Şriftin ölçüsü :
Saytın rəngi :
Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci, 383.1-ci, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir.
Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun.
Cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi, eyni zamanda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.
Məsələ qanunvericilik qaydasında həll edilənədək məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı