Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Telefon danışıqlarının dinlənilməsində səmərəli hüquqi müdafiə 

11.03.2022

 Sui-istifadə hallarına asanlıqla yol aça və bütövlükdə demokratik cəmiyyət üçün zərərli nəticələrə səbəb ola bilən gizli müşahidə sahəsində prinsipcə bu tədbir üzərində nəzarətin hakimə həvalə olunması tövsiyə edilir, belə ki, məhkəmə nəzarəti prosesin müstəqil, qərəzsiz və düzgün şəkildə aparılmasına ən yaxşı zəmanətdir (Roman Zaxarov Rusiyaya qarşı, § 233; İrfan Güzel Türkiyəyə qarşı, § 96). Tövsiyə olunur ki, müşahidə tədbirləri başa çatdıqdan sonra bu tədbirə xələl gətirmədən məlumatlandırma imkanı yaranan kimi müvafiq şəxsə onun barəsində müşahidə tədbirlərinin aparıldığı haqqında məlumat verilsin (Roman Zaxarov Rusiyaya qarşı, 287-ci və sonrakı bəndlər; İrfan Güzel Türkiyəyə qarşı, §98). Kommunikasiyaların dinlənilməsi üçün əsas təşkil etmiş qərardan şikayət edə bilməsi üçün ərizəçiyə həmin qərar barədə ən azı minimum məlumatlar, məsələn, onun qəbul edildiyi tarix və onu qəbul etmiş orqan haqqında informasiyalar təqdim edilməlidir (Roman Zaxarov Rusiyaya qarşı, 291-ci və sonrakı bəndlər; İrfan Güzel Türkiyəyə qarşı, §105). Nəhayət, gizli müşahidə kontekstində Avropa Konvensiyasının 13-cü maddəsinin məqsədləri üçün "səmərəli hüquqi müdafiə vasitəsi" dedikdə, "istənilən gizli müşahidə sistemindən istifadənin məhdud xarakteri nəzərə alınmaqla səmərəli sayıla biləcək vasitə" nəzərdə tutulur (İrfan Güzel Türkiyəyə qarşı, § 99).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.