Şriftin ölçüsü :
Saytın rəngi :
Dahi öndərin 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, respublikanın hüquq sistemində də müasir çağırışlara uyğunlaşmanın əsasını qoydu, Azərbaycanda hüquq sisteminin formalaşdırılması və inkişafında müstəsna rol oynadı. Təsadüfi deyil ki, dahi şəxsiyyət o zaman qarşıya qoyduğu vəzifələri belə bəyan edirdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
“Dövlət - dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan ulu öndər çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri hər zaman ön plana çəkirdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu. Tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra demokratik hüquqi dövlət quruculuğu prosesi həyata keçirildi.
Xatırladım ki, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə hüquqi islahatların həyata keçirilməsinə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə yol açdı. Yeni Konstitusiya layihəsinin hazırlanması üçün yaradılmış Komissiyaya şəxsən rəhbərlik edən ulu öndər: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”, – deyərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.
Bu gün ölkəmiz ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxindan iştirakı ilə hazirlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında təsbit edilən ən ali hüquqi qüvvəyə malik Qanun maddələri ilə idarə olunur.
Konstitusiyada demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib.
Onu da bildirim ki, ulu öndər tərəfindən yeni, mütərəqqi Konstitusiya əsasında hüquq sahəsində islahatlar aparmaq məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılmış və islahatların həyata keçirilməsinə şəxsən özü rəhbərlik etmişdi.
Nəhayət, gərgin fəaliyyət nəticəsində “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” kimi hüquq sisteminin mahiyyətini müəyyənləşdirən qanun layihələri hazırlandı və qəbul edildidi. Öz fəaliyyətində və səlahiyyətlərində qanunçuluğa, dövlətçiliyə xidməti əsas götürən, bitərəflilik, qərəzsizlik və obyektivlik kimi prinsiplərə sadiq olan prokurorluq orqanları tezliklə nüfuzlu orqan kimi fərqlənməyə başladı.
Prezident İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra ölkədə hüquqi islahatlar dövlətimizin başçısının islahatlar konsepsiyasının ayrılmaz hissəsi olub. Belə ki, ötən 18 ildə Azərbaycanın sürətli inkişafını təmin edən cənab İlham Əliyev prokurorluq orqanlarına da xüsusi diqqət və qayğı ilə yanaşıb. Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da ciddi və əsaslı islahatlar aparılıb. Çətin, mürəkkəb, lakin şərəfli inkişaf yolu keçən, qanunçuluğun möhkəmləndirilməsini diqqət mərkəzində saxlayan və cinayətkarlığa qarşı mübarizədə dövlətçiliyimizin maraqlarına xidmət edən Azərbaycan Prokurorluğu dövlət təsisati olaraq tamamilə yenidən formalaşdırılıb, dövlətimizin əsas sütunlarından birinə çevrilib. Bu gün prokurorluq orqanlarında kifayət qədər peşəkar, Vətənə, dövlətə xidmət edən sədaqətli kadrların olması Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən uğurlu islahatların nəticəsidir.
“Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı” prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsinə, kadr potensialının gücləndirilməsinə, eləcə də qurumun maddi-texniki bazasının möhkəmləndirilməsinə, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə, dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılmasına, ümumilikdə prokurorluq orqanlarının işinin günün tələblərinə uyğun şəkildə qurulmasına imkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyun 2020-ci il tarixli sərəncamına əsasən, prokurorluq orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq olunub. Bu əsasda Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulub, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr təsis edilib. Respublikanın Baş prokuroru Kamran Əliyevin rəhbərliyi və diqqəti sayəsində prokurorluq orqanlarında sağlam iş mühiti yaradılıb, düzgün kadr siyasətinin həyata keçirilməsi, qanunçuluq və dövlətçilik prinsiplərinin qorunması xüsusi diqqət mərkəzində saxlanılıb.
Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olub. Belə ki, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyib. O cümlədən, ulu öndər əfvetmə institutunu yaradıb, onun təşəbbüsləri ilə bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanan əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasını ehtiva edib. Ümummilli lider tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmçinin 1993–2003-cü illərdə 7 dəfə amnistiya elan edilib.
Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu humanizm ənənələri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkəmizdə məhkum olunan şəxslərin əfv edilməsi, bağışlanması, onlara yeni şans verilməsi artıq uzun illərdir ki, ənənəyə çevrilib. Prezident İlham Əliyev hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək ulu öndərin əsasını qoyduğu bu ənənəni yaşadıb və inkişaf etdirib.
Prezident İlham Əliyev 2003-cü ildən sonra çoxsaylı əfv fərmanları imzalayıb. Ulu öndərin humanizm ideyalarının ardıcıl davamının nəticəsi olaraq törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə baglı müraciətlərinə hörmətlə yanaşılıb, onların bir qismi cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edilib. Əfv edilənlər sırasında dövləti cinayətlərə görə həbs edilənlər də olub.
Humanizm ideyalarının uğurla reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən 2007-ci ildə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında”, 2009-cu ildə “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında”, 2013-cü ildə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” və 2016-cı ilin mayında 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarlar qəbul edilib. Beləliklə, 2007–2016-cı illərdə həyata keçirilən amnistiya zamanı 40412 nəfər məhkum müxtəlif növ cəzalardan azad edilib.
Vətən müharibəsindəki şanlı Zəfərimiz xalqımızın özünə inamını daha da artırdı, Azərbaycan dövlətçiliyini gücləndirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən əzəli torpaqlarımızı işğaldan azad olunmasının, İkinci Qarabağ müharibəsində qazanılan parlaq qələbəmizin ildönümünü ərəfəsində ölkə başçısının təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın qəbul edilməsi minlərlə ailəyə ikiqat bayram sevinci yaşatdı. On beş mindən çox məhkumu əhatə edən amnistiya aktı, ilk növbədə, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak edən şəxslərə, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olan və ya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumlarına,Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunan şəxslərə,Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olan şəxslər və ya həlak olan şəxslərin yaxın qohumlarına və s. əhalinin həssas qrupuna şamil olunub. Dövlətimizin humanist siyasətinin növbəti təzahürü olan bu akt həm də qanuni qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsindəki işlərə də aid edilib.
Artıq Azərbaycan regionda siyasi cəhətdən ən sabit, demokratikləşməni və hüquqi dövlət quruculuğunu getdikcə dərinləşdirən və inkişaf etdirən, sosial siyasəti uğurla həyata keçirən bir ölkə kimi tanınır. Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü ərəfəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən noyabrın 5-də “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın qəbul edilməsi tariximizin ən böyük amnistiya aktıdır. İnsan amilinə dəyər baxımından mühüm əhəmiyyət kəsb edən bu akt dövlətin başlıca siyasətinin insanpərvərlik üzərində bərqərar olmasının və Azərbaycan dövlətində hüquqi islahatlar zamanı irəli sürülən humanizmin növbəti təzahürüdür.
Pərviz İBAYEV,
Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri
Xalq Qəzeti