Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin iyunun 14-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fransa Respublikasının paytaxtı Paris şəhərində yerləşən qərargahında Transmilli Rüşvətxorluğa qarşı Hüquq-Mühafizə Orqanları Şəbəkəsinin 4-cü iclası keçirilmişdir.“COVID-19 pandemiyası və digər böhranlar zamanı korrupsiya cinayətlərinin istintaqı” mövzunda keçirilmiş tədbirdə müxtəlif dövlətlərin prokurorluq, ədliyyə və digər hüquq mühafizə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı, ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev təmsil etmişdir.İclasda pandemiya dövründə transmilli korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin müzakirəsi zamanı fövqəladə hallarda korrupsiya faktlarının aşkarlanması, araşdırılması və təqibinin ən çətin aspektləri, bu sahədə jurnalistlər və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərlə əməkdaşlığın artırılması, o cümlədən korrupsiya cinayətlərinin istintaqında müasir texnologiyaların tətbiqi kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Bundan başqa, tədbir çərçivəsində “COVID-19 pandemiyasına qarşı mübarizədə informasiya texnologiyalarının istifadəsi və təsiri” mövzusunda keçirilmiş 3-cü qrupun aralıq sessiyasında çıxış edən nümayəndəmiz ölkəmizdə pandemiya dövrünə korrupsiya hüquqpozmaları ilə bağlı prokurorluq orqanları tərəfindən aparılmış cinayət işlərinin istintaqı təcrübəsi, bu sahədə kütləvi informasiya vasitələrinin rolu, eyni zamanda müvafiq dövr ərzində informasiya texnologiyalarının imkanlarının istifadə praktikası və onun gələcək perspektivləri haqqında danışmışdır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı