Şriftin ölçüsü :
Saytın rəngi :
Ümummilli lider Heydər Əliyevin humanizm siyasətinin əsas qayələrindən biri də cəzaçəkmə sahəsində ədalət prinsipinə riayət olunması idi. Bu siyasətin nəticəsi olaraq təkcə 1995-2003- cü illərdə ulu öndər tərəfindən 32 əfv fərmanı imzalanmışdır ki, bunun nəticəsində 3 mindən artıq şəxs bağışlanaraq azad edilmişdir.
Azərbaycanda ölüm hökmünün icrasının dayandırılması da ümummilli lider Heydər Əliyevin uğurlu addımlarından biri olmuşdur. 1998-ci ildən etibarən ölkəmizdə ölüm hökmü tamamilə ləğv edilərək, respublikamızın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür.
Ölkəmizdə insan hüquq və azadlıqları sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər hər şeydən əvvəl respublikamızın hərtərəfli inkişafı və gələcək perspektivləri üçün zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyevin öz xalqının hüquq və azadlıqlarının qorunmasında əsasını qoyduğu humanizm ənənələrini uğurla davam etdirən Prezident cənab İlham Əliyev hər zaman əfvetmə və amnistiya institutlarının çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin etmiş və cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini inkişaf etdirmişdir.
Amnistiya aktlarının qəbul edilmə təşəbbüsləri ölkəmizdə cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətkarlığın pofilaktikası baxımından, o cümlədən məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib bir amilə çevrilib. Bu təşəbbüs, həmçinin ölkəmizdə ictimaisiyasi sabitliyin qorunmasına da öz töhfəsini verir.
Azərbaycanda həyata keçirilmiş uğurlu siyasət nəticəsində 1995-2021-ci illər ərzində 11 amnistiya aktı qəbul edilmişdir. Həmin aktlardan 4-ü Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-2016-cı illərdə qəbul olunub. Sonuncu amnistiya aktı məlum olduğu kimi, 2016-cı ildə "28 May - Respublika Günü" münasibətilə qəbul olunmuşdur. İndiyə qədər qəbul edilən amnistiya aktları 117 min məhkumu əhatə etmişdir.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi zəfərin birinci ildönümü ilə bağlı bu qələbənin memarı müzəffər Ali Baş Komandan İlham Əliyevin Milli Məclisə təqdim etdiyi yeni amnistiya aktı əvvəlki amnistiyalardan fərqli olaraq, tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə tariximizin, demək olar ki, ən böyük əfv sənədidir. Bu amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə - 8 Noyabr tarixinə həsr olunması və ümumilikdə 15 mindən çox şəxsə şamil edilməsidir.
Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Preambulada 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin işğaldan azad olunmasının Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti vurğulanıb və məhz Zəfər Günü ərəfəsində Vətən müharibəsinin birinci ildönümü ilə bağlı amnistiya təşəbbüsünün zərurəti əsaslandırılıb. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapmışdır. Bu Akt əsasən, Vətən müharibəsində və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olan və ya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumlarına, Vətən müharibəsində və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunan şəxslərə, həmçinin Xocalı soyqırımında əlil olan şəxslərə, həlak olan və ya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumlarına, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslərə, eləcə də həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olan və ya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumlarına tətbiq ediləcəkdir.
Amnistiyanın tətbiqi məsələlərinin həllində Azərbaycan Prokurorluğu da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Belə ki, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən 5 noyabr 2021-ci il tarixdə imzalanmış əmrdə 2020-ci il sentyabr ayının 27-dən etibarən Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda rəşadətli ordumuzun tarixi qələbəsi xüsusilə vurğulanmışdır. Əmrin məqsədi prokurorluğun rəhbər heyəti tərəfindən Qərarın təxirə salınmadan və düzgün icra olunması təmin edilməklə, icra zamanı ortaya çıxan məsələlərin operativ həll edilməsi, prokurorluğun fəaliyyətinin digər orqanlarla, o cümlədən amnistiyanı tətbiq edən müvafiq qurumlarla əlaqələndirilməsi üçün zəruri tədbirlərin görülməsi olmuşdur. Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat qurmaqdır. Onları bağışlamaq, yeni şans vermək isə cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni həyat deməkdir. Sirr deyil ki, Vətən müharibəsindəki qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, dövlətçiliyimizi daha da gücləndirib. Belə bir vaxtda amnistiyanın elan olunması ölkəmizdə həyata keçirilən humanizm siyasətinin göstəricisidir.
Zəfər günü münasibətilə qəbul olunan bu amnistiya aktı minlərlə insana azadlıq, ailələrə sevinc bəxş etmiş oldu. Mərhəmət, xeyirxahlıq, bağışlamaq kimi ən ali keyfiyyətlərə malik olan cənab İlham Əliyevin bu humanist siyasətini xalqımız yüksək qiymətləndirir. Bu da insanların ölkə rəhbərinə olan etimadını daha da artırır. Bu amnistiya aktı Azərbaycan cəmiyyətinin haqq-ədalətə, insan hüquqlarına olan inamını daha da gücləndirəcək, məhkum olunmuş şəxslərdə müsbət motivasiya yaradaraq, onları pis əməllərdən çəkindirəcəkdir.
Raya QƏFƏROVA,
İsmayıllı rayon prokurorunun köməkçisi
Respublika qəzeti