Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialının direktorunun qanunsuz əməlləri ifşa edilmişdir

08.06.2022

       Dövlət Arxivinin Şirvan filialının direktoru Hamlet Hüseynovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
        Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hamlet Hüseynovun qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2022-ci ilin aprel-may aylarında torpaq sahəsi üzrə arxivdə olan zəruri sənədlərin, eləcə də əmək stajlarının artıq hesablanması məqsədi ilə saxta arxiv arayışı əldə etmək üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini  rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.
        Hamlet Hüseynova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
​Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və təqsirləndirilən şəxsin digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.