Şriftin ölçüsü :
Saytın rəngi :
Dahi öndərin siyasi kursunu 18 il ərzində uğurla həyata keçirən, onun hüquqi-insanpərvər ənənələrini ləyaqətlə davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında səmərəli fəaliyyət göstərməsini daim diqqətdə saxlayıb. Dövlətimizin başçısı ötən müddətdə imzaladığı 35 əfv fərman və sərəncamı, çoxsaylı amnistiya aktı on minlərlə insana sevinc yaşadıb, sağlam, səmərəli həyata qayıtmağa sövq edib.
Dövlətimizin başçısı cənab İlham Əliyev prezidentlik fəaliyyətində hər zaman humanizm prinsiplərinə sadiqlik nümayiş etdirib, yürütdüyü mütərəqqi siyasətdə insan amilinə prioritet istiqamət kimi yanaşıb. Ölkə rəhbəri çətin günlərdə vətəndaşların yanında olmaqla, onlara kömək etməklə, problemləri aradan qaldırmaqla bunu sübuta yetirib.
Fikrimin təsdiqi üçün diqqəti bir məqama yönəltmək istərdim. Azərbaycan dövləti tərəfindən dünyada COVID-19-un pandemiya elan edilməsindən sonra vəziyyət nəzarətə götürüldü, ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparıldı, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla gerçəkləşdirildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həm COVID-19-un nəzarətdə saxlanılması, virusa qarşı ciddi mübarizə tədbirlərinin aparılması, bununla bağlı önəmli qərarlar qəbul edilməsi bir daha göstərdi ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı və təhlükəsizliyi başlıca vəzifədir. Dövlətimizin başçısının ötən il aprelin 6-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı da bunun bariz ifadəsidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin adı çəkilən sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə əsaslanırdı. Buna görə də əfv haqqında sözügedən sərəncamla məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınmaqla, 176 məhkum əfv edildi, 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad olundu. Çoxsaylı ailənin hədsiz sevincinə səbəb olan bu əfvetmə aktı cəmiyyətdə dövlətimizin başçısının insan amilinə verdiyi yüksək qiymət kimi dəyərləndirildi.
Onu da bildirim ki, Vətən müharibəsinin başlandığı ilk gündən etibarən ölkə başçısı erməni vandalizmindən zərər çəkən vətəndaşlarımıza xüsusi diqqət və qayğısını əsirgəməyib, yaşayış yerləri düşmən tərəfindən dağıdılan əhalinin müvəqqəti məskunlaşdırılması üçün uyğun addımların atılması, onların həyat şəraitinin təmin olunması üçün müvafiq qurumlara tapşırıqlar verib. İkinci Qarabağ savaşında belə diqqət və qayğı şəhid ailələrinə, qazilərə münasibətdə də özünü qabarıq büruzə verib.
Möhtərəm Prezidentin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il noyabrın 5-də “8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul etməsi də məhz ölkəmizdə insan amilinin prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılmasının, dövlətin və rəhbərinin xalqa olan doğma münasibətinin, hər bir vətəndaşa verdiyi yüksək dəyərin bariz ifadəsi, parlaq təcəssümüdür.
Yeri gəlmişkən, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq, heç zaman unudulmayacaq. Bu tarixi qələbə erməni işğalçılarının ərazi iddiaları nəticəsində suverenliyimiz və müstəqilliyimizin təhdidinə son qoyulması kimi hər zaman xatırlanacaq. Tarixçilər, hərbi ekspertlər tərəfindən bu parlaq uğur xalq-Prezident- ordu birliyinin sarsılmaz gücü kimi dəyərləndiriləcək.
Bu zəfər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, şanlı ordumuzun qüdrəti ilə reallaşdı. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrini tamamilə sıradan çıxartdı, işğalçı hərbi qüvvələrin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi.
Sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kənd düşməndən təmizləndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz zirvələri, habelə daha 5 adsız yüksəklik azad olundu.
Bu müharibədə Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Nəticədə, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoydu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını şərtləndirdi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi.
Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu möhtəşəm zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, bir güllə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını qəsbkardan azad etdi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü təsdiqlədi.
Bu tarixi və misli görünməmiş qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzun illər ərzində apardığı xarici və daxili siyasətin, ordu quruculuğu sahəsində fədakar fəaliyyətinin, beynəlxalq aləmdə həyata keçirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi idi.
İkinci Qarabağ müharibəsində əldə edilən tarixi uğurun - Zəfər Gününün birinci ildönümü ərəfəsində Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın qəbul olunması da insanlara böyük sevinc hissi yaşatdı. Xalqımız ümummilli liderin ölkəmizdə əsasını qoyduğu humanizm siyasətinin davamı olaraq imzalanan bu amnistiya aktını mərhəmətin, insanpərvərliyin və xeyirxahlığın növbəti ifadəsi kimi dəyərləndirdi.
Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı genişmiqyaslılığı, tətbiq dairəsinin böyüklüyü, eyni zamanda, istintaq mərhələsində və məhkəmədə olan işlərə də şamil olunması baxımından indiyədək icra olunan bütün digər belə aktlardan fərqlənir. Amnistiya aktında diqqətçəkən bir məqam da odur ki, indiki amnistiya ilk dəfə ağır cinayət törədilməsinə görə verilmiş cəza müddətinin çəkilməmiş hissəsi altı ayadək olan şəxslərə də aid edilir.
Preambula, 4 bölmə və 45 hissədən ibarət aktın birinci bölməsində amnistiyanın əhatə olunduğu şəxslərin dairəsini müəyyənləşdirən siyahı yer alıb. İkinci bölmədə tətbiq edilən məhdudiyyətlər nəzərdə tutulub, üçüncü və dördüncü bölmələrdə isə müvafiq olaraq aktın qüvvəyə minməsi və icra prosesi ilə bağlı məlumatlar öz əksini tapıb.
Zəfər Günü münasibətilə hazırlanan amnistiya aktı barəsində tətbiq olunması nəzərdə tutulan şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq.
On beş min nəfərdən çox insana, o cümlədən 70-dək qadına və yeniyetməyə şamil olunması gözlənilən amnistiya aktının icrasının aidiyyəti orqanlar tərəfindən dörd ay ərzində başa çatdırılacağı nəzərdə tutulur.
Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktının ən böyük önəmi həm də odur ki, bu, dövlətimizin humanist siyasətinə, Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsinə, haqqa-ədalətə cəmiyyətdə olan inamı daha da möhkəmləndirir. Humanizm prinsiplərinə əsaslanan bu aktın şamil edildiyi hər bir şəxs də dövlətin, onun başçısı cənab İlham Əliyevin insanpərvərliyini, insan amilinə mühüm önəm verməsini yüksək qiymətləndirir, öz əvvəlki həyatına qayıdaraq, ölkəmizin inkişafına, cəmiyyətin rifahına mühüm töhfələr verməyi qarşısına əsas vəzifə kimi qoyur.
Hidayət NURƏLİBƏYOV,
Bakı şəhəri Nərimanov rayon prokuroru,
Xalq qəzeti