Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluşu şərtləndirən amillər bu gün də qələbələrimizin təminatçısıdır

14.06.2022

Azərbaycan inkişaf edib gücünü, qüdrətini artırdıqca, xalqımızın rifahı yüksəldikcə Qurtuluş Günü kimi qeyd etdiyimiz 1993-cü ilin 15 iyununun tarixi əhəmiyyəti daha aydın şəkildə özünü göstərir. Xalqın yekdil istəyinin ifadəçisi olan vətənpərvər ziyalıların ağır sınaqlarla üzləşən ölkədə xilaskarlıq missiyasını öz öhdəsinə götürmək xahişini ümummilli lider Heydər Əliyev canından əziz bildiyi vətəni və sevimli milləti qarşısında müqəddəs bir borc kimi qəbul etdi. Vaxtilə respublika rəhbəri ikən milli oyanış, mənəvi dirçəliş, iqtisadi müstəqillik üçün yaratdığı əsaslar üzərində yeni Azərbaycan qurmaq kimi şərəfli vəzifəni yerinə yetirməyə böyük inam və cəsarətlə razılıq verdi...

Ulu öndərə ünvanlanan müraciətdə o dövrün həqiqətləri göstərilir, yeni müstəqillik qazanmış respublikanın siyasi, iqtisadi, mənəvi böhran keçirdiyi, bunun əsas səbəbinin də dərinləşən hakimiyyət böhranı olduğu bildirilirdi. Qeyd olunurdu ki, mövcud iqtidarın Konstitusiyaya zidd fəaliyyəti cəmiyyətin inkişaf meyillərinin düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə gətirilməsi hakimiyyəti iflic vəziyyətinə salıb. Belə bir vaxtda Azərbaycana geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında cəmiyyətin müxtəlif zümrələrini birləşdirə biləcək, beynəlxalq nüfuza malik və respublika həyatının bütün sahələrinə bələd olan güclü lider lazım idi. Bir milli sərvət kimi yaxşı ki, Heydər Əliyev vardı və xalqın istəyi ilə ulu öndər öz liderliyində yeni Azərbaycanı quracaq siyasi qüvvənin təşkilatlanmasına nail oldu...

Beləliklə, ölkəni uçuruma aparan iqtidarın xalqın həqiqi liderini və xilaskarını Bakıya, ali qanunvericilik orqanına rəhbərliyə dəvət etməsindən başqa çarəsi qalmadı. Üstəlik, bir neçə gündən sonra, ümumiyyətlə, onu siyasi-hərbi çaxnaşma meydanında tək qoymaqla, necə deyərlər, yaxalarını məsuliyyətdən kənara çəkməyə çalışdılar. Ölkəni bürümüş xaos və özbaşınalıq, təcavüzkar Ermənistanın torpaqlarımızın işğalını genişləndirdiyi bir şəraitdə xalqın azadlıq ruhunu və mənəvi dəyanətini qoruyub saxlamaq, milli birliyə və həmrəyliyə nail olmaq müstəqil dövlətçiliyi iflasdan, ölkəni parçalanmaqdan xilas etməyin ən mühüm şərti idi ki, bunun da öhdəsindən yalnız əsl liderlik keyfiyyətləri ilə Heydər Əliyev gələ bilərdi və gəldi...

Əslində, ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıtması ideyası və tələbi, hələ ötən əsrin səksəninci illərinin sonunda xalq azadlıq hərəkatı vüsət alarkən irəli sürülmüş, lakin sovet imperiyasına sədaqətlə qulluq göstərən yerli "kommunist" rəhbərlər də, onlardan sonra hakimiyyəti qəsb edən "demokratlar" da qısqanclıq və milli maraqlara laqeydlik göstərərək, alternativsiz milli lider səviyyəsinə yüksəlmiş dahi şəxsiyyətin bilik, təcrübə və imkanlarından faydalanmaq istəməmiş, üstəlik, onun siyasi fəaliyyətə qayıdışına hər vəchlə mane olmağa çalışmışdılar.

O illərin şahidləri yaxşı xatırlayırlar ki, ulu öndərin hakimiyyətə gəlişi cəmiyyətdə necə coşqunluqla qarşılandı, vətənpərvər insanlarda nə qədər böyük sevinc, sabaha inam doğurdu. İyirminci yüzillikdə xalqımızın ikinci dəfə qazandığı dövlət müstəqilliyi məhz Heydər Əliyevin hünəri, siyasi müdrikliyi və uzaqgörənliyi, ölkədəki sağlam qüvvələri öz ətrafında sıx birləşdirərək daxili və xarici düşmənlərə qarşı apardığı gərgin mübarizə, həyata keçirdiyi köklü islahatlar sayəsində qorunub saxlandı. Ulu öndər öz dühası və qüdrəti ilə yeni, müstəqil Azərbaycan dövlətini qurmağa, onun dünya birliyinə inteqrasiyasını təmin etməyə başladı və tarixən qısa müddətdə misilsiz işlər gördü.

İstənilən dövlətin həqiqi müstəqilliyi onun müstəqil siyasət aparmaq bacarığı ilə birbaşa bağlıdır. Azərbaycan məhz Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqillik strategiyasını uğurla həyata keçirdiyi üçün sürətli inkişaf yoluna çıxa bildi. Prezident İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşündə qeyd etdiyi kimi, Azərbaycanın əsl müstəqillik həyatı xalqın müraciəti əsasında ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra başlandı.

Heydər Əliyev siyasi fəaliyyətə dövlət təhlükəsizliyi orqanında zəngin təcrübə qazandıqdan, bu sistemdə ali rütbəyə layiq görüldükdən və yüksək vəzifə tutduqdan sonra gəlmişdi. Məhz buna görə də, ulu öndər istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edərkən qanunçuluğun, ictimai təhlükəsizliyin və asayişin təmin olunmasına, cəmiyyətin mənəvi-psixoloji sütunlarını sarsıdan, sosial-iqtisadi inkişafı əngəlləyən cinayətkar əməllərin qarşısının alınmasına, kriminal ünsürlərlə mübarizəyə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə xüsusi diqqət və əhəmiyyət verirdi.

Milli Qurtuluşun ən mühüm nailiyyəti həqiqi müstəqilliyin bərqərar edilməsi, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun başlanması oldu. Bu prosesin ən mühüm istiqaməti xalqımızın tarixi dövlətçilik ənənələri və beynəlxalq təcrübə əsasında çevik və səmərəli hüquq sisteminin formalaşdırılması idi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası zəruri hüquqi islahat üçün zəmin yaratdı. Müstəqil dövlətimizin ali məqsədlərinə, beynəlxalq normalar və zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilən, yenidən formalaşdırılan məhkəmə-hüquq sistemində prokurorluq orqanlarının layiqli yerinin müəyyənləşdirilməsi, səmərəli fəaliyyəti üçün qanunvericilik əsaslarının yaradılması, bu orqanlarda çalışanların maddi və sosial təminatına dövlət qayğısının göstərilməsi ulu öndərin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanunu hazırlanaraq 7 noyabr 1999-cu ildə qəbul edilib. Sonrakı dövrdə prokurorluq orqanlarına qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısı olmaq imkanı qazandıran bir sıra digər mühüm normativ-hüquqi aktlar, qanunvericilik sənədləri də qəbul edilib. 2002-ci ildə isə Konstitusiyaya edilən dəyişikliklər əsasında, Baş prokurorluğa qanunvericilik təşəbbüsü göstərmək səlahiyyəti verilib. 1 Oktyabr - Prokurorluq İşçilərinin Peşə Bayramı Gününün təsis olunması da ulu öndərin bu orqanlara göstərdiyi qayğının və milli dövlətçilik ənənələrimizə ehtiramın yüksək təzahürüdür.

Prokurorluq orqanlarının fəaliyyətinə dövlət qayğısı cənab Prezident İlham Əliyevin də ali nəzər-diqqətindədir. Dövlətimizin başçısı iki il əvvəl Kamran Əliyevi Baş prokuror təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən, prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Bu gün Azərbaycan prokurorluq orqanları ölkə rəhbərinin etimadını doğrultmaq, müasir iş prinsiplərini mənimsəmək və tətbiq etmək istiqamətində əzmkarlıqla çalışır.

Müstəqil Azərbaycan 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çətin sınaqlardan keçib, Ermənistanın işğalının davam etdiyi, milyonlarla soydaşımızın didərginlik yaşadığı, qlobal böhranların təsirinin daim hiss olunduğu şəraitdə belə dinamik inkişaf yoluna çıxmağı, öz potensialını gücləndirməyi, dövlətçiliyin möhkəm əsaslarını yaratmağı bacarıb.

Bütün sahələrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev milli qurtuluşun nailiyyətlərini daha möhkəmləndirir, müstəqil dövlətimizin güc və qüdrətini daim artıraraq, onun dünyadakı nüfuzunu yüksəldir. Ulu öndərin Azərbaycanın gələcəyi ilə bağlı bütün arzu, tövsiyə və vəsiyyətləri yerinə yetirilir. 2020-ci ildə qazanılmış möhtəşəm Zəfər bunun bariz təcəssümüdür.

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev bu il mayın 10-da Şuşa şəhərindəki müraciətində deyib: "Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu".

Ulu öndər torpaqlarımızın işğaldan azad edildiyini görməsə də, cənab Prezident öz mükəmməl siyasəti və böyük sərkərdəlik istedadı ilə ata vəsiyyətini yerinə yetirdi, dövlətimizin ərazi bütövlüyünün bərpasına nail oldu, bununla da ulu öndərin, yurd həsrəti ilə dünyadan köçən insanların, vətənin azadlığı uğrunda canından keçən şəhidlərin ruhu rahatlığa qovuşdu.

...Milli Qurtuluş Gününü qalib xalq, qalib dövlət kimi qeyd edərkən möhtəşəm Zəfər yolumuzun başlanğıcı olan tarixi hadisəni - ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını qürur hissi ilə xatırlayır, xalqımızın müdrikliyinin təcəssümü kimi dəyərləndiririk. Qurtuluşumuzu şərtləndirən amillər - möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsində xalqın öz alternativsiz liderinə inamı, etibarı və etimadı müstəqil dövlətimizin davamlı inkişafının, uğur və qələbələrinin bundan sonra da təminatçısı olacaqdır.

  Mobil ŞƏFİYEV,

Bakı şəhər prokurorunun müavini,

ədliyyə müşaviri.

Xalq qəzeti

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.