Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda "Elektron cinayət işi" proqramının təqdimatı keçirilib

03.06.2022

03.06.2022-ci il tarixdə “Elektron cinayət işi” proqramının yenilənmiş versiyası və tam yeni “Elektron cinayət xəritəsi” proqramının Baş Prokurorluğun Binəqədi rayonundakı yeni inzibati binasında təqdimatı keçirilib.
Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov tədbiri giriş nitqi ilə açaraq prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi barədə iştirakçılara məlumat verib.
İdarənin mühəndis-proqramçıları tərəfindən proqramların funksiyaları barədə geniş izah verilib.
“Elektron cinayət işi” proqramı Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən hazırlanmış ən funksional proqram olmaqla, ilkin araşdırma və ibtidai istintaqa cəlb edilmiş əməkdaşların işinin daha da asanlaşdırılması və səhvlərə yol verilməsinin qarşısının alınması məqsədilə əvvəlki proqram təminatının iş təcrübəsi və çatışmazlıqları, habelə daxil olmuş təklifləri nəzərə alınmaqla yaradılmışdır. Yeni proqram modul arxitekturası əsasında yazılmış, proqramın yaradılması zamanı elektron imza sertifikatlarının, FİN və QR kodlarının geniş istifadəsi nəzərə alınmış, “Elektron prokurorluq” və “Elektron məhkəmə” informasiya sistemlərinə, “Elektron hökumət” və digər dövlət portallarına qoşulma imkanları yaradılmışdır. 
Proqram, ilkin araşdırma və ibtidai istintaqı əhatə edərək, işlər üzrə proses iştirakçıların anket məlumatlarını, törədilmiş cinayət əməlinin tövsifini, fabulasını, iştirakçılığı, məhkumluqları, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, prosesin digər iştirakçılarını, ilkin araşdırmanı və ibtidai istintaqı aparan şəxs barədə məlumatları, keçirilmiş ekspertiza nəticələrini və digər əhəmiyyətli parametrləri nəzərə almaqla iş üzrə ətraflı arayış hazırlamaq imkanına malikdir. Proqram çoxsaylı parametr üzrə daxil edilmiş məlumatları nəzərə almaqla lazımi hesabatların çıxarılmasına imkan verir. Proqramda həmçinin istintaqçıların və prosessual rəhbərlərin fəaliyyətinə rəhbər heyət tərəfindən nəzarətin həyata keçirilməsi nəzərə alınmışdır.
Tam yeni yazılmış və ölkənin İT təcrübəsində analoqu olmayan “Cinayət xəritəsi” proqramı vasitəsilə yaradılmış elektron xəritədə cinayətlərin baş verdiyi yerlərinin dəqiq koordinatları, törədilmə vaxtı, cinayəti törətmiş və zərərçəkən şəxslərə, cinayət işinin başlandığı maddəyə dair məlumatların, hadisə yerinin fotoşəkillərinin əks olunması nəzərdə tutulmuşdur. Göstərilən məlumatlar illərə, aylara, ərazilərə, maddələrə, cinayətkarın və cinayətin qurbanının yaş həddinə, cinsinə və digər xüsusatlar üzrə axtarış nəticəsinə əsasən əhəmiyyət kəsb edən cinayət hadisələrini elektron xəritədə göstərir.
Tədbirdə ölkədə istintaq aparan qurumlarının istintaq və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən nümayəndələri iştirak edib, təqdimat üzrə fikir mübadiləsi aparılmaqla, qeyd edilən proqramlarının həmin orqanlarında istifadə imkanları müzakirə edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.