Şriftin ölçüsü :

Saytın rəngi :

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs cinayət başında yaxalanmışdır

04.02.2022

Azərbaycan Respublikasının Baş Prokurorluğu ictimai təhlükəsizliyin, milli maraqların, vətəndaşların hüquq və mənafelərinin qorunması istiqamətində qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri davamlı qaydada yerinə yetirməklə bəzi sosial media platformalarının istifadəçiləri tərəfindən tamah və digər şəxsi niyyətlərinin reallaşdırılması məqsədilə şantaj xarakterli,  həqiqətə uyğun olmayan,   dövlət orqanlarının qanuni fəaliyyətinə kölgə salan məlumatların qərəzli surətdə yayılmasına qarşı prokuror təsir aktları da daxil olmaqla cinayət və inzibati məsuliyyət tədbirlərinin tətbiqini davam etdirir. 
Bununla belə, müasir dövrün tələblərinə uyğun olaraq formalaşmış şəffaf informasiya mühitində bəzi hallarda sosial media alətlərindən sui-istifadə hallarına yol verilməsi müşahidə edilir. 
Belə hallardan biri kimi, özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu səhiyyə müəssisəsinin direktoru barəsində “Facebook” sosial şəbəkəsində və “YouTube” videopaylaşım platformasında qeydiyyatdan keçirdiyi “Sizintv.az” və “Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə yerləşdirilmiş həqiqətə uyğun olmayan, nüfuzdan salan video materialların silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi müqabilində həmin şəxsdən müəyyən məbləğdə pul vəsaitini tələb etməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 
Əməliyyat tədbirləri ilə Bayram Hacıyev təkrarən eyni niyyətlə, yəni barələrində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2.000 manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanmışdır.
 Qeyd edilən faktlarla bağlı 3 fevral 2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, B.Hacıyev həmin məcəllənin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla təqsirləndirilən şəxsin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
Baş Prokurorluq bir daha informasiya məkanında qanunsuz fəaliyyətə meyl edən media subyektləri və sosial şəbəkə istifadəçilərini qanunvericiliyin tələblərinə riayət etməyə və digər vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa dəvət edərək, qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi ediləcəyi barədə xəbərdarlıq edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.