Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Zorakılıq qurbanları

18.03.2022

 Avropa Məhkəmə bildirir ki, dövlət fərdləri üçüncü şəxslərin zorakı aktlarından qorumaqdan ibarət pozitiv öhdəlik daşıyır. Bu sözlər uşaqlarla və ailədaxili zorakılıq qurbanları ilə əlaqədar işlərə xüsusilə aiddir. Belə işlərdə çox vaxt Avropa Konvensiyasının 2-ci və 3-cü maddələrinin pozuntusu baş versə də, həmçinin Konvensiyanın 8-ci maddəsi də tətbiq edilir, çünki zorakılıq fiziki toxunulmazlığa və şəxsi həyatın toxunulmazlığı hüququna təhlükə yaradır. Dövlətlər konkret olaraq Avropa Konvensiyasının 8-ci maddəsi əsasında şəxsin fiziki və mənəvi toxunulmazlığını digər şəxslərdən müdafiə etmək vəzifəsini daşıyırlar. Bu baxımdan onlar fiziki şəxslər tərəfindən törədilən zorakılıq aktlarına qarşı müdafiəni təmin edən adekvat hüquqi bazanın mövcudluğunu təmin etməyə və onu təcrübədə tətbiq etməyə borcludurlar (Sandra Yankoviç Xorvatiyaya qarşı, § 45). 
 Xüsusilə həssas durumda olan uşaqlara gəlincə, dövlətin onları zorakılıq aktlarından müdafiə etmək üçün Avropa Konvensiyasının 8-ci maddəsi əsasında həyata keçirdiyi tədbirlər həm də səmərəli olmalıdır. Buraya həmçinin dövlət orqanlarının bildikləri və ya bilməyə borclu olduqları qəddar rəftar hallarının qarşısını almaq üçün həyata keçirilməli olan ağlabatan tədbirlər və şəxsi həyatın toxunulmazlığı hüququnun bu cür ciddi pozuntularına qarşı səmərəli çəkindirici tədbirlər daxildir (Z və başqaları Birləşmiş Krallığa qarşı [BP], § 73; M.P. və başqaları Bolqarıstana qarşı, § 108). Belə tədbirlər uşağın insan ləyaqətinə hörmətin təmin edilməsi və onun üstün maraqlarının qorunması məqsədini daşımalıdır (Pretti Birləşmiş Krallığa qarşı, § 65; C.A.S. və C.S. Rumıniyaya qarşı, § 82). 
 Uşaqlar barəsində törədilən və şəxsi həyatın fundamental dəyərlərini və əsas aspektlərini təhlükə altına alan zorlama və seksual sui-istifadə aktlarına gəlincə, səmərəli cinayət qanunvericiliyi normalarının qəbul olunmasını (X və Y Niderlanda qarşı, § 27; M.C. Bolqarıstana qarşı, § 150 – bu işdə müstəntiqin və prokurorların tətbiq etdiyi yanaşma dövlətin pozitiv öhdəliklərindən doğan tələblərə uyğun deyildi; M.G.C. Rumıniyaya qarşı, § 74), eləcə də cinayətlərlə bağlı səmərəli araşdırma aparılmasını (C.A.S. və C.S. Rumıniyaya qarşı, § 72; M.P. və başqaları Bolqarıstana qarşı, §§ 109-110; M.C. Bolqarıstana qarşı, § 152; A, B və C Latviyaya qarşı, § 174), habelə reparasiya və kompensasiyanı (C.A.S. və C.S. Rumıniyaya qarşı, § 72) təmin etmək vəzifəsi üzv dövlətlərin üzərinə düşür. Lakin cinayət əməllərinin törədilməsində təqsirkar olan şəxsləri müəyyənləşdirmək mümkün olmadıqda hər hansı konkret şəxs barəsində cinayət təqibinin həyata keçirilməsinə və onun məhkum edilməsinə nail olmaq kimi mütləq hüquq mövcud deyil (Breknell Birləşmiş Krallığa qarşı, § 64; Sula Birləşmiş Krallığa qarşı (qərardad)).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.