun barəsindəki məhkəmə qərarında onun təqsirkar olduğu barədə fikir ifadə edilərsə, təqsirsizlik prezumpsiyası pozulur. Bu, hətta rəsmi qərarın olmadığı hallara da aiddir, bunun üçün sadəcə məhkəmənin təqsirləndirilən şəxsi təqsirkar hesab etdiyini düşünmək üçün müəyyən əsasların olması kifayətdir.
Zərərçəkmiş şəxslər tərəfindən irəli sürülmüş mülki kompensasiya tələblərini özündə ehtiva edən işlərdə, cinayət prosesinin işə xitam verilməsi ilə və ya bəraət hökmü ilə nəticələnməsindən asılı olmayaraq, Məhkəmə vurğulayıb ki, kompensasiyaya dair mülki icraatda cinayət ittihamı ilə bağlı bəraət qərarına hörmət edilməli olsa da, bu, ciddilik dərəcəsi daha aşağı olan sübutetmə vəzifəsi əsasında eyni faktlara istinadən kompensasiya ödənişini nəzərdə tutan mülki məsuliyyətin müəyyən edilməsinə mane olmur. Lakin kompensasiya barədə milli orqanların qərarında cavabdeh tərəfin cinayət məsuliyyətinə dair ifadələr yer almış olarsa, bu, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi üzrə məsələni meydana çıxara bilər.  
Qərar verən orqanın qərarında işlətdiyi ifadələr qərarın və onun əsaslandırmasının 6-cı maddənin 2-ci bəndinə uyğunluğunun qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Cinayət işinə xitam verildikdən sonra mülki qərarda əsaslandırma tərtib edilərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır.
Məhkəmə cinayət işi üzrə təqsirliliklə əlaqədar şübhənin aradan qaldırılmadığını açıq-aydın qeyd edibsə, belə hallarda 6-cı maddənin 2-ci bəndinin pozulduğu qərara alınır. Bununla belə, konkret icraatın xarakterinə və kontekstinə diqqət yetirmək lazımdır. Belə ki, işlədilmiş uğursuz ifadələr həlledici əhəmiyyət daşıya bilər. Məhkəmə müəyyən edib ki, mülki məhkəmələrin işlətdiyi ifadələr təqsirsizlik prezumpsiyasını pozmuşdur. Ərizəçinin cinayət törətdiyini və ya mövcud sübutların cinayətin törədildiyini müəyyən etmək üçün kifayət olduğu açıq şəkildə göstərilmişdir (Fərzəliyev Azərbaycana qarşı iş, 28.05.2002, № 29620/07, §61-62, 64).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.