Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunsuz ağackəsmə və qanunsuz balıq ovu faktları ilə bağlı 10 cinayət işi başlanılıb

29.04.2022

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik əməkdaşlarının iştirakı ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Bakı şəhərinin Qaradağ, Masallı, Cəlilabad, Ağcabədi, İmişli, Sabirabad, Füzuli, Lerik rayonları, Gəncə və Sumqayıt şəhərləri ərazilərində, o cümlədən milli parkların ərazilərində qanunsuz ağackəsmə, qanunsuz balıq ovu, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş bitkilərin kəsilməsi, meşə ərazisində sekvester edilmiş ağacların vəzifəli şəxslər tərəfindən mənimsənilməsi, o cümlədən milli qoruqların mühafizə rejimlərinin pozulması faktlarına görə 10 cinayət işi başlanılıb.
 
Dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ağac və digər qorunan bitkilərin kəsilməsi nəticəsində 35 min manat məbləğində ziyan dəymişdir. Şəhər mühitində bitmiş və qeyri-maddi dəyəri ölçülməyən çoxilli ağacın qanunsuz götürülməsi faktı müəyyən edilmişdir.
 
Cinayət işləri Cinayət Məcəlləsinin 256.3, 259.1, 308.1-ci və digər maddələri ilə başlanılaraq istintaqın aparılması üçün əsasən rayon prokurorluqları, həmçinin daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.