Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Fiziki, psixoloji və ya mənəvi toxunulmazlıq

15.03.2022

 "Şəxsi həyat" anlayışının şəxsin fiziki və mənəvi toxunulmazlığını əhatə etdiyini Məhkəmə ilk dəfə X və Y Niderlanda qarşı məhkəmə işində (§ 22) qeyd etmişdir. Həmin iş psixi qüsuru olan on altı yaşlı qızın cinsi zorakılığa məruz qalması və onu səmərəli və praktiki müdafiə ilə təmin edə biləcək cinayət qanunvericiliyi normalarının olmaması ilə əlaqədar idi. Şəxsin fiziki və psixoloji toxunulmazlıq hüququnun digər şəxslərin hərəkətlərindən müdafiə edilməsi ilə əlaqədar olaraq Avropa Məhkəməsi bildirmişdir ki, dövlət orqanlarının pozitiv öhdəlikləri (bəzi hallarda 2-ci və ya 3-cü maddələrdən, digər hallarda isə təklikdə və ya Avropa Konvensiyasının 3-cü maddəsi ilə əlaqəli şəkildə götürülmüş 8-ci maddədən irəli gələn pozitiv öhdəliklər) fiziki şəxslərin zorakılıq aktlarına qarşı müdafiəni təmin edən adekvat hüquqi bazanın mövcudluğunu təmin etmək və onu praktikada tətbiq etmək vəzifəsini özündə ehtiva edə bilər (Osman Birləşmiş Krallığa qarşı, §§ 128-130; Bevakua və S. Bolqarıstana qarşı, § 65; Sandra Yankoviç Xorvatiyaya qarşı, § 45; A Xorvatiyaya qarşı, § 60; Durdeviç Xorvatiyaya qarşı, §§ 141-143; Söderman İsveçə qarşı [BP], § 80).
 Avropa Məhkəməsi əvvəlki işlərində bu qənaətə gəlmişdir ki, Avropa Konvensiyasının 8-ci maddəsi dövlətlərin üzərinə vətəndaşlarının fiziki və psixoloji toxunulmazlıq hüququnu səmərəli şəkildə təmin etməkdən ibarət pozitiv öhdəlik qoyur (Nitetski Polşaya qarşı (qərardad); Sentges Niderlanda qarşı (qərardad); Odyevr Fransaya qarşı [BP], § 42; Qlass Birləşmiş Krallığa qarşı, §§ 74-83; Pentyakova və başqaları Moldovaya qarşı). Bundan əlavə, bu öhdəlik xüsusi tədbirlərin görülməsini, o cümlədən şəxsi həyata hörmət hüququnun müdafiəsi üçün səmərəli və əlçatan vasitələrin təmin edilməsini özündə ehtiva edə bilər (Eyri İrlandiyaya qarşı, § 33; Makginli və İqan Birləşmiş Krallığa qarşı, § 101; Roç Birləşmiş Krallığa qarşı [BP], § 162). Belə tədbirlər həm fərdlərin hüquqlarının qorunmasına yönələn məhkəmə və hüquq-mühafizə mexanizmlərini tənzimləyən hüquqi bazanın təmin edilməsini, həm də lazımi hallarda bu cür tədbirlərin müxtəlif kontekstlərdə tətbiq edilməsini özündə ehtiva edə bilər (A, B və C İrlandiyaya qarşı [BP], § 245).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.