Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni yaradılmış beynəlxalq platformada ölkəmizin səmərəli anti-korrupsiya siyasəti barədə məlumat verilmişdir

26.05.2022

Cari ilin 18-20 may tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNOCD) tərəfindən yaradılmış “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” Şəbəkəsinin 2-ci iclası keçirilmişdir.
2019-cu ildə Çin Xalq Respublikasının Pekin şəhərində təşkil olunmuş İkinci “Bir Kəmər, Bir Yol- Beynəlxalq Əməkdaşlıq Forumu” zamanı irəli sürülən “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrasına dəstək məqsədi ilə sözügedən region ölkələrində beynəlxalq infrastruktur layihələrinin korrupsiyadan azad iqtisadi mühitlərdə maneəsiz inkişafı və şəffaf nəzarət mexanizmlərinə malik milli təsisatların təşviqi çağırışlarına uyğun olaraq yaradılmış bir layihədir.
BMT nümayəndələri, habelə Türkiyə, Çin, İran, Albaniya, Qırğızıstan, Monqolustan, Özbəkistan və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil etmişdir.
İclasda çıxış edən Azərbaycan Prokurorluğunun nümayəndəsi tərəfindən ölkəmizdə xarici sərmayədarların fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti və bu sahədə effektivliyin qarantı kimi formalaşdırılmış mütərəqqi hüquqi-institusional zəmin barədə ətraflı məlumat verilmiş, aktual mövzu üzrə hüquq-mühafizə orqanlarının qabaqlayıcı fəaliyyətindən bəhs edilmişdir.          
Şəbəkənin növbəti 3-cü iclasının cari ilin iyun ayında Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.