Şriftin ölçüsü :

Saytın rəngi :

Cəzaçəkən şəxslərin həbsdən azad olunması və cəzalarının yüngülləşdirilməsi Qələbə sevincinə yüksək əhval qatdı

10.12.2021

8 noyabr 2021-ci ildə Azərbaycan xalqı yeni tarixinin ən qürurlu, şanlı gününün ildönümünü – Zəfər Gününü qeyd etdi. Bu şanlı Qələbə Prezident-ordu-xalq birliyini, millətimizin sarsılmaz dəyərlərini, əsrlər boyu yaşatdığı milli kimliyini, dərin tarixi kökünü, Vətən sevgisini, öz torpaqlarına bağlılığını ortaya qoydu və qalibiyyət ruhumuzu, milli qürurumuzu özümüzə qaytardı. Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, diplomatik məharəti ilə tarixi torpaqlarımızı mənfur, xain erməni işğalçılarının 30 illik əsarətindən azad etdi və üçrəngli bayrağımız doğma Qarabağımızda, işğaldan azad olunan torpaqlarımızda dalğalandı.

Uğurlu diplomatiya, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılma­sı, həmçinin respublikanın maliyyə imkanlarının genişləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunma­sı və digər istiqamətlərdə aparılan məqsədyönlü siyasət ölkəmizin Vətən müharibəsində şanlı qələbəsini təmin etdi. Dövlət baş­çısı, müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə ictimaiyyətin nümayəndələri ilə görüşündə bildirmişdir: “Şuşanın alınması ilə bağlı əməliyyat tarixdə, bəlkə də, misli görünməmiş qəhrəmanlıqdır. Bu qəhrəmanlığı ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər”. Belə möhtəşəm, qürurlu günün ildönümündə azadlığa çıxacağını səbirsizliklə gözləyən minlərlə məhbusun ailəsinə, doğmalarına qovuşması, cəzaçəkən şəxslərin cəzadan azad olunması və cəzalarının yüngülləşdirilməsi üçün müdrik, humanist qərar xalqımızın sevincinə yüksək əhval qatdı.

Ulu öndər Heydər Əliyevin memarı olduğu dövlətçilik tariximiz çoxlu sayda, hər bir Azərbaycan vətəndaşının ürəyincə olan huma­nist qərarlarla zəngin olmuşdur. Ölkəmizdə insan hüquq və azad­lıqlarının qorunması, eyni zaman­da, cinayət törədən şəxslərin qısa zamanda yenidən cəmiyyətə, ailələrinə qovuşmasının ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə də başlıca humanist prinsip olduğunun şahidiyik. Şəxsiyyət azadlığına humanist münasibətin formalaşdığı respub­likamızda 1995–2013-cü illərdə 32 əfv fərmanı imzalanmış və bu, 3104 məhkuma şamil edilmişdir. Həmçinin 1996–2003-cü illərdə 7 dəfə amnistiya elan edilmişdir. Həmin amnistiya aktları, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirən 77 mindən çox insa­na şamil edilmiş, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Azərbaycanda həm keçmiş sovetlər ittifaqı za­manı, həm də dövlət müstəqilliyini bərpa edəndən sonra Cinayət Məcəlləsində ölüm cəzası nəzərdə tutulmuşdu. Lakin, 1993-cü ilin iyun ayından – ulu öndər Heydər Əliyevin ölkədə rəhbərliyə başlamasından sonra Azərbaycanda ölüm hökmünün icrası dayandırıldı. Sonrakı illərdə bu cəzanın tamamilə ləğv olunma­sı istiqamətində bir sıra addımlar atıldı. Ulu öndərin təşəbbüsü ilə Azərbaycanın o dövrkü Cinayət Məcəlləsində ölüm cəzası ilə əlaqədar olan maddələrə yenidən baxıldı. Bununla bağlı Milli Məclisin qəbul etdiyi qərarlarda 21 maddədən ölüm cəzası götürüldü. 10 fevral 1998-ci ildə Heydər Əliyev humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü tamamilə ləğv edildi. Azərbaycanın adı Şərqdə ilk ola­raq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Bəzi dövlətlərdən fərqli olaraq, Azərbaycan Avro­pa Şurasına tamhüquqlu üzv qəbulundan hələ 3 il öncə ölüm hökmünü ləğv etməklə yüksək humanizm nümayiş etdirdi.

Ulu öndərin humanist siyasətinə uyğun olaraq, möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən müddət ərzində qəbul edilən amnistiya aktları və əfv haqqında sərəncamlara əsasən on minlərlə məhkum azadlığa qovuşaraq onların ailələrinə, doğmalarına sevinc bəxş edilmişdir. Bugünədək Azərbaycanda əfvetmə haqqında 67 qərar qəbul olunmuş, bu da 8774 nəfər məhkuma şamil edil­mişdir. Bugünədək 11 amnistiya aktı qəbul olunmuş və həmin hü­manist qərarlar 117 min 770 şəxsə şamil edilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə, Zəfər Günü ilə bağlı Milli Məclis tərəfindən qəbul olunmuş 5 noyabr 2021-ci il tarixli amnistiya aktı, qəbul olunmuş amnistiyalar sırasında öz əhatə dairəsinə görə ən genişi olmaqla dövlətimizin humanist siyasətinin növbəti nümunəsidir.

