Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Qaz təchizatı ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə 1 məcəllə, 1 qanun və 3 fərmanda dəyişiklik edilmişdir

11.04.2022

Dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası məqsədilə qaz qurğularının, qaz xətlərinin və tüstü bacalarının müayinəsinin və texniki xidmətin səmərəliyinin yüksəldilməsi, neqativ halların operativ aradan qaldırılmasının, qaz paylayıcısının məsuliyyətinin artırılmasının təmin edilməsi üçün “Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunları qəbul edilmiş və müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 3 fərmanında dəyişiklik edilmişdir.

Belə ki, “Qaz təchizatı haqqında” qanunda dəyişiklik edilərək qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi, qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılması təsbit edilmişdir.

“İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda isə Məcəllənin 279-cu maddəsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinə və texniki xidmət qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutan yeni maddə əlavə edilmişdir. Həmçinin, qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı cərimələrin məbləği artırılmışdır.

Dəyişikliklər 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.