Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyev prokurorluq əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik etdi

16.03.2022

 Hörmətli həmkarlar !

 Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.
 Xalqımızın milli-mənəvi irsinin təcəssümü olmaqla əsrlərin sınağından çıxmış Novruz bayramının dövlət səviyyəsində keçirilməsi ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı, azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılması istiqamətində apardığı ardıcıl siyasət nəticəsində mümkün olmuş, qədim el bayramının ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması və xalq arasında sevilərək yaşadılması təmin edilmişdir.
 Ulu Öndərin ideyalarına sadiq qalaraq onun siyasətini zənginləşdirən və ölkəmizi inamla irəliyə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişaf etdirilərək gənc nəsillərə çatdırılmasına dair siyasəti, hərtərəfli diqqət və qayğısı ilə milli birlik və həmrəyliyimizi əks etdirən, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan Novruz bayramının yüksək səviyyədə qeyd olunması xalqımızın tarixi-mədəni irsinə ehtiramın göstəricisidir. 
 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindən olmaqla BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması bayramın regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilməsinə şərait yaratmışdır.

Hörmətli həmkarlar !
 Dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi olan bu əziz bayram münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşlarımızı, təqaüddə olan veteranlarımızı, onların ailə üzvlərini Baş Prokurorluğun rəhbərliyi adından ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun !

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.