Şriftin ölçüsü :
Saytın rəngi :
Xalqımız Zəfər Gününün ildönümünü böyük təmtəraqla qeyd etdi. Həmin gün sevincimizə daha bir sevinc əlavə olundu. Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan olunması təşəbbüsü irəli sürdü. Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə bu, ən böyük amnistiyadır. Amnistiya – cəzanın yüngülləşdirilməsi, yaxud ləğv edilməsidir. Amnistiya elə bir normativ-hüquqi aktdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək cəzalardan azad edir, yaxud yüngülləşdirir.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Bu səlahiyyət təkcə cinayət qanunvericiliyi ilə məhdudlaşmır. Cinayət qanununa gəldikdə isə, Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər. Belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğunun götürülməsi də mümkündür.
Ümummilli lider Heydər Əliyevin mərhəmət və insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək dövlət siyasətimizin əsas prioritetlərindəndir. Ulu öndərin bilavasitə, rəhbərlik etdiyi komissiya tərəfindən işlənib hazirlanan və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin demokratik dəyərlərə sadiq dövlət kimi inkişafına geniş yol açdı. Konstitusiyada əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. 1998-ci il fevralın 10-da ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Ümummilli lider ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə, beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi.
1995-ci ildən başlayaraq, mühüm hadisələr, bayramlar ərəfəsində əfv fərman və sərəncamlarının imzalanması, amnistiya aktlarınin qəbulu sistemli xarakter aldı. Səhvini anlayan, əməllərindən peşmançılıq keçirənlər ulu öndər Heydər Əliyev tərəfindən əfv edilir, yenidən normal həyata qayıtmalarına imkan yaradılırdı. 1995-2003-cü illərdə 32 əfv fərman və sərəncamı imzalayan, 7 amnistiya aktını qəbul edən ümummilli lider humanizmin ölkədə həyata keçirilən hüquqi siyasətin əsas prinsiplərindən biri oldugunu təsdiqləmişdir.
Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edərək, cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini inkişaf etdirmişdir. Bu amallara sadiq qalan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən amnistiya aktının qəbul edilməsi ulu öndərin əsasını qoyduğu xeyirxahlıq ənənələrinin davamının əyani təcəssümüdür. Fəaliyyətində humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci ildən başlayaraq qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilmişdir.
Zəfər Günü ilə əlaqədar qəbul olunmuş amnistiya aktı ölkəmizin humanizm siyasətinə sadiqliyinin davamıdır. Respublikamızın ərazi bütövlüyünün təmin edilməsi ilə bərqərar olmuş ədalət və hüququn aliliyi ideallarının hər bir dövlət və cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, humanizm ənənələrini davam etdirərək, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq 8 Noyabr Günü münasibətilə qəbul edilən amnistiya aktı respublikamızda insan amilinə verilən dəyərin növbəti nümunəsidr.
Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı möhtərəm Prezidentimiz İlham Əliyevdir. Bu günə qədər Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb. Bu sərəncamlar 8 774 nəfərə şamil edilib. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5 672 nəfərə şamil olunub. Bu günə qədər həyata keçirilən 11 amnistiya aktı 11 min 7770 şəxsə şamil edilib. Prezident İlham Əliyevin hakimiyyəti dövründə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4 amnistiya aktı 40 min 412 nəfərə şamil olunub. Zəfər Günü münasibətilə həyata keçirilən amnistiya dövlətin hümanist siyasətinin növbəti təzahürüdür.
Tarixi zəfərin birinci ildönümü ilə bağlı elan edilən amnistiya aktı ümumilikdə 15 mindən çox şəxsə şamil ediləcək. Bunlardan azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı qərara alınıb. Amnistiya aktına əsasən, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunanlar, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə sayılmayan cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.
Böyük Qələbənin ildönümünü qeyd edən xalqımız üçün bu amnistiya aktı ikiqat sevinclidir. Amnistiyaya düşən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, bundan sonra Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər.
Amnistiya aktı dörd bölmədən ibarətdir: Amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları.
Budəfəki amnistiyanın tətbiq edilən şəxslərin dairəsi isə çox genişdir. İkinci bölmədə qeyd olunur ki, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Bu qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bəndi və 9.2.1- ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir.
Bu qərar qəbul olunduğu gündən qüvvəyə minib. Qərarın 1–7-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmiş şəxslər, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Həmçinin, bu qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir.
Amnistiyanın tətbiqi qaydalarından bəhs edən 4- cü bölmədə qeyd edilir ki, Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət- Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq, aşağıdakı orqanlar tərəfindən tətbiq edilir: cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, icra məmurları, təhqiqat və ya ibtidai istintaq orqanları, məhkəmələr.
Bu qərarın 23.1–23.4-cü bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiyanın tətbiq edilməsi barədə qərarları müvafiq prokurorların razılığı ilə qəbul etməlidirlər.
Artıq xeyli vaxtdır ki, amnistiya aktının icrasına başlanılıb. Bu sənəd minlərlə ailəyə sevinc bəxş edib. Amnistiya aktı bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev insan amilini həmişə yüksək dəyərləndirib. Dövlət başçımızın humanizm prinsiplərinə sadiqliyi, şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanmasında və amnistiya aktlarının qəbulunda özünü bir daha göstərir.
Ramiz ƏLİYEV,
Cəbrayıl rayon prokuroru,
Xalq Qəzeti