Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizin cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər regional təşkilatlar tərəfindən müsbət qiymətləndirilir

07.02.2022

Prokurorluq orqanları tərəfindən ölkəmizin fəal üzvü olduğu regional təşkilatlar çərçivəsində cinayətkarlığa qarşı səmərəli mübarizə və mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
3-4 fevral tarixlərində Azərbaycan Respublikasının təsisçilərindən biri olduğu Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Kiyev şəhərində yerləşən qərargahında Hüquqi statistika üzrə işçi alt qrupun növbəti iclası keçirilmişdir. 
Ölkəmizdən daxili işlər, dövlət təhlükəsizlik və maliyyə monitorinqi orqanlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin iştirak etdiyi iclasda Baş Prokurorluğu Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Sahib İsmayılov təmsil etmişdir. 
Tədbirdə hüquqi statistika üzrə işçi qrupunun fəaliyyəti istiqamətləri, GUAM dövlətlərində cinayətkarlığın əsas göstəriciləri, onun təhlili və digər məsələlər müzakirə olunmuş, üzv ölkələrlə müqayisədə Azərbaycanda cinayətkarlığın əhalinin hər 100 min nəfərinə olan səviyyəsinin dəfələrlə az olması xüsusi vurğulanmışdır.
Baş Prokurorluğun nümayəndəsi tədbirdə çıxış edərək Vətən Müharibəsində əldə edilmiş tarixi Zəfərin regionda beynəlxalq hüququ və ədaləti bərqərar etdiyini bildirməklə dövlət sərhədlərinin tam nəzarətə götürülməsilə transmilli mütəşəkkil cinayətkarlığın, xüsusən də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.
İclasda statistik məlumatların toplanması və təqdim edilməsində mövcud olan yanaşmalara, onların təkmilləşdirilməsi üsullarına dair fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.