Şriftin ölçüsü :

Saytın rəngi :

Arvadını öldürüb qonşusunu öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir

24.05.2022

Xəbər verildiyi kimi, 09.02.2022-ci il tarixdə Yevlax rayonu, Hacıselli kənd sakinləri - 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi, qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin isə öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla Elnarə Qarayevanın əri, 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, daha sonra eyni silahdan atəş açaraq qonşusu İldırım Qarayevi öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mehdi Qarayevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və  29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.