Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir

16.12.2021

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair qarşıya qoyulmuş hədəflərə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. 
Belə ki, cari ilin 11-12 dekabr tarixlərində Misir Ərəb Respublikasının Şarm-əş-Şeyx şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən yaradılmış “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” Şəbəkəsinin ilk iclası keçirilmişdir.
Qeyd edək ki, 2019-cu ilin 14-15 noyabr tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində təşkil olunmuş İkinci “Bir Kəmər, Bir Yol- Beynəlxalq Əməkdaşlıq Forumu” zamanı irəli sürülən “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” sözügedən region ölkələrində korrupsiyaya qarşı mübarizə və aktivlərin bərpası üzrə əməkdaşlıq, habelə effektiv və şəffaf təsisatların yaradılması çağırışlarına uyğun olaraq yaradılmış bir layihədir.
BMT-nin nümayəndələrinin, Türkiyə, Çin, İran, Albaniya, Qırğızıstan, Monqolustan, Özbəkistan və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil etmişdir.
Müvafiq təşəbbüsə qoşulmuş üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq investisiyalar sahəsində korrupsiya hüquqpozmalarının qarşısının alınması və digər aktual mövzular ətrafında geniş müzakirələrin aparıldığı görüşdə nümayəndəmiz çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş effektiv tədbirlər haqqında iştirakçıları məlumatlandırmışdır.
Eyni zamanda tədbir iştirakçılarına ölkəmizdə biznesin inkişafına əlverişli şəraitin yaradılması, hüquqi şəxslərin cinayət məsuliyyəti institutunun tətbiqi vəziyyəti, eləcə də digər yeniliklər barədə də ətraflı məlumat vermişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.