Humanizm, xeyirxahlıq, insanlara diqqət və qayğı Heydər Əliyev Fondunun da prioritet vəzifələrindədir. İnamla deyə bilərik ki, ulu öndərin ali ideyala­rına tapınan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Heydər Əliyev Fondu və şəxsən fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasın­da, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var. Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət prinsiplərin möhkəmlənməsinə, milli özünəməxsusluğu şərtləndirən xüsusiyyətlərimizin qorunma­sına, və aztəminatlı ailələrin sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə çalışan Heydər Əliyev Fondu ötən illərdə də bu məqsədlərə xidmət edən strateji əhəmiyyətli layihələri inam­la həyata keçirmişdir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən dörd amnistiya aktı 40 min 412 nəfərə şamil olunmuşdur. Hər bir am­nistiya aktı mühüm olmuş və bu qərarlar nəticəsində çoxlu sayda insanlar azadlığına qovuşmuş, on minlərlə insan bu humanist qərarlardan faydalanmışdır. Eyni zamanda, həmin aktlar dövlətlə vətəndaş arasındakı münasibətlərə çox müsbət təsir etmiş, humanizm duyğularını gücləndirmişdir. Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı ilə köməyə ehtiyacı olan insan­lara daim yardım etməyə çalışır. Mehriban xanım Əliyeva çıxışla­rının birində demişdir: “Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi daim, hər za­man doğrultmağa çalışmışıq. Bu gün azadlıqdan məhrum edilən minlərlə həmvətənlərimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək, həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşmaq prinsiplərində qurulan yeni ömür yolunu vermək deməkdir. Hər bir cinayət törədən insan öz səhvlərini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir”.

Zəfər Günü ilə bağlı Milli Məclis tərəfindən qəbul olunmuş 5 noyabr 2021-ci il tarixli am­nistiya aktının qalib bir dövlətin lideri tərəfindən təşəbbüs oldu­ğu xüsusilə, vurğulanmalıdır. Müharibəyə birbaşa bağlı olan şəxslər, onların yaxınları, Gəncə şəhərinə, Bərdə və Tərtər rayon­larına atılan raketlər nəticəsində ya şəhid olmuş, ya da sağlamlı­ğından məhrum olmuş insanlar da burada diqqətdən kənarda qalmamışdır. Zəfər Günü ilə bağlı qəbul olunmuş amnistiya aktının Penitensiar Xidmət üzrə 5800 nəfərə, Probasiya Xidməti üzrə isə 8800 nəfərə, o cümlədən 70-dək qadın və yeniyetməyə şamil olunması nəzərdə tutulur və hazırda təxirəsalınmadan amnisti­ya aktının tətbiq olunması prosesi həyata keçirilir.

Amnistiya aktının, istintaq altın­da olan şəxslərə bu qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində tətbiq ediləcəyini nəzərə alsaq, bu humanist qərarın daha minlərlə şəxsə tətbiq olunması gözlənilir. Amnistiyanın vaxtında və dürüst icra olunmasının təmin edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən 5 noyabr 2021-ci il tarixli əmr imzalanmış, hazırda amnistiya aktının icrası, prokurorluq və digər aidiyyəti dövlət orqanları tərəfindən təmin edilməkdədir.

Budəfəki amnistiya aktının xüsusi özəlliyi ondan ibarətdir ki, bu humanist qərarın yalnız məhkumlara deyil, eyni zamanda, barələrində cinayət təqibi həyata keçirilən digər şəxslərə də şamil edilməsidir. Əvvəlki illərdə qəbul edilmiş amnistiya aktları ənənəvi olaraq, Xocalı soyqırımında əlil olmuş, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan de­portasiya edilmiş, məcburi köçkün düşmüş , 20 Yanvar faciəsində əlil və ya şəhidlərin yaxın qohumları, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşənlərin yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iş­tirak etmiş, eləcə də, keçmiş SSRİ-nin silahlı qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada onlara bərabər tutulan, həmçinin, bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş , Çernobl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər, qadınlar, cinayət törədərkən yaşı 18-ə çatmamış , habelə I və II dərəcə əlilliyi olan şəxslərə şamil edilirdi.

Hazırki amnistiya aktı­na əsasən isə Zəfər Günü­nün müstəsna əhəmiyyəti və xarakterinə uyğun olaraq, yuxa­rıda göstərilmiş imtiyazlı şəxslər ilə yanaşı Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyü­nün qorunması uğrunda aparılan digər hərbi əməliyyatlarda iştirak etmiş şəxslər, habelə bu hərbi əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, bu müharibədə və döyüşlərdə iştirakla əlaqədar orden və medallarla təltif olun­muş şəxslər, Vətən müharibəsi və bundan əvvəlki dövrdə mülki əhaliyə qarşı erməni hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları da amnistiyanın təsiri altına düşmüşdür.

Beləliklə, ölkəmizdə amnisti­yanın tətbiq olunması xalqımız və cəmiyyətimiz tərəfindən alqışla­nan dəyərli ənənəyə çevrilmiş, humanizm təşəbbüsləri ölkəmizdə cinayət hüquq siyasətinin libe­rallaşdırılmasına, məhkumların sayının azaldılmasına gətirib çıxa­ran vacib amilə çevrilmişdir. Belə təşəbbüslər həmçinin ölkəmizdə ictimaiyyətin xoş ovqatının daha da yüksəlməsinə öz töhfəsini verir.

Nəsif NƏCƏFOV,

Neftçala rayon prokuroru, ədliyyə müşaviri

Xalq qəzeti

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